Tarixdə və arxeologiyada təbii boyaq

 

Azərbaycanın təcrübəsi maraqla qarşlanıb

 

Xəbər verdiyimiz kimi, 3-4 oktyabr tarixində Fransanın La Roşell şəhərində Tarixdə və arxeologiyada təbii boyaq 32-ci beynəlxalq konfransı keçirilib.

Ölkəmizi tədbirdə Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, bərpaçı-rəssam Vüqar Quliyev, fotoqraf Məmməd Rəhimov və tərcüməçi-araşdırmaçı Şölə Bayramova təmsil ediblər.

Fariz Xəlilli bildirdi ki, ənənəvi olaraq keçirilən konfransın əsas məqsədi boyaqlar, orqanik piqmentlər, təbii və sintetik boyaqlar, onların tarixi, kimyəvi tərkibi, tətbiqi və xarakteristikasına dair yeni tədqiqatları geniş elmi ictimaiyyətə təqdim etməkdir: Tədbirdə 20-dək ölkədən kimyaçılar, konservasiyaçılar, tarixçilər, arxeoloqlar, sənətkarlar iştirak edirdilər. Azərbaycanda yeni arxeoloji və etnoqrafik tədqiqatlarda təbii boyaqlar və Azərbaycanın xalçaçılıq sənətində boyaq mövzularında təqdim etdiyimiz məruzə və çıxışlar maraqla qarşılandı. Diqqətə çatdırdıq ki, 2010-cu ildən orta əsr Ağsu şəhər yerində aparılan arxeoloji tədqiqatlar zamanı içərisində iri boyaq küplərinin olduğu boyaq dükanı aşkar olunub. Küplərin iç divarındakı boyaq təbəqəsi və torpağa tökülmüş boyaq tozları Türkiyənin Mərmərə Universitetində professor Rəcəb Karadağın rəhbərliyi ilə analiz olunub. Ümumiyyətlə, XVIII əsrdə Azərbaycanın boyaqotu ixrac etdiyi rəsmi sənədlərdə də öz əksini tapıb.

Tədbir çərçivəsində iştirakçılara Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və "Azərilmə" xalça şirkətinin nəşrləri, jurnal və disklər təqdim olunub.

 

Ceyhun

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 11.