ZaqataladaAvropa irs günləri”

 

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Avropa irs günləri” layihəsi ölkəmizdə ilk dəfə olaraq təntənəli şəkildə qeyd olunub. Sentyabrın 27-də başlanan tədbirlər Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edib.  

   Sentyabrın 29-da Zaqatala rayon Mədəniyyət evinin qarşısındakı meydandaAvropa irs günləri” layihəsinə həsr olunmuş bayram şənliyi keçirilib.

   Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, layihənin iştirakçısı olan rayonların mədəniyyət və turizm şöbələri nümayəndələrinin, şəhər sakinlərinin iştirak etdikləri şənlikdə yaradıcı kollektivlər maraqlı konsert proqramı ilə çıxış ediblər.

   Şəki incəsənət məktəbinin xor, Zaqatala rayon Mədəniyyət evinin rəqs, Qax rayon incəsənət məktəbinin rəqs, həmçinin Balakən rayonunun “Nənələr” və “Cahanfolklor kollektivlərinin çıxışları iştirakçılarda xoş ovqat yaradıb. Layihə çərçivəsində bu rayonlarda keçirilmiş rəsm müsabiqələrində qalib gəlmiş balaca rəssamların əl işlərindən ibarət sərgi də maraqla qarşılanıb.

   Daha sonra tədbir şəhərin yenidən qurulmuş Dədə Qorqud meydanında davam edib. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yeganə Axundova çıxış edərək “Avropa irs günləri” layihəsi və bu çərçivədə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

   Bildirilib ki, Avropa Şurası və Avropa İttifaqı tərəfindən ümumavropa bayramı elan edilən bu əlamətdar gün qitənin bütün ölkələrində təntənə ilə qeyd olunur. Hər il sentyabrın sonunda Avropa Mədəniyyət Konvensiyasını imzalamış 50 ölkədə minlərlə abidə və tarixi ərazidə pulsuz giriş elan olunur, sakinlərin iştirakı ilə folklor gecələri, etnoqrafik şənliklər keçirilir. 1985-ci ildə əsası qoyulmuş layihənin bu ildən etibarən ənənəvi olaraq ölkəmizdə də keçirilməsi nəzərdə tutulub.

   Bayram tədbirinin sonunda Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri maraqlı konsert proqramı ilə çıxış edib.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 5.