Müstəqilliyimizin həmyaşıdı

 

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyası ilbəil zənginləşir

 

Mən bu gün fəxrlə qeyd edirəm ki, artıq 10 ildir çalışdığım Azərbaycan İstiqlal Muzeyi dövlət müstəqilliyimizin həmyaşıdıdır. Hələ keçən əsrin əvvəlində, 1919-cu ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümü münasibətilə parlamentin binasında Azərbaycan İstiqlal Muzeyi təşkil olunub. Lakin 1920-ci ilin 28 aprelində Azərbaycan bolşevik Rusiyasının “Qırmızı ordusu” tərəfindən işğal olunduqdan sonra muzey fəaliyyətini dayandırdı.

Tarix sübut edir ki, hər bir xalq, dövlət milli suverenlik hüququ uğrunda daim mübarizə aparsa, o gec-tez öz arzusuna, müstəqilliyinə nail olacaq. Məhz xalqımızın dövlətçilik ənənəsi, azadlıq düşüncəsi XX əsrin sonunda, 71 il sonra öz bəhrəsini verdi.

1991-ci il yanvarın 9-da təkrarən yaradılan İstiqlal Muzeyi Azərbaycanın keçdiyi tarixi mərhələlərdə xalqımızın müstəqillik uğrunda mətin mübarizə yolunu əks etdirməyi qarşısına məqsəd qoydu. Muzeyimizin eksponatlarında Vətənimizin iki yerə parçalanmasının tarixi, Cənubi Azərbaycandakı inqilabi hərəkatlar, XX əsrin əvvəlində Cənubi Qafqazda baş verən tarixi hadisələr, sovet hakimiyyəti dövründə xalqımızın layiqli şəxsiyyətlərinin, qabaqcıl ziyalılarımızın irticaya məruz qalması, İkinci Dünya müharibəsi illəri, 80-ci illərdə əzəli torpağımız olan Qarabağda erməni işğalçılığının başlanması, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması, onun dövlət müstəqilliyimizi möhkəmləndirmək yolunda yeritdiyi uzaqgörən siyasət, respublikamızın bugünkü inkişafı öz əksini tapıb.

Sevindirici haldır ki, muzeyimizin eksponatları günbəgün artır. Təkcə onu göstərmək kifayətdir ki, yeni yaradılanda muzey eksponatlarının sayı 7000 idisə, hal-hazırda 20 mini ötüb.

1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Bakının erməni-bolşevik işğalından azad olmasında iştirak etmiş əsgər Əhməd Əli oğlu sovet hakimiyyəti dövründə həbs olunub və 10 illik həbsdən sonra vətəni Türkiyəyə qayıdarkən XX əsrin əvvəlində Azərbaycandakı tarixi hadisələr əks olunanİmadül İslam” və “Darektə Şarxi” adlı kitabları ailəsinə yetirib. Türkiyə vətəndaşı, muzeyşünas Məşidə Niğmət Məmişə isə bu ilin aprelində Bakıda olarkən bu tarixi hadisələrin 95 illiyi münasibətilə babasının yadigarı olan həmin kitabları muzeyimizə hədiyyə edib.

2011-ci ildə Azərbaycanın xalq şairləri Balaş Azəroğlu və Mədinə Gülgünün 50-yə yaxın şəxsi əşyası muzeyimizə təqdim edilib. Bunların arasında şairin “Şöhrət”, “Xalqlar dostluğu” ordenləri, müxtəlif vəsiqələr, fəxri fərmanlar var. Bu eksponatlar muzeyimizin əməkdaşı olan, tarixçi Lütfəli Ərdəbilinin şəxsi arxivi əsasında yaradılan zalda nümayiş olunur.

Muzeydə olan eksponatlardan Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın toxuduğu çələng, 20 Yanvar şəhidi Ağabəy Novruzbəylinin ölüm qabağı yazdığı məktub, 20 Yanvar faciəsini, Qarabağ hadisələrini və Xocalı faciəsini lentə alan reportyor Seyidağa Mövsümlüyə məxsus videokamera və digər bu qəbildən olan sənədlər Vətən övladlarının şanlı yolunu işıqlandıran dəyərli eksponatlardandır.

İstiqlal Muzeyi öz profilinə uyğun Azərbaycan tarixi üçün əhəmiyyətli olan günlərinə həsr olunmuş müxtəlif tədbirlər keçirir. Bu tədbirlər ilk növbədə gənc nəsildə vətənpərvərlik ruhunu yüksəltmək məqsədi güdür.

Son illər milli muzeyşünaslığımızın inkişafı istiqamətində çox ciddi tədbirlərin həyata keçirilməsi bizdə böyük ruh yüksəkliyi doğurur. Möhtərəm Prezident İlham Əliyevin mədəniyyətə diqqət və qayğısı, ölkədə muzeylər şəbəkəsinin genişlənməsi, bəzi muzeylər üçün yeni binaların tikilməsi ölkədə əhali arasında muzeylərin nüfuzunun artmasına da müsbət təsirini göstərir.

 

Nigar Qazızadə,

 

Azərbaycan İstiqlal Muzeyinin elmi katibi

 

Mədəniyyət.- 2013.- 11 oktyabr.- S. 12.