Ölkəmiz UNESCO Hökumətlərarası Komitəsinin sessiyasına ev sahibliyi edəcək

 

Beynəlxalq tədbirə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib

 

Xəbər verdiyimiz kimi, dekabrın 1-dən 8-dək Bakıda UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyası keçiriləcək. Ölkəmiz ilk dəfə UNESCO-nun belə mötəbər tədbirinə ev sahibliyi edəcək.

Noyabrın 19-da Hökumətlərarası Komitənin sessiyasına hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyində iclas keçirildi. İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər respublikamızın beynəlxalq təşkilatlarla, dünyanın nüfuzlu qurumları ilə geniş əlaqələri yaranıb. Bu əməkdaşlığın əsasında Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət dayanır: “Azərbaycanda keçirilən silsilə tədbirlər ölkəmizi dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq mərkəzinə çevirib. Bu fikri cənab Prezident də dəfələrlə öz çıxışlarında vurğulayıb. Xüsusilə qeyd etməliyəm ki, son bir neçə ildə Heydər Əliyev Fondu tərəfindən bu əlaqələr məhz UNESCO çərçivəsində daha geniş vüsət alıb. Ölkəmizdə bir neçə dəfə UNESCO xətti ilə çox vacibnüfuzlu tədbirlər keçirilib. Bu tədbirlər Azərbaycanın dünyada getdikcə artan nüfuzuna bariz nümunədir. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyası öz miqyası, əhəmiyyəti ilə seçilən tədbirlərdən biridir”.

Qeyd olundu ki, Azərbaycanın sədrliyi ilə Bakıda Hökumətlərarası Komitənin sessiyası ilə yanaşı, “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”nın 10 illik yubileyiqeyd ediləcək. Bildirildi ki, sessiyaya hazırlıqlara dair müvafiq sənədlər bir neçə ay öncədən imzalanıb və müvafiq işlər görülüb: “Ölkəmiz bir neçə dəfə irimiqyaslı tədbirlərə ev sahibliyi edib və əminliklə deyə bilərik ki, bu sessiya da Azərbaycanda keçirilən növbəti uğurlu tədbirlər sırasında yer alacaq. Hazırlıqla bağlı bütün nüanslar nəzərə alınıb. Sessiya tamamilə yeni texniki şəraitdə həyata keçiriləcək. İclaslar canlı olaraq internet vasitəsilə bütün dünyaya yayımlanacaq. Bu metod ilk dəfədir ki, həyata keçirilir”.

Nazir bildirdi ki, təşkilat komitəsi yığışaraq tədbirlə bağlı məsələləri müzakirə edib. Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və digər dövlət qurumları hazırlıq işlərinin görülməsinə cəlb edilib. Sessiyada iştirak üçün 110-dək ölkənin, 100-dən çox qeyri-hökumət təşkilatının nümayəndəsi - ümumilikdə 650-dən artıq nümayəndə qeydiyyatdan keçib. Qonaqların yerləşdirilməsi ilə bağlı hotellərin yüksək səviyyədə hazırlanması, lazımi xidmətlərin təmin edilməsi və s. məsələlərə ciddi nəzarət edilməlidir. Bildirildi ki, “Marriott Abşeron” mehmanxanası 7 gün ərzində bütünlüklə sessiyanın keçirilməsinə xidmət edəcək. Buna görə də işçi qrupu hoteldə fasiləsiz rejimini təmin etməlidir.

Sessiyada müzakirə ediləcək mövzulara toxunan nazir qeyd etdi ki, Hökumətlərarası Komitənin bundan əvvəlki toplantılarında Azərbaycan tərəfi müxtəlif nümunələrlə bağlı faylları təqdim edərək onların dünyanın qeyri-maddi mədəni irs siyahısına salınmasına nail olub. Bu sıraya muğam sənəti, aşıq sənəti, xalçaçılıq, Novruz bayramı və tar ifaçılığı sənəti daxildir: “Bu, ölkəmizin nüfuzu, bizi dünyada tanıdan mədəni amillərdən biridir. Bakıda keçiriləcək sessiyada da müxtəlif ölkələr öz fayllarını təqdim edəcəklər. Komitənin 24 üzvü həmin siyahıya təqdim ediləcək faylların müzakirəsini aparacaq. Bu müzakirələr nəticəsində hansı faylın təsdiq edilməsi ilə bağlı qərarlar qəbul ediləcək. Təqdim edilmiş fayllarla bağlı internetdə geniş məlumatlar verilib. Bu müzakirələr çətin bir prosesdir”.

Bildirildi ki, sessiyanın gündəliyində duran məsələlərdən biri də təhlükə altında olan qeyri-maddi mədəni irs nümunələridir. Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salınması vacib olan fayllarla yanaşı, təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısına təklif olunan fayllar da müzakirə olunacaq.

Nazir qeyd etdi ki, son illər dünyada qeyri-maddi mədəni irsə verilən önəm artmaqdadır. Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası 195 ölkədən 155-nin dəstəyi ilə qəbul edilibonun 10 illik yubileyinin Bakı sessiyasına təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır. Konvensiyanın qəbulu mədəni müxtəlifliyin təşviqində beynəlxalq strategiyaların inkişaf etdirilməsində əsas mərhələ olub. Beynəlxalq ictimaiyyət ilk dəfə olaraq mədəni təzahür və ifadələrin qorunması ehtiyaclarını bu konvensiya vasitəsilə tanıyıb.

Daha sonra nazir iclas iştirakçılarını nəzərdə tutulan tədbirin gündəliyi ilə tanış etdi. Bildirildi ki, beynəlxalq tədbirlə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi mədəni proqram tərtib edilib: “Məqsədimiz bu tədbirə paralel olaraq Azərbaycanın mədəniyyətini təbliğ etmək, nümayəndə heyətlərinin ölkəmizin görməli yerləri ilə tanış olmasını, muzeylərə, digər mədəniyyət ocaqlarına baş çəkməsini, konsert proqramında iştiraklarını təmin etməkdən ibarətdir. Mədəni proqram vasitəsilə Azərbaycanın rəngarəng mədəniyyət palitrasını qonaqlara təqdim edəcəyik”.

Mədəni proqrama Konvensiyanın 10 illiyinə həsr edilmiş təntənəli açılış mərasimi ilə start veriləcək. Bu mərasim Heydər Əliyev Sarayında baş tutacaq. Daha sonra bir həftə ərzində hər axşam qonaqlara zəngin konsert proqramı təqdim ediləcək. Bundan əlavə, qonaqların Heydər Əliyev Mərkəzi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Milli İncəsənət Muzeyi, İçərişəhər və digər görməli yerlərə səyahəti planlaşdırılıb. Qonaqlar Bakıda yeni inşa olunan Xalça Muzeyi ilə də tanış olacaqlar.

Nazir iclasın sonunda bir daha vurğuladı ki, UNESCO-nun bu mötəbər tədbiri Azərbaycanın zəngin mədəni irsininturizm imkanlarının təbliğ olunması və ölkəmizə marağın artırılması baxımından olduqca əhəmiyyətli hadisədir.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 20 noyabr.- S. 3.