Monako knyazı Venesiya Biennalesində ölkəmizin pavilyonuna baş çəkib

 

Monako knyazı II Alber 55-ci Venesiya Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən Azərbaycan pavilyonu ilə tanış olub. Heydər Əliyev Fondundan verilən məlumata görə, knyaz II Alber “Ornamentlər” devizi altında təqdim edilən pavilyonun Azərbaycanın tarixi və mədəni irsi barədə zəngin təəssürat yaratdığını qeyd edib. O, gələcəkdə Azərbaycan mədəniyyətinin Monakoda da tanıdılmasına xidmət edən layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Azərbaycanın 55-ci Venesiya Biennalesindəki milli pavilyonu iyunun 1-də açılıb və noyabrın 24-dək davam edəcək. Pavilyonda Azərbaycanın 6 müasir rəssamı - Rəşad Ələkbərov, Fəxriyyə Məmmədova, Çingiz, Sənan Ələskərov, Bunutay Haqverdiyev, Fərid Rəsulovun müasir incəsənət nümunələrinin vasitəsilə milli-mədəni irsimiz təqdim edilir.

Ölkəmiz Venesiya Biennalesində 2007-ci ildən iştirak edir. Azərbaycanın builki pavilyonu 88 iştirakçı ölkə arasında ilk beşlikdə yer alıb.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 2.