Mədəniyyətə qayğı dövlətin diqqət mərkəzindədir

 

Qobustan qəsəbəsində Mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verildi

  

   Oktyabrın 3-də paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin əsaslı təmirdən sonra açılışı oldu. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun mədəniyyət işçiləri iştirak edirdilər.  

   Mədəniyyət evinin direktoru Gülarə Qasımova müəssisənin fəaliyyətindən danışdı, əsaslı təmirdən sonra burada yaradılan şəraitə görə əlaqədar təşkilatlara minnətdarlığını bildirdi.

   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışında son illər ölkəmizdə istifadəyə verilən mədəniyyət ocaqlarının böyük əhəmiyyət daşıdığını söylədi. Qeyd olundu ki, hər bir mədəniyyət ocağı insanların asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət etməklə yanaşı, həm də gənclərimizin milli-mənəvi dəyərlərimizə hörmət və sevgisinin artmasına təkan verir: “Görülən bütün bu işlər dövlətimizin mədəniyyətə diqqət və qayğısının nümunəsidir. Ümummilli lider Heydər Əliyev hər zaman mədəniyyətə, incəsənətə böyük önəm verirdi. Bu siyasət, mədəniyyətin inkişafına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

   Vaqif Əliyev bildirdi ki, ölkə Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində son illərdə Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılır və növbəti illərdə də bu proses davam etdiriləcək: “Qobustan qəsəbəsində Mədəniyyət evinin əsaslı təmirdən sonra istifadəyə verilməsi də mədəniyyətimiz üçün bir töhfədir. Burada çox yüksək səviyyədə tərtibat işləri aparılıb, dərnək və musiqi kollektivlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Müəssisənin kollektivini təbrik edirəm. İnanıram ki, yaradılan bu imkandan səmərəli istifadə olunacaq, bu müəssisə mədəniyyətimizin dünyada tanıdılmasına öz töhfəsini verəcək”.

   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Mədəniyyət evinin əsaslı təmirinin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirildiyini bildirdi. Vurğuladı ki, rayonun digər qəsəbələrində də Dövlət Proqramı çərçivəsində bir sıra mədəniyyət evləri və musiqi məktəblərinin əsaslı təmiri davam edir. Yaxın gələcəkdə rayonun Müşfiqabad qəsəbəsində də Mədəniyyət evinin açılışı olacaq.

   Çıxışlarda vurğulandı ki, ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli tədbirlər Azərbaycan mədəniyyətinin inkişafına, beynəlxalq arenada nüfuzunun artmasına səbəb olub.

   Sonra tədbir iştirakçıları əsaslı təmirdən çıxmış Mədəniyyət evi ilə tanış oldular. Məlumat verildi ki, mədəniyyət müəssisəsi 1953-cü ildə istifadəyə verilib. Uzun müddət burada təmir işləri aparılmayıb. Ötən ildən isə burada quruculuq işlərinə başlanıb və bina əsaslı təmir olunub. Tikinti işləri 1600 kvadratmetr sahədə aparılıb. 230 nəfərlik tamaşaçı zalında səhnə, səsləndirmə texnikası və digər lazımi avadanlıqlar quraşdırılıb. Mədəniyyət evi 16 inzibati otaqdan ibarətdir. Binada yeni transformator yarımstansiyası, mühafizə sistemis. yaradılıb.

   Sonda açılış mərasiminin iştirakçıları üçün konsert proqramı təqdim edildi.

 

   Ceyhun Zərbəliyev

 

Mədəniyyət.- 2013.-4 oktyabr.- S. 8.