Böyük İpək Yolu ilə turizm

 

Azərbaycanın turizm imkanları Özbəkistan paytaxtında sərgilənir

 

Oktyabrın 9-da Daşkənddə Böyük İpək Yolu ilə turizm adlı 19-cu beynəlxalq turizm yarmarkası işə başlayıb. Tədbir Dünya Turizm Təşkilatının dəstəyi, Özbəkturizm Milli Şirkəti və Böyük İpək Yolu reklam agentliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Yarmarkaya Azərbaycan da daxil olmaqla 40-dan artıq ölkədən turizm şirkətləri və firmaları, mehmanxana biznesi sahəsinin mütəxəssisləri, dövlət strukturlarının nümayəndələri qatılıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov və sektorun məsləhətçisi Cəmil Kəlbəliyev iştirak edirlər.

Yarmarkanın açılış mərasimində Özbəkturizm Milli Şirkətinin rəhbəri Fərrux Rizaev, Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Bəxtiyar AbdusamadovDünya Turizm Təşkilatının icraçı direktoru Zoltan Şomoqi çıxış ediblər.

Fərrux Rizaev öz çıxışında bildirib ki, Özbəkistanın qədim Səmərqənd, Buxara, Xivə və Şəhrisabz şəhərləri UNESCO-nun mədəni irs siyahısına salınıb və bu şəhərlərdə 4 mindən artıq tarixi və mədəni abidə var. Onun sözlərinə görə, bunlarla yanaşı, hazırda Özbəkistanda 800-dən artıq turizm təşkilatı, o cümlədən 500 mehmanxana fəaliyyət göstərir.

Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin turizm potensialını əks etdirən reklam-çap materialları, müxtəlif kitab və broşürlər, suvenirlər, milli musiqi alətləri nümayiş etdirilir, iştirakçılara reklam-çap materialları paylanır.

Ölkəmizin Daşkənddəki səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Azəri qızları uşaq rəqs ansamblı üzvlərinin və Azərbaycanım musiqi qrupunun çıxışı iştirakçıların böyük marağına səbəb olub. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzi iştirakçılara milli yeməklərimizi və şirniyyatları təqdim edib.

Sərgi çərçivəsində Özbəkturizm Milli Şirkətinin və Daşkənd Dövlət İqtisadiyyat Universitetinin birgə təşkilatçılığı ilə Turizm infrastrukturunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi şəraitində ekoturizmin rolunun yüksəldilməsi mövzusunda konfrans keçirilib. Tədbirdə bildirilib ki, Özbəkistanda ekoturizmin inkişafına xüsusi diqqət verilir, bu sahənin potensialı durmadan artır.

Konfransda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmizin turizm potensialı, ekoturizmin inkişafı sahəsində görülən işlərlə əlaqədar çıxış edib. O, bildirib ki, Azərbaycan rəhbərliyi turizmin inkişafına böyük diqqət yetirir, regionlarda yeni-yeni turizm obyektləri, mehmanxanalar tikilir: Yer kürəsindəki 11 iqlim qurşağının 9-u Azərbaycanda mövcuddur. Ölkəmizdə müalicəvi Naftalan nefti insanlara şəfa verir, indikeçmiş SSRİ məkanından, o cümlədən Özbəkistandan Naftalana müalicəyə gəlirlər.

Samir Abbasov çıxışında ölkəmizdəki tarixi abidələr haqqında da ətraflı söhbət açıb.

Qeyd edək ki, Böyük İpək Yolu ilə turizm beynəlxalq turizm yarmarkası oktyabrın 11-də başa çatacaq.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 11 oktyabr.- S. 9.