Qar üzərində ürək

 

Müslüm Maqomayev haqqında sənədli film Rusiya televiziyasında nümayiş etdirilib

 

Oktyabrın 6-da Rusiyanın Birinci kanalı dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş Müslüm Maqomayev. Qar üzərində ürək (Muslim Maqomaev. Serdüe na snequ) sənədli filmini nümayiş etdirib.

Sənətkarın xanımı Tamara Sinyavskayanın ömür-gün yoldaşı haqqında söhbət açdığı filmdə Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın görkəmli müğənni barədə xatirələri səslənib.

Filmdə Müslüm Maqomayevin Bakı ilə bağlı xatirələri, ümummilli lider Heydər Əliyevlə çəkilmiş fotoşəkilləri, Tamara Sinyavskayanın Bakı səfəri, Müslüm Maqomayevin məzarını ziyarət zamanı lentə alınmış kadrlar, Nizami kinofilmindən fraqmentlər yer alıb. Həmçinin görkəmli sənətkarın ifasında Azərbaycanın rəmzi himninə çevrilmiş Azərbaycan mahnısı, sənətkarın ömrünün sonlarına yaxın Sergey Yeseninin sözlərinə bəstələdiyi Əlvida, Bakı mahnısı səslənib. Filmin ssenari müəllifi Oleq Kolin, rejissoru Mixail Roqovoydur.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 4.