“Mədəniyyət körpüləri birləşdirir”

 

 

Noyabrın 25-də Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) əsas binasının akt zalında “Mədəniyyət körpüləri birləşdirir” Azərbaycan-Ukrayna-Türkmənistan mədəni-maarifçilik tədbiri keçirilib. Azərbaycan və Türkmənistanın Ukraynadakı səfirliklərinin təşkil etdikləri tədbiri universitetinin prorektoru, professor Pyotr Bex açaraq birgə layihə təşəbbüsünə görə minnətdarlığını bildirib.

Ökəmizin Ukraynadakı səfiri Eynulla Mədətli qeyd edib ki, Azərbaycan, Ukrayna və Türkmənistanın xalqları arasında çoxəsrlik dostluq əlaqələri var. Azərbaycanda Ukrayna xalqının azadlığının böyük tərənnümçüsü Taras Şevçenkonun irsinə necə ehtiram göstərilməsi buna parlaq misaldır. Diplomat çıxışında Türkmənistan poeziyasının klassiki Mahtumkulunun əsərindən türkmən dilində əzbər misralar söyləyib.

Türkmənistan səfiri Nurberdi Amanmuradov mədəniyyət körpüsünün keçirilməsi təşəbbüsünə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib, ölkələrimiz arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıb.

Sonra Azərbaycan, Ukrayna və Türkmənistanın dövlət bayraqları ilə bəzədilmiş səhnədə hər üç ölkənin musiqi və rəqs nümunələrindən ibarət konsert proqramı təqdim olunub. Dostluq və incəsənət bayramı “Yallı” rəqsinin ifası ilə başa çatıb.

 

 

 

 

Mədəniyyət. - 2013. - 29 noyabr. - S.10.