Mədəniyyət insanların bir-birini başa düşməsindən başlayır

 

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami: Bakıda belə dostluq münasibətlərim yaranandan sonra düşünürəm ki, buradan getmək mənə çətin olacaq

Azərbaycanla Mərakeş Krallığı arasında rəsmi əlaqələrin 20 ildən artıq tarixi var. 1991-ci ilin dekabrında Mərakeş Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olub. 1992-ci il avqustun 25-də iki dövlət arasında diplomatik münasibətlər qurulub. Ölkələrimiz beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq edir. İkitərəfli əlaqələr müxtəlif sahələri əhatə edir. Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami ilə söhbətimiz ikitərəfli əməkdaşlığın bu günü və gələcək perspektivləri barədə oldu.

- Cənab səfir, ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Mərakeş və Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, sıx inkişaf dövrü son illərə təsadüf edir. 2007-ci ildə Azərbaycan Mərakeşin paytaxtı Rabat şəhərində səfirlik açıb və 2008-ci ildə Mərakeşin Bakıda səfirliyi fəaliyyətə başlayıb. Əlahəzrət Kral VI Məhəmməd və Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi əlaqələr çox yaxşı səviyyədədir. Bu münasibətlər biznes, investisiya, mədəniyyət, turizm və digər sahələri əhatə edir. Biz ərazi bütövlüyü və müstəqillik kimi zəruri məsələlərdə bir-birimizi qarşılıqlı şəkildə dəstəkləyirik. Beynəlxalq səviyyədə əlaqələrimizi uğurla koordinasiya edirik. Bir sözlə, iki ölkənin münasibətlərinin səviyyəsi çox yaxşıdır.

- Ölkələrimiz arasında mədəni əlaqələr necə inkişaf edirbu sahədə əsas prioritetlər nədən ibarətdir?

- 2007-ci ildə Azərbaycanla Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sənədə əsasən iki ölkədə qarşılıqlı mədəniyyət tədbirləri keçirilir. 2008 və 2010-cu illərdə Mərakeşdə Azərbaycan mədəniyyəti günləri, 2009 və 2011-ci illərdə isə Azərbaycanda Mərakeş mədəniyyəti günləri gerçəkləşib. Əlbəttə, ardıcıl olaraq belə mədəniyyət günlərinin keçirilməsi əlaqələrimizin səviyyəsinin göstəricisidir. Onu da qeyd edim ki, Azərbaycan 2014-cü ildə Mərakeşdə növbəti mədəniyyət günlərini keçirəcək. Mərakeş Krallığının Azərbaycandakı səfirliyi olaraq bizbu əməkdaşlığa töhfə verməyə, o cümlədən ölkənizdə gerçəkləşən beynəlxalq mədəniyyət tədbirlərində iştirak etməyə çalışırıq. Sevindirici haldır ki, 2009, 2011 və 2013-cü illərdə Azərbaycanda keçirilən üç muğam festivalında Mərakeş də təmsil olunub. Mədəni münasibətlərimizin yaxşı səviyyədə olmasına misal olaraq Azərbaycanın bu il Rabatda keçirilən ənənəvi Mavazine (Ritmlər) festivalında iştirakını göstərə bilərəm. Festivalda Azərbaycan muğamları və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətlə qarşılandı. Bu beynəlxalq musiqi festivalı 2001-ci ildən başlayaraq hər il Mərakeşin paytaxtında keçirilir, Şimali Afrika, ərəb və digər beynəlxalq musiqi nümunələrini əhatə edir. Ümumiyyətlə, Mavazine Mərakeşin tolerant xalq, Rabatın isə dünyaya açıq şəhər olması ilə bağlı imicini yüksəldən mühüm tədbirlərdən biridir. Dünyanın məşhur müğənniləri bu festivalda çıxış edib. Əlbəttə, Azərbaycanın da festivala qatılması mədəni əlaqələrimizin genişlənməsinə xidmət edir. Hesab edirəm ki, bizim təsviri sənət, musiqi, kino və ədəbiyyat sahəsində əməkdaşlığımız üçünböyük imkanlar var.

- Elə isə mədəni əlaqələrin genişləndirilməsi ilə bağlı hansı yeni layihələr nəzərdə tutulub?

- Keçən il Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş zamanı Bakıda Mərakeş kino günlərinin keçirilməsi ilə bağlı məsələni müzakirə etdik, bu təşəbbüsü gerçəkləşdirmək istəyirik. Digər layihə Mərakeş, Azərbaycan və Fransa rəssamlarının əsərlərindən ibarət sərginin təşkilidir. Bu artıq sənətçilərin ideyasıdır. Əlbəttə, müxtəlif ölkələrin rəssamlarının bir araya gəlməsi gözəl təşəbbüsdür. Bu işlərdə nazirliyin də köməyinə ümid bəsləyirik.

- Ölkələrimiz arasında kifayət qədər məsafə var. Buna rəğmən Azərbaycanda olduğunuz müddətdə iki xalqın hansı oxşar xüsusiyyətlərini aşkar edə bilmisiniz?

- Birinci məqam həm Azərbaycanda, həm də Mərakeşdə çoxmədəniyyətli cəmiyyətin formalaşmasıdır. Məsələn, Azərbaycan üç dini konvensiyanı bir araya gətirən ölkədir. Mərakeşdə də vəziyyət eynidir. Burada müxtəlif dinlərin, xalqların nümayəndələri yaşayır. Mərakeş daha çox Aralıq dənizi ölkələrinin təsirinə məruz qalıb. Bizim millətimiz ərəbdir. Bununla belə, Mərakeşdə bir ərəb xanımın ölkədə yaşayan hansısa bir xalqın nümayəndəsi ilə ailə qurması, yaxud mərakeşli gəncin digər millətdən olan xanımla evlənməsi normal hal kimi qarşılanır. Yəni bu da bizim cəmiyyətin tolerantlığından irəli gəlir. Bu da bir mədəniyyətdir və demək olar ki, ölkəmizin böyük əksəriyyətini əhatə edir. Çünki mədəniyyət insanların bir-birini yaxşı başa düşməsindən, tolerantlıqdan başlayır. Məsələn, azərbaycanlı ilə mərakeşlinin ailə qurması iki müxtəlif mədəniyyətin bir araya gəlməsi deməkdir. Müasir dövrdə dünyaya inteqrasiya edən, o cümlədən Avropa ilə sıx əlaqələr quran Mərakeş öz ənənələrini də qoruyub saxlayır.

- Ölkələrimizin turizm əlaqələrini necə dəyərləndirmək olar? Azərbaycanlı turist üçün Mərakeşdə cəlbedici, maraqlı məqamlar hansılardır?

- Turizm əlaqələrimiz hələlik aşağı səviyyədədir. Məncə, bu həm də bizi ayıran məsafənin uzaq olması ilə bağlıdır. Hələ ki Azərbaycanda Mərakeşi, Mərakeşdə isə Azərbaycanı yaxşı tanımırlar. Əlbəttə, bu istiqamətdə görmək lazımdır. Lakin mən çox şadam ki, bu il Mərakeşə min nəfərədək azərbaycanlı turist səfər edib. Mərakeşdən Azərbaycana gələnlərin sayı isə çox deyil. Bu isə daha çox onunla bağlıdır ki, sizdə turistlərə region ölkələrini əhatə edən səyahət paketləri təklif edilmir. Məsələn, insanlar Azərbaycandan Türkiyəyə, oradan Yunanıstana, İspaniyaoradan da Mərakeşə gedə bilərlər. Mərakeşdən gələn turistlər üçüneyni ilə belə turpaketlər hazırlaya bilərsiniz. Tutaq ki, mən Azərbaycana gəlib bir həftəsonu keçirdim, bəs sonra? Bu əlaqələrin intensivləşməsi üçün hər iki tərəf müəyyən layihələr üzərində düşünməlidir.

Azərbaycanlı turist üçün cəlbedici, maraqlı məqamlara gəlincə, Mərakeş ecazkar turizm ölkəsidir. Möhtəşəm dağları, dənizi və səhrası ilə turistləri il boyunca özünə cəlb edir. Azərbaycanlılar üçün Mərakeşdə kənd turizmi də maraqlı olardı. Bu zaman turistlər ailələrdə yaşamaqla 4-5 gün istirahət edə bilərlər. Lakin azərbaycanlı turistlər daha çox lüks, böyük, təmtəraqlı hotelləri seçirlər. Ancaq mən turistlərinizə məsləhət görərdim ki, bilavasitə insanlar arasında ünsiyyətə imkan yaradan kənd turizminə də maraq göstərsinlər. Bundan başqa, Mərakeş dünyanın hər yerindən gələn məşhur sənətçilərin iştirakı ilə böyük beynəlxalq festivallar təşkil edir ki, bu da öz növbəsində turist axınına səbəb olur. Festival turizmi ayrı-ayrı sahələr üzrə musiqiçiləri birləşdirməklə yanaşı, turistlər üçünçeşidli seçim imkanları yaradır. Məsələn, dini musiqilərin təqdimatı Fasda, caz Rabat və Tangierdə, pop, rep və digər musiqilər Kasablankada, amazing musiqisicaz Aqadirdə, ərəb və milli musiqilərin təqdimatı isə Rabatda keçirilir. Bütün bu əyləncələr turistləri cəlb edir. Həmçinin Rabat, Aqadir, Mohammedia, Kasablanka və Mərakeş şəhərlərində keçirilən qolf turlarına bütün dünyadan insanlar gəlir.

Azərbaycan da öz növbəsində turizmin inkişafı üçün böyük səylər göstərir. Beynəlxalq konfranslar festivallar sayəsində turizm sahəsi daha da inkişaf edir. Bakıda Qəbələdə keçirilən musiqi festivalları bu baxımdan çox əhəmiyyətlidir. Azərbaycan İslam Oyunlarına, Avropa Olimpiya Oyunlarına ilk dəfə ev sahibliyi edəcək. Bunun özü ölkənizin tanınması üçün yaxşı imkandır.

- Azərbaycanda olduğunuz müddətdə mərasimlərimizdə iştirak etmisinizmi? Sizcə, ənənələrimizdə hansı bənzərlik var?

- Burada əsas oxşar xüsusiyyəti önə çəkmək istərdim - bu, toylarda həddindən artıq çox pul xərclənməsidir. Avropalıya görə bu, yaxşı hal deyil. Lakin istər Mərakeş, istərsə Azərbaycanda toylar çox gözəl, təmtəraqlı olur. Bundan başqa, azərbaycanlılar geyimlərinə çox vəsait sərf edirlər. Mərakeşdə geyim-keçimə elə çox pul xərcləmirlər. Eyni zamanda, azərbaycanlılar yeni evlənən övladlarına yardım edir, onlara hətta öz ciblərindən pul da xərcləyirlər. Əlbəttə ki, bu, gözəl hisslərdir. Mən Azərbaycan toylarında bunu da müşahidə etmişəm ki, əgər övladlar xoşbəxtdirlərsə, deməli, valideynlər xoşbəxtdirlər. Azərbaycanda ailə ənənələri çox vacibdir bu, bütün Şərq ölkələrində belədir.

- Bakıda olduğunuz müddətdə Azərbaycan ailəsinə qonaq getmisinizmi?

- Burada çoxlu dostlarım var tez-tez qonaq getmək imkanlarım olur. Bu ailələri ziyarət edərkən onlar süfrədə olan hər şeyi səninlə bölüşmək istəyir. Mən onların evinə qeyri-rəsmi, öz yaxın adamlarım, bacı-qardaşım kimi gedirəm. Onlar da bizə gəlirlər. Azərbaycan plovunu çox xoşlayıram. Lənkəran xanımları bunu çox gözəl hazırlayır. Gəncə Şəkidə plov dadmışam. Bizdə bu yeməyə kus-kus deyirlər. Ümumilikdə Mərakeşdə düyüdən o qədər istifadə etmirlər. Biz əti, balığı sizin kimi çox xoşlayırıq, lakin fərqli hazırlayırıq. Şəki pitisinə bənzər yeməyi isə bizdə daha böyük qabda hazırlayırlar. Bakıda belə dostluq münasibətlərim yaranandan sonra düşünürəm ki, buradan getmək mənə çətin olacaq. Odur ki, diplomatik fəaliyyətimi başa vurandan sonra da Bakıya tez-tez gəlməyə çalışacağam.

Mehparə

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 11.