Bütün xahiş və təkliflər nəzərdən keçiriləcək

 

Mədəniyyət və turizm nazirinin vətəndaşlarla növbəti görüşü Sumqayıtda gerçəkləşdi

 

Oktyabrın 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtın Tarixi Muzeyində Sumqayıt şəhərindən və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan vətəndaşları qəbul etdi.

40-a yaxın vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyət və turizm idarə və şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı xahiş və təklifləri dinlənildi.

 

Müxtəlif mövzularda müraciətlər

 

Qəbula gəlmiş vətəndaşlarla biz də həmsöhbət olduq. Lətif Məmmədov Sumqayıt şəhərindəki Dostluq mədəniyyət evində xalq kollektivinin konsertmeysteridir. Bildirdi ki, müraciəti Nizami kinoteatrının mövcud vəziyyəti və klublarda kino nümayişinin təşkili barədədir: Son illər Azərbaycanda çoxlu yeni filmlər çəkilib. İstərdik bu filmləri şəhərimizdə kinosevərlərə nümayiş etdirək. Şəhərimizdəki Nizami kinoteatrının əsaslı təmir və yenidənqurmaya ehtiyacı var. Klublarda kino nümayişinin təşkil olunması ilə bağlı təklifimi də cənab nazirə bildirəcəyəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq.

Bəzi müraciətlər yerlərdə yeni mədəniyyət müəssisələrinin yaradılması ilə bağlı idi. Məsələn, Sumqayıt şəhər Ə.Bakıxanov adına 4 saylı uşaq incəsənət məktəbinin müəllimi Nazim Nurullayev Hacı Zeynalabdin Tağıyev qəsəbəsində mədəniyyət mərkəzinin, Nəriman Nərimanov adına mədəniyyət evinin metodisti Sədaqət Ağayeva Kimyaçı mədəniyyət sarayının bazasında filarmoniyanın, Abşeron rayonu Saray qəsəbəsinin sakini, təqaüdçü Xeyrulla Cəfərov isə qəsəbədə mədəniyyət müəssisələrinin yaradılması barədə təşəbbüslərini səsləndirdilər.

Yaqub Vəliyev Qubadlı rayon mədəniyyət evinin metodistidir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin fəaliyyətinin bərpa edilməsinə köməklik göstərilməsi xahişi ilə qəbula gəldiyini deyir. Sumqayıt Musiqi Kollecinin müəllimi Ulduz Quliyeva Azərbaycanda qadın aşıq sənətinin inkişafı ilə bağlı təklifləri olduğunu deyir.

Ramin Allahverdiyev Xızı rayonunda abidə mühafizi işləyir. Onun sözlərinə görə, rayon ərazisində 20-dək tarixi abidənin bərpasına ehtiyac var.

Sumqayıt sakini Sənurə Lazımova isə Corat qəsəbəsində olan tarixi abidələrin konservasiyasına ehtiyac olduğunu deyir.

Müraciətlər uşaq musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərcikdə yeni musiqi məktəbinin açılması, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin bərpa və təmiri, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, fərdi təqaüdlərin verilməsi, turizm infrastrukturunun yaradılması, işlə təmin olunma, nazirlik tərəfindən mədəniyyət müəssisələrində mərkəzləşdirilmiş qaydada attestasiyaların keçirilməsi və digər məsələlərlə bağlı idi. Klublarda kino nümayişinə, əhalisi məcburi köçkün olan rayonların musiqi məktəblərinin musiqi alətləri ilə təmin olunmasına, muzeylərdə bədii tərtibat işlərinə kömək göstərilməsi xahiş olundu.

 

Çalışacağıq ki, müraciətlərin əksəriyyətini dərhal həll edək

 

Vətəndaşları dinləyən Əbülfəs Qarayev bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq addımların atılacağını bildirdi.

Nazir jurnalistlərə müsahibəsində qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin öyrənilməsi və həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. Bildirildi ki, belə görüşlər əhali tərəfindən rəğbətlə qarşılanır: "Bu, bizim yerlərdə əhali ilə növbəti görüşümüzdür. Vətəndaşlar ən müxtəlif məsələlərlə bağlı bizə müraciət edirlər. Bu dəfə də yeni mövzular, yeni təkliflər səsləndirildi. Müraciətlərdə torpaq sahəsi sahiblərinin qoruqlarla münasibətlərinin tənzimlənməsi, işlə təmin olunma, fərdi təqaüdlərin verilməsi, tarixi abidələrin qorunması və bərpası kimi məsələlər qaldırılmışdı. Müraciətlərin əksəriyyəti vətəndaşlıq nöqteyi-nəzərindən narahatlıq doğuran məsələlərlə bağlıdır. Biz çalışacağıq ki, ötən görüşlərdə olduğu kimi, bu müraciətlərin də əksəriyyətini dərhal həll edək. Amma elə məsələlər var ki, həlli müəyyən vaxt tələb edir. Onların da zamanla həlli üçün lazımi addımlar atılacaq".

Sumqayıt şəhərində "Nizami" kinoteatrının mövcud vəziyyətinə də toxunan nazir deyib ki, bununla bağlı layihələndirmə işi 2014-cü ilə nəzərdə tutulur. Qeyd olundu ki, kinoteatr əsaslı təmir-bərpa olunana qədər şəhər mədəniyyət sarayında filmlərin nümayişi həyata keçiriləcək. Bunun üçün mədəniyyət ocağı müasir avadanlıqlarla təmin olunacaq.

 

Ceyhun Zərbəliyev

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 6.