Turizm sektoru peşə bayramını qeyd etdi

 

Əbülfəs Qarayev: Azərbaycan rəhbərliyinin turizmin inkişafına göstərdiyi diqqət, bu sahənin qeyri-neft sektorunun güclü bir sənayesinə çevrilməsi istiqamətində həyata keçirdiyi siyasət beynəlxalq qurumlar tərəfindən təqdir edilir

27 sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də qeyd edildi. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Fairmont Baku hotelində konfrans keçirildi. Tədbirdən öncə nazirliyin kollektiviturizm sektorunun təmsilçiləri Fəxri xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üstünə tər güllər düzüldü.

Turizm işçilərinin beynəlxalq peşə bayramına həsr olunmuş konfransı nazirliyin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov açaraq, bu günün dünyanın 150-dən çox ölkəsində qeyd edildiyini diqqətə çatdırdı. Bildirildi ki, Azərbaycanda da Dünya Turizm Günü çeşidli tədbirlərlə yadda qalır.

Sonra BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifainin əlamətdar gün münasibətilə videomüraciəti təqdim olundu. Müraciətdə Dünya Turizm Gününün bu il Turizmsu resursları: ümumi gələcəyimizin qorunması şüarı altında qeyd edildiyini diqqətə çatdırılır, su ehtiyatlarının qorunmasına dair keçirilən beynəlxalq tədbirlərə turizmin verə biləcəyi töhfələrdən söz açılırdı: Milyonlarla insan müxtəlif ölkələrə səfər edərək su ehtiyatlarına daha yaxın yerlərdə dincəlməyə üstünlük verir. Bu da onu göstərir ki, su ən dəyərli təbii ehtiyatlarımızdan biridir. Turizm sektoru bu sahədə aparıcı rol oynamalıdır ki, müxtəlif şirkətlər və ölkələr daha məqbul su idarəetmə sistemi tətbiq etsin. Turizm həm yerli, həm də beynəlxalq səviyyədə suyun qorunmasından daha çox faydalana bilər. Əgər biz təbii su resurslarının qorunmasını təmin etməsək, bu, ekoloji sistemdə dəhşət fəsadlar törədə bilər. Su bizim həyatımızın əsas mənbəyidir. Ona görə də, gəlin, ümumi gələcəyimizi qoruyaq.

Ölkəmiz dünya turizmində öz sözünü deyir

Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu gün Azərbaycan Dünya Turizm Təşkilatının fəal üzvlərindən biridir və ölkəmizdə turizmlə bağlı hər hansı tədbir, layihə həyata keçirilirsə, beynəlxalq birliyinnüfuzlu qurumların diqqət mərkəzində olur: 2001-ci ildə Gənclər, İdmanTurizm Nazirliyi yaradıldıqda ulu öndər Heydər Əliyevin təqdimat məktubu ilə ölkəmiz Dünya Turizm Təşkilatının üzvlüyünə qəbul edildi. O vaxta qədər dünya turizmində baş verən proseslər Azərbaycandan yan keçirdi, ölkəmiz bu sahədə beynəlxalq layihələrdə iştirak etmirdi. Ümummilli liderin diqqət və qayğısı sayəsində ölkəmizin dünya turizminə inteqrasiyası başlandı, Turizm haqqında qanun qəbul olundu, sahənin inkişafı ilə bağlı tədbirlər həyata keçirildi. Sonrakı illərdə möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan turizm sahəsində sürətli inkişafa nail oldu, beynəlxalq miqyasda nüfuzu artdı.

Bu günlərdə Dünya Turizm Təşkilatının Zambiyanın Livinqston şəhərində keçirilən 20-ci Baş Assambleyasında ölkəmiz qurumun İcraiyyə Şurasına qəbul olundu. Azərbaycan Avropa qitəsindən quruma üzv seçilən 4 ölkə sırasında (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) 25 səslə birinci oldu. Həmçinin Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ildə növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olundu. Dünyada elə bir ölkə yoxdur ki, Dünya Turizm Təşkilatına üzv olmasından ötən cəmi 12 il ərzində qurumda bu qədər yüksək hörmət qazanmış olsun. Bu onun göstəricisidir ki, Azərbaycanda turizmin inkişaf konsepsiyası, onun istiqaməti, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət, turizmin qeyri-neft sektorunun güclü bir sənayesinə çevrilməsi istiqamətində həyata keçirilən siyasət beynəlxalq qurumlar tərəfindən də izlənir və təqdir olunur. Biz bu gün fərəhlə deyə bilərik ki, Azərbaycan Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvü kimi növbəti dörd ildə dünyada turizm proseslərində öz sözünü deyə, nüfuz və təsirini göstərə biləcək.

Nazir çıxışında onu da diqqətə çatdırdı ki, bu ilədək ölkəmizdən üç təşkilat (Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm İnstitutu) DTT-də qoşulmuş üzv (Affiliate Member) kimi təmsil olunurdu. Bu il Azərbaycandan daha 17 turizm qurumu DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Dünya Turizm Təşkilatına qoşulmuş üzvlər Şurasının Avropa üzrə vitse-prezidentidir: Dünya Turizm Təşkilatına assosiativ üzv olmaq böyük işdir. Bunun üçün müxtəlif mərhələlərdən keçmək, bu qurumun tələblərinə cavab vermək lazımdır. Bu gün assosiativ üzvlərinin sayına görə Dünya Turizm Təşkilatında birinci yeri İspaniya, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Braziliya tutur. Bu o deməkdir ki, Azərbaycan artıq bu sahədə öz sözünü deyir və ölkəmizin turizmi quruma üzv olan ölkələrdə kifayət qədər geniş təbliğ oluna biləcək.

Artan inkişaf tempi

Ölkədə turizmin inkişaf göstəricilərindən danışan nazir qeyd etdi ki, bu ilin 6 ayının nəticələrinə görə, dünyada turist sayı 3-4 faiz, Azərbaycanda isə 9,9 faiz artıb: Bu, rəqəmlə 1 milyon 196 min nəfərdir. 5 il bundan əvvəl ölkəmizə bir il ərzində cəmi bu qədər turist gəlirdi. 2001-ci ildə isə 436 min insan gəlmişdi.

Azərbaycanda daxili turizmin inkişaf tempi də sürətlə artır. Cənab Prezident bölgələrə hər səfərində yeni infrastruktur obyektlərinin, yolların, hotel və istirahət mərkəzlərinin açılışında iştirak edir.

Dünya Turizm Gününün bu il Turizmsu resursları: ümumi gələcəyimizin qorunması şüarı altında qeyd edildiyini xatırladan nazir son illər ərzində Azərbaycanın rayonlarının, Bakı şəhərinin su ilə təmin olunması istiqamətində böyük layihələr həyata keçirildiyini bildirdi: Bunun özü həm də turizm infrastrukturunun qurulması istiqamətində görülən işlərdir.

Əbülfəs Qarayev yay mövsümü ilə bağlı nazirlik tərəfindən həyata keçirilən monitorinqlərin nəticələrindən də danışdı. Qeyd olundu ki, bu il ilk dəfə daha mütəşəkkil şəkildə, beynəlxalq ekspertlərin tövsiyələri əsasında xüsusi bir monitorinq həyata keçirilib: Nəticələr onu göstərir ki, bəzi hotellərin sahibləri əfsuslar olsun ki, kifayət qədər məsuliyyətlə öz işlərini görmür. Ona görə də 4 hotelin lisenziyası dayandırıldı, 40-a qədər hotelə isə xəbərdarlıq məktubu göndərildi. Hesab edirəm ki, bu tədbirlər zəruridir. Çünki özümüzə tələbkar olmasaq, heç bir uğur əldə edə bilmərik.

Azərbaycanda hazırda 516 hotel fəaliyyət göstərir. Yaz mövsümü zamanı həftəsonu bütün hotellər müştəri ilə dolur. Onlarda xidmətin keyfiyyəti yüksək olmalıdır. Onda daha çox müştəri əldə edərlər. Bu ildən ölkə başçısının sərəncamı ilə Azərbaycana gələn turistlərə elektron vizanın verilməsinə başlanıb. Bu işi 30 turizm şirkəti həyata keçirir. İlin sonunda bu siyahıya yenidən baxılacaq. Bu il həmçinin Azərbaycanda Konqres Bürosu yaradıldı. Bu qurum ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin təşkilini koordinasiya edəcək, miqyasını genişləndirəcək.

Nazir bildirdi ki, Azərbaycanda artıq üç böyük turizm zonası formalaşıb: Qəbələ, QusarNaftalan. Bu zonalar ətraf rayonları da əhatə edir: Dünya Turizm Təşkilatı Lənkəran-Masallı, Gədəbəy-Şəmkir və Aran zonasında turizmin inkişafı ilə bağlı xüsusi proqramlar hazırlayıb tətbiq edəcək. Naxçıvan istiqamətində də belə bir proqram mövcuddur. İşğal olunmuş rayonlarımızı da unutmaq olmaz. Çünki bu rayonların turizm baxımından olduqca böyük perspektivləri var. Əminəm ki, ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində tezliklə işğal altındakı rayonlarımız azad ediləcək və bu torpaqlarda quruculuq işləri başlanacaq.

Bir sözlə, bu gün Azərbaycan turizmi uğurlu inkişaf yolundadır. Mən bu bayram münasibətilə bütün turizm ictimaiyyətini ürəkdən təbrik edirəm.

Nailiyyətlərlə yanaşı problemlər də var

Sonra Azərbaycan Respublikası Prezidentinin 10 illik fəaliyyəti zamanı turizmə göstərdiyi qayğı mövzusunda Azerbaijan review jurnalının təqdimatı keçirildi. Jurnalın son nömrəsində dərc edilmiş məqalələr barədə konfrans iştirakçılarına ətraflı məlumat verildi.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin çıxışı isə ölkəmizdə turizmin inkişaf istiqamətində son bir il ərzində görülən işlərə həsr olunmuşdu. Aydın İsmiyev bölgələrdə fəaliyyət göstərən turizm obyektlərində Mədəniyyət və Turizm, İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqin nəticələri barədə məlumat verdi. Onun sözlərinə görə, monitorinq ölkənin 38 rayonunu əhatə edib: Bu rayonlarda ümumi vəziyyəti qənaətbəxş hesab etmək olar. Lakin yay mövsümü öncəsi marketinqreklam işinin düzgün qurulmaması obyektlərdə illik dolum səviyyəsini xeyli aşağı (təqribən 30%) salır. 2011 və 2012-ci illərdə regionlardakı mehmanxanalarda təqdim olunan qiymətlərdə nisbətən enmə müşahidə olmuşdu, bu mövsüm isə qiymətlər ötən illə eyni səviyyədə qalıb.

Şöbə müdiri bir sıra obyektlərdə nöqsanların aşkar edildiyini, onların haqqında qanuna müvafiq olaraq tədbirlər görüldüyünü də diqqətə çatdırdı.

Turizm imkanlarımız dünya mediasında

Şöbə müdiri nazirlik tərəfindən ölkə turizminin təbliği istiqamətində görülən işlər, o cümlədən beynəlxalq turizm sərgilərində iştirak, müxtəlif ölkələrin turizm təmsilçilərinin ölkəmizə səfərləri, xarici telekanallarda Azərbaycan haqqında reklam roliklərinin nümayişis. haqqında danışdı.

Bildirildi ki, il ərzində Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının MTV televiziyasının, Türkiyənin Beyaz TV və World Travel Channel televiziyalarının, Yaponiyada fəaliyyət göstərən İSHİİ qardaşları şirkətinin, Belçikanın Glocal Communications SPRL şirkətinin nümayəndələri üçün ölkəmizə pressturlar təşkil edilib.

Həmçinin Şahdağ Qış-Yay Turizm Kompleksi barədə filmin hazırlanması üçün nazirliyin dəvəti ilə ABŞ-ın Orion Strategies şirkəti tərəfindən ölkəmizdə çəkilişlər aparılıb.

Bu dövrdə Almaniyanın, Avstriyanın, Küveytin, İtaliyanın, Rusiyanın və Ukraynanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizə infoturlar təşkil olunub. Cari ildə Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxları CNN, Euronews, TV5 Monde, France 24, TV Berlin kimi nüfuzlu kanallarla yanaşı, Rusiya telekanallarında da nümayiş etdirilib.

Kadr hazırlığı diqqət mərkəzindədir

Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov təhsil ocağının əldə etdiyi uğurlardan, görülən işlərdən danışdı. Bildirdi ki, ATİ-də hazırda 11 ixtisas üzrə bakalavr proqramında 1710, 15 ixtisas üzrə magistraturada 143, üç ixtisas üzrə ikinci ali təhsildə 18, doktoranturada 38, ATİ-nin nəzdindəki peşə məktəbində 12 ixtisas üzrə 500 şagird təhsil alır: ATİ-də 2008-ci ildən sertifikat proqramları həyata keçirən Təlim Mərkəzi fəaliyyət göstərir. Bu proqramları indiyədək turizm bələdçisi ixtisası üzrə 33, hotellərdə ön büro proqramı üzrə 56 və turoperatorturagent ixtisası üzrə 42 nəfər bitirib. 2010-cu ildə ilk məzun buraxılışını keçirən ATİ-ni ötən müddətdə 12-si magistr olmaqla, 725 nəfər bitirib. Onlardan 72 nəfəri ATİ ilə yanaşı Avstriyanın Krems Universitetinindiplomuna sahib oldu. Məzunlar öz təşkilatlarını - ATİ-nin Məzunları Cəmiyyətini yaradıblar və öz fəaliyyətlərini quran zaman bizimlə əməkdaşlığı da unutmurlar. Bu gün məzunlarımızı ölkəmizdəki əksər turizm müəssisələrində görə bilərik.

Sektor təmsilçiləri fikirlərini bölüşdülər

Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov çıxışında qeyd etdi ki, ölkəmizin DTT-nin İcraiyyə Şurasına üzv seçilməsi və qurumun Avropa Komissiyası iclasının 2014-cü ilin aprel ayında Bakıda keçirilməsinə dair qərarın qəbul olunması Azərbaycanda turizmin inkişafına verilən qiymətdir: AZTA İdarə Heyətinin sədri DTT-yə Qoşulmuş üzvlər Şurasının Avropa üzrə vitse-prezidenti seçilməsi də ölkəmizin turizm sektorunun nailiyyətidir. Seçki zamanı 40-a yaxın namizədin içərisindən AZTA ən çox səs üstünlüyü ilə qalib gəldi. Bu bir daha göstərir ki, ölkə Prezidentinin səyi, tövsiyələri, qəbul etdiyi qərarlar nəticəsində Azərbaycan qısa bir müddətdə dünyanın aparıcı turizm ölkələri ilə rəqabət apararaq, tanınmış turizm mərkəzlərindən birinə çevrilir.

SW travel turizm şirkətinin direktoru Şirzad Əfəndiyev, Jumeirah Bilgah Beach mehmanxanasının baş meneceri Mete Atakuman rəhbərlik etdikləri müəssisələrin fəaliyyətindən, Azərbaycanda turizmin inkişafına yaradılan münbit şəraitdən danışdılar.

Konfransda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi məqsədilə həyata keçirilən Avropa İttifaqının tvinninq layihəsinin Nailiyyətlər və perspektivlər adlı təqdimatı da maraqla qarşılandı. Layihə rəhbəri Florian Sengştmid bildirdi ki, birinci komponent çərçivəsində turizm şöbəsinin funksional dəyişiklikləri əks etdirən təşkilati strukturu hazırlanıb və Azərbaycanı marketinqkommunikasiya sahəsində peşəkar turizm istiqamətinə çevirmək məqsədilə nazirliyə biznes proseslərinin hazırlanması ilə bağlı təkliflər təqdim olunub. 2-ci komponent çərçivəsində isə qanunvericiliyə aid olan məsələlərdən əlavə, mehmanxanalar, restoranlar, turoperatorlar və səyahət agentlikləri üçün minimal standartların yaradılması zərurəti ilə bağlı işlər görüləcək.

Turizm işçiləri təltif edildilər

Tədbirdə Azərbaycanın turizm sektorunda çalışan və öz fəaliyyəti ilə bu sahənin inkişafına töhfələr verən bir qrup şəxs Mədəniyyət və Turizm Nazirliyinin Fəxri turizm işçisi döş nişanı və fəxri fərmanları ilə təltif edildi. Tanınmış bələdçi Asiya Şirəliyeva, AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov, SW travel turizm şirkətinin direktoru Şirzad Əfəndiyev, Azru.tv saytının yaradıcısı və rəhbəri Azər Qəribov, Gilan turizm şirkətinin direktoru Xəlil Duru Fəxri turizm işçisi döş nişanına, Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov, Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova, Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova, Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Davud İbrahimxəlilov, İmprotex travel şirkətinin aparıcı meneceri İlham Süleymanov isə Fəxri fərmana layiq görüldü.

Sonra Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən keçirilən 4-cü Milli Turizm Mükafatı sahiblərinə təqdim edildi.

Həmçinin Dünya Turizm Günü ilə bağlı İnfotour.az portalı ilə Azərbaycan Turizm Assosiasiyasının birgə təşkil etdiyi Azərbaycan və dünya ölkələri turizm sektoru təmsilçilərinin gözü ilə mövzusunda fotomüsabiqənin qalibləri mükafatlandırıldı. Bildirildi ki, müsabiqəyə təqdim olunan 250-dən çox foto Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, İnfotour.az portalı, Azərbaycan Fotoqraflar Birliyinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən seçilib. 100 foto seçilərək hotelin foyesində sərgilənirdi. Qalan şəkillər isə slayd-şou vasitəsilə nümayiş olunurdu. Müsabiqədə 3-cü yerə Atropat hotelinin əməkdaşı Dilarə Ağaəliyeva, 2-ci yerə Caspian Breeze Travel şirkətindən Rüfət Hacıyev, 1-ci yerə Ata travel şirkətindən Ərtoğrul Qafarov layiq görüldü. Qaliblərə diplompul mükafatı təqdim olundu.

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 8; 9.