Bakıda böyük solo konsert vermək istərdim

 

Sentyabrın 18-dən 28-dək Bakıda Heydər Əliyev Fondu Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirildi. Tədbirə müxtəlif ölkələrdən musiqi kollektivləri, ifaçı dirijorlar qatılmışdı. Fürsətdən istifadə edərək paytaxtımıza təşrif buyuran əcnəbi sənətçilərin bir neçəsi ilə həmsöhbət olduq. İlk müsahibimiz məşhur amerikalı saksafon ifaçısı Aşudur. Onunla Azərbaycan Dövlət Filarmoniyasında çıxışa hazırlaşarkən - məşq zamanı görüşdük. Həmsöhbətim əvvəlcə özü haqqında məlumat verdi:

- Amerikanın Kaliforniya ştatında dünyaya gəlmişəm. Hazırda Çikaqo şəhərində yaşayıram, 28 yaşım var. Kiçik yaşlarımdan saksafonda ifa etməyə başlamışam, klassik solo saksafon ifaçısı kimi fəaliyyət göstərirəm. Bu əsrarəngiz musiqi aləti ilə dünyanın bir çox ölkəsində olmuşam, konsertlər vermişəm. Nəhayət ki, Azərbaycana - sizin ölkənizə gəldik.

- Təəssüratınızı eşitmək istərdik...

- Ölkənizə ilk səfərimin gerçəkləşməsinə görə Azərbaycan tərəfi ilə yanaşı, Rusiyanın Musiqi Olimpi Fonduna minnətdaram. Bakıya səfərimi onlar təşkil etdilər. Təəssüratlarım olduqca müsbətdir. Qaldığım hotel şəhərin mərkəzində yerləşdiyindən, şəhəri gəzmək imkanım oldu. İçərişəhəri, Qız qalasını, Dənizkənarı bulvarı, Fəvvarələr meydanını gəzdim. Olduqca xoşuma gəldi. İndiyədək MDB ölkələrindən Rusiyada, Qırğızıstanda solo konsertlərim təşkil edilib. Amma Cənubi Qafqazda ilk olaraq Azərbaycana gəlmişəm. Bakı hər cəhətdən maraqlı şəhərdir, əvvəl olduğum şəhərlərə bənzəmir, unikallıq, özünəməxsusluq olduqca çoxdur.

- Klassik solo saksafon ifaçısısınız. Bu alətdə solo karyera qurmaq qədər vaxtınızı aldı?

- Artıq 15 ildən çoxdur ki, saksafonda ifa edirəm. Solo karyerama isə 16 yaşımdan başlamışam. Sizə bu müddət çox görünə bilər, ancaq həqiqətən hər hansı alətdə peşəkarcasına ifa etmək üçün insana daha çox vaxt lazım gəlir. Hərdən sual verirlər ki, sən bədəncə arıqsan, bəs böyük nəfəs tələb edən alətdə ifa etmək sənə çətin deyil? Etiraf edim ki, uşaq ikən valideynlərim elə bilirdilər ki, saksafonda ifa edərkən nəfəsim çatmayacaq boğulacağam. Bilirsiniz, bu niyə baş vermir, ona görə ki, uzun illər məşq etməklə nəfəsinizi tənzimləməyi öyrənirsiniz. Sadəcə, nəfəsin düzgün tənzimlənməsini öyrənmək kifayət qədər vaxtınızı alır. Yalnız gərgin davamlı məşqlərlə istədiyiniz nəticəni əldə edə bilirsiniz, başqa cür mümkün deyil. Saksafon imkanları geniş alətdir, onda istədiyiniz musiqini ifa edə bilərsiniz. Bunun üçün alətin imkanlarına bələd olmalısınız. Peşəkar ifa zamanla formalaşır, əminəm ki, bir neçə ildən sonrakı ifam indikindən xeyli fərqlənəcək.

- Məşq vaxtı sizin not vərəqlərinə baxmadığınızı da müşahidə etdim. 5-6 dəqiqəlik əsəri bütün incəlikləri ilə yadda saxlamaq çətin deyil ki?

- Əlbəttə, çətindir. Sizin toxunduğunuz məqam hər musiqiçinin aşmaq istədiyi önəmli mərhələdir. Bir çox musiqiçilər peşəkar ifaçı olduqları halda not vərəqinə baxmadan, xüsusilə, böyük əsərləri ifa edə bilmirlər. Mən bu mərhələni yalnız gərgin məşqlərlə aşa bildim. Bir əsəri təkrar-təkrar ifa edirdim nəhayət, bunun öhdəsindən gəldim bundan çox məmnunam. Çünki not vərəqləri musiqiçinin zalla ünsiyyətinə imkan vermir, diqqəti tamaşaçıdan yayındırır. O zaman da ifaçı yazılı mətni oxuyan yaxşı natiqə bənzəyir. Mən isə belə istəmirəm. Çalışıram ki, ifa zamanı dinləyici ilə ünsiyyətdə olum, onun reaksiyasını hiss edim. Musiqiçi yalnız auditoriya ilə ünsiyyətdə olduqda daha canlı maraqlı ifa ortaya qoya bilər.

- Bakıda Slovakiya Dövlət Kamera Orkestri ilə birgə çıxış edirsiniz. Daha əvvəl onlarla səhnəni paylaşdınızmı?

- Slovakiya Dövlət Kamera Orkestri ilə ilk çıxışımdır. Heyət tam peşəkar olduğundan məşqlərdə hər hansı çətinlik yaşamadıq. Filarmoniyanın akustikası da bizə əlavə stimul verdi. Belə akustika hər zalda olmur. Ümid edirəm ki, tamaşaçılar qarşısında çıxışımız da möhtəşəm alınacaq. Proqrama rus bəstəkarı Aleksandr Qlazunovun saksafon üçün yazdığı parçalar, həmçinin argentinalı tanqo bəstəkarı Astor Piatsolanın əsərlərindən aranjiman etdiyim nümunələr daxildir.

- Azərbaycan bəstəkarlarından hər hansı parça ifa etməyi planlaşdırırsınızmı?

- Gələcəkdə solo ifamda Azərbaycan bəstəkarlarının əsərlərinə yer ayırmaq fikrindəyəm. Bakıya gəlməzdən əvvəl sizin musiqi ilə tanış oldum. İnternetdə muğama qulaq asdım, Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərlərini dinlədim. Dahi violonçel ifaçısı Mstislav Rostropoviçi isə çox dinləmişəm, onun ifası daim mənə zövq verib. Bakıda sizin bəstəkarların əsərlərinin daxil edildiyi böyük solo konsert vermək istərdim.

- Bəs ən çox bəyəndiyiniz bəstəkar saksafon ifaçısı kimdir?

- Ümumiyyətlə, hər hansı bəstəkarın adını çəkmək mənim üçün olduqca çətindir. Çünki əsərlərini ifa etdiyim bütün bəstəkarları bəyənərək ifa edirəm. Piatsola mənim üçün daha möhtəşəmdir. Onun saksafon üçün yazdığı parçaların, demək olar ki, hamısını ifa etmişəm. Əsərləri o qədər xoşuma gəlib ki, öz üslubumda aranjiman da etmişəm, maraqla qarşılanıb. Saksafon ifaçısına gəldikdə, mən musiqi alətləri arasında fərq qoymağı sevmirəm. Sizə desəm ki, ən az dinlədiyim alət saksafondur, bəlkə mənə inanmazsınız, amma bu belədir. Daha çox skripkadan xoşum gəlir, saatlarla solo skripkaya qulaq asa bilərəm. Böyük opera səsi Luçano Pavarotti mənim üçün bir zirvədir. Onun ifasına qulaq asdıqca sanki saksafonda nələr edə biləcəyimi düşünürəm, yeni tapıntılar edirəm.

Sadiq Musa

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 12.