Riqada azərbaycanlı yazıçının pyesi tamaşaya qoyulub

 

Riqada Qalina Polişşukun 64 kreslo teatrında azərbaycanlı gənc yazıçı və kinodramaturq Nərgiz Bağırzadənin Face Book. Post Scriptum pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub.

Tamaşadan əvvəl Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov çıxış edib. O deyib ki, Azərbaycan kinoteatr sənətində ssenaristdramaturq qadınlar çox deyil. Onlardan biri də gənc rejissorssenarist Nərgiz Bağırzadədir.

Səfir qeyd edib ki, bu gün Facebook təkcə sosial şəbəkə deyil. Facebook incəsənətə çevrilir. Nərgizin pyesi də məhz bu mövzuya həsr edilib. Elman Zeynalov vurğulayıb ki, fəaliyyətini bərpa etmiş Riqa teatrında mövsümün azərbaycanlı müəllifin əsərinin tamaşası ilə açılması bizə ikiqat xoşdur.

Teatrın direktoru Yuris Millers və Latviyanın mədəniyyət nazirinin müavini Quntis Pukitis də bildiriblər ki, yeni teatr mövsümünün açılışında azərbaycanlı müəllifin əsərinin oynanılması xüsusilə əlamətdardır.

Xatırladaq ki, Bakıdakı Qərb Universitetinin və Moskvadakı S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olan Nərgiz Bağırzadə Milli Kitab Mükafatı laureatlarının ilk iyirmiliyinə daxil olub. O, Azərbaycan Yazıçılar BirliyininLuç Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının üzvüdür. 2009-cu ildə Çikuolite Ramune ilə birlikdə Litvada M.A.M.A. tamaşasını təqdim edib. 2011-ci ildə onun ssenarisi əsasında Rusiyada çəkilmiş Sərsəm yubiley adlı tammetrajlı bədii film ekranlara çıxıb.

Qalina Polişukun teatrı bir çox beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 11 oktyabr.- S. 6.