Heydər Əliyev Mərkəzində Tahir Salahovun fərdi sərgisi

 

   Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun “Əsrlərin qovşağında” adlı fərdi sərgisi açılıb.

   Ekspozisiyada məşhur fırça ustasının müxtəlif illərdə çəkdiyi rəsmlər, həmçinin xalça üzərində əsərləri nümayiş etdirilir. Onların sırasında ulu öndər Heydər Əliyevin portreti, görkəmli musiqiçilər Qara Qarayev, Dmitri ŞostakoviçMistislav Rostropoviçin portretləri, məşhur tabloları var.

   Mədəniyyət xadimlərinin, hökumət və dövlət nümayəndələrinin iştirak etdiyi sərgidə çıxış edən Xalq rəssamı Ömər Eldarov Tahir Salahovun yaradıcılığı, əsərləri haqqında fikirlərini bildirib: “Tahirin üslubu bir məktəbdir. O, öz əsərləri ilə Azərbaycan rəssamlığında yeni bir mərhələ yaratdı. Tahir Salahovu bu sərgi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram”.

   Tahir Salahov çıxışında sərginin təşkilatçılarına minnətdarlığını bildirib. Onun sözlərinə görə, fərdi sərgidə son illərdə çəkdiyi və ilk dəfə Heydər Əliyev Mərkəzində nümayiş olunan rəsm əsərləri də var.

   Qeyd edək ki, sərgi Tahir Salahovun 85 illik yubileyi münasibətilə təşkil edilib və Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları ilə bağlı həyata keçirdiyi ilk layihədir. Sərgi noyabrın 6-dək davam edəcək.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 2.