“Qarabağa səfər etməyi böyük səbirsizliklə gözləyirik”

 

Borut Meguşar: “Azərbaycanda uzun müddət olmağım mənə demək olar ki, bütün regionlara səyahət etmək imkanı yaradıb”

 

Sloveniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan (27 dekabr 1991) ilk ölkələrdən biridir. İki ölkə arasında diplomatik əlaqələr nisbətən gec, 1996-cı il fevralın 20-də qurulub. 2004-cü ilin fevralında Sloveniyanın ölkəmizdə konsulluğu açılıb. Azərbaycanın Sloveniya Respublikasında səfirliyi isə 2012-ci ildə fəaliyyətə başlayıb. 2006 və 2011-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyev dost ölkəyə, 2009-cu ildə isə Sloveniya Prezidenti Danilo Türk Azərbaycana səfər edib. Son illərdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində münasibətlər inkişaf etməkdədir.

 

2004-cü ildən Sloveniyanın Azərbaycanda fəxri konsulu olan Borut Meguşarla müsahibəmizdə ölkələrarası əlaqələrin bir sıra məqamlarına toxunduq.

- Azərbaycanla Sloveniya arasında münasibətlərin səviyyəsini necə dəyərləndirirsiniz? Sizcə, iki ölkənin əməkdaşlığında prioritet təşkil edən sahələr hansılardır?

- Sloveniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin səviyyəsini bütövlükdə çox yüksək hesab etmək olar. Hazırda Azərbaycan-Sloveniya siyasi münasibətləri yüksələn xətlə davam edir, bu münasibətlər hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslanır. Hazırda informasiya-kommunikasiya texnologiyaları, turizm, logistika, əczaçılıq, emals. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Turizm sahəsində əməkdaşlığımız son illər xüsusilə inkişaf etməkdədir. Düşünürəm ki, ölkələrimizin potensiala malik olduğu başqa istiqamətlərdə də geniş işbirliyi qurmaq vacibdir.

- İki ölkənin mədəni əlaqələri haqqında nə deyə bilərsiniz?

- Mədəniyyətlə bağlı əməkdaşlıq bizim prioritet önəm verdiyimiz məqamlardan biridir. Bu istiqamətdə isə daha böyük cəhdlər etmək lazımdır. Ümumiyyətlə, mədəniyyətlərarası dialoq Azərbaycanın Avropa cəmiyyətinə inteqrasiyası baxımından mühüm rol oynayır. Biz Azərbaycanın bu yöndə təşəbbüslərini müsbət qiymətləndiririk. Onu da deyim ki, Sloveniya 2011-ci ildə Bakıda keçirilən I Dünya Mədəniyyətlərarası Dialoq Forumunda mədəniyyət naziri səviyyəsində təmsil olunub.

- Ölkələrimizi bir-birinə yaxınlaşdıran amillərdən biri də əfsanəvi partizan, II Dünya müharibəsində Sloveniyada müqavimət hərəkatında qəhrəmanlıq göstərmiş Mehdi Hüseynzadənin adı ilə bağlıdır. Maraqlıdır, Sloveniyada Azərbaycanın bu igid oğlunu və ümumilikdə ölkəmizi nə dərəcədə tanıyırlar?

- Bəli, siz haqlısınız. Mehdi Hüseynzadə, hətta belə demək mümkünsə, ikitərəfli mədəni əməkdaşlıq sahəsində əlaqələndirici zəncirdir. Mən şəxsən Sloveniyada qəhrəman Mixaylonun abidəsinin açılışında aktiv iştirak etmişəm. Onun adının əbədiləşdirilməsi ilə bağlı işlər davam edir, bununla bağlı mənim də ölkəmizin məsul qurumları ilə görüşlərim olub. Bu yaxınlarda Sloveniyanın Nova Qoritsa şəhəri yaxınlığında Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışı olacaq. Dekabrın 22-də Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək. Təəssüf ki, Sloveniya əhalisinin az hissəsi Mixaylonun azərbaycanlı olması və ümumilikdə Azərbaycan xalqı haqqında məlumata malikdir. Ümid edirəm ki, keçirilən tədbirlər nəticəsində yerli əhali əfsanəvi partizanı daha yaxından tanıya biləcək.

- Bayaq mədəniyyətlərarası dialoq məsələsinə toxundunuz. Hazırda dünyada münaqişələri həll etmək üçün mədəniyyətlərin, sivilizasiyaların dialoquna önəm verilir. Bu baxımdan Sloveniyada məscid tikilməsi təşəbbüsünün ortaya çıxmasını necə dəyərləndirirsiniz?

- Bu gün sivilizasiyalararası ziddiyyətlərdən çox danışırlar. Amma mən düşünürəm ki, hazırda dünyada ciddi şəkildə Qərb-Şərq qarşıdurmasından danışmaq düzgün olmazdı. Bu gün daha çox gündəmdə olan ərəb ölkələrindəki toqquşmalar da vətəndaş müharibələridir. Yəni burda konfessiyalararası qarşıdurmadan söhbət gedə bilməz. Sloveniyada məscidin tikilməsi İslam dininə, ölkəmizdə yaşayan müsəlmanlara bir hörmət nümunəsidir. Ölkəmizin müsəlman əhalisi digərləri ilə bərabər hüquqlara malikdirlər və ona görə də Sloveniyada məscidin tikilməsi normaldır.

- Cənab Meguşar, ölkəmizə gələnə qədər onun tarixi, mədəniyyəti haqqında nələri bilirdiniz? Ötən müddətdə sizdə hansı təəssürat formalaşıb?

- Azərbaycana ilk dəfə 90-cı illərin əvvəllərində gəlmişəm. Azərbaycan haqqında yalnız onu bilirdim ki, keçmiş Sovet İttifaqına daxil olan respublikalardan biridirneft ölkəsidir. Lakin ölkənizin tarixi və mədəniyyəti barədə məlumatlı deyildim. Burada insanlarla ünsiyyətdə olduğum gündən başa düşmüşəm ki, azərbaycanlılar çox qonaqpərvər, mehribandırlar. Zaman-zaman Azərbaycanın tarixində ağır dövrlərin olmasına baxmayaraq, ölkə əhalisi öz mədəni dəyərlərini, adət-ənənələrini qoruyub-saxlayıb, daim ona sadiq olublar. Bu gün isə məni sözün yaxşı mənasında ən çox təsirləndirən odur ki, azərbaycanlılarla tanışlığım zamanı yaranan ilk təəssüratlarım özünü doğrultdu. Mən tez-tez ölkənin rayonlarına səyahət edirəm. Bilirəm ki, Azərbaycan bütövlükdə zəngin və qədim mədəniyyətə malikdir.

- Hazırda iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biriturizmdir. Bu əlaqələrin genişləndirilməsi üçün nə etmək lazımdır?

- Əgər “Reklam ticarətin hərəkətvericisidir” məşhur ifadəsini yenidən yazsaq, mən belə deyərdim - “İnformasiya turizm sahəsində müvəffəqiyyətin açarıdır”. Nəticəni siz özünüz çıxarın. Hələ 5-6 il öncəyədək çox az sayda azərbaycanlı turist Sloveniya ilə tanış idi. İndi isə Sloveniyaya səfər edən azərbaycanlı turistlərin sayı getdikcə artır. Sloveniya kurortları azərbaycanlıların sevimli istirahət məkanlarına çevrilir. Əlbəttə, iqtisadi inkişafla bərabər, biz ölkəmizin təbiətini toxunulmaz və təmiz saxlamağa müvəffəq olmuşuq. Bu sahədəki təcrübəmizi bütün dostlarımızla paylaşmağa hazırıq. Bu dostlarımızdan biri də Azərbaycandır. Öz növbəsində Sloveniyanın turizm təmsilçiləri Azərbaycan ilə sıx əməkdaşlıqda maraqlıdırlar.

- Azərbaycanlı turistləri kurortlardan başqa Sloveniya turizminin hansı özəllikləri özünə cəlb edə bilər?

- 2 milyon əhalisi olan Sloveniya təbii gözəlliyi və zəngin tarixi abidələri ilə Avropada ən maraqlı turizm məkanlarından biridir. Bu ölkənin təbiəti il ərzində müxtəlif növlərdə turizm fəaliyyətinə imkan verir. Ölkəmizə gələn turistlər səhər dağda xizək sürə, günorta Adriatik dənizinin sahilində, axşam isə təbiətin gözəlliklərindən zövq alaraq hər hansı bir turizm mərkəzində mənalı istirahət edə bilərlər. Qışda dağ-xizək turizmi, yazda və payızda ölkə üzrə piyada turlar, yayda isə çimərlik turizmi üzrə ixtisaslaşmış istirahət mərkəzlərimiz var. Ölkəmizdəki çoxlu sayda termal və müalicəvi kurortlar ikitərəfli turizm əlaqələri üçün geniş imkanlar açır. Müalicə mərkəzlərimizdəki qiymətlər Avropanın tanınmış kurortlarından da ucuzdur. Sloveniya il ərzində 1 milyondan çox turist qəbul edir. Onların təxminən dörddə biri müalicə məqsədilə gəlir. Dediyim kimi, Azərbaycan turistlərinin də Sloveniyaya marağı ilbəil artır. Eyni zamanda Azərbaycan, paytaxt Bakı, regionlarınız da xarici turistlər üçün maraqlıdır. Bu baxımdan Azərbaycan da sloveniyalılar üçün maraqlı turizm məkanı ola bilər. Düşünürəm ki, həm tibb müəssisələri ilə, həm də turizm şirkətləri ilə əməkdaşlığı daha yüksək səviyyədə qurmağımız hər iki tərəf üçün sərfəli olacaq.

- Yeri gəlmişkən, burada olduğunuz müddətdə Azərbaycanın tarixi, görməli yerlərinə baş çəkmək imkanınız olubmu?

- Qeyd etdiyim kimi, Azərbaycanın regionlarına tez-tez səfər edirəm. Burada uzun müddət olmağım mənə demək olar ki, bütün regionlara səyahət etmək imkanı yaradıb. Sizin gözəl diyarınız olan Qarabağa səfər etməyi böyük səbirsizliklə gözləyirik. Əminəm ki, o gün uzaqda deyil.

 

 

Mehparə

 

Mədəniyyət. - 2013. - 29 noyabr. - S.7.