Prezident İlham Əliyev və mədəniyyət”

 

Dövlət başçısının 2008-2013-cü illərdə fəaliyyətini əks etdirən ikicildliyin təqdimat mərasimi keçirildi

 

Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında nəşr olunanPrezident İlham Əliyev və mədəniyyət (2008-2013)” kitabının təqdimat mərasimi keçirildi. İki cilddən ibarət nəşrin layihə rəhbəri və baş məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

Təqdimat mərasimində çıxış edən nazir Əbülfəs Qarayev bildirdi ki, kitabın xalqın dərin məhəbbətini qazanmış İlham Əliyevin yenidən Prezident seçilməsi ərəfəsində işıq üzü görməsi xüsusilə əlamətdardır. Qeyd olundu ki, ikicildlikdə dövlət başçısının son 5 ildəki fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanıb: “Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin 2008-2013-cü illəri əhatə edən ikinci prezidentliyi dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında köklü dəyişikliklərin baş verməsi, böyük yüksəlişə nail olunması nəşrdə tam dolğunluğu ilə öz əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən İlham Əliyev mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərib. Bu sahənin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib. Hakimiyyəti dövründə gördüyü işlərin böyük hissəsi məhz mədəniyyət sahəsinin inkişafı ilə bağlıdır. Bu gün çox böyük fəxrlə deyə bilərik ki, zəngin Azərbaycan mədəniyyəti dünyada yüksək səviyyədə, layiqincə təbliğ olunurmaraqla qarşılanır. Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixə malik incilərinin UNESCO-nun bəşəriyyətin nadir inciləri siyahısında yer alması da təsadüfi deyildir. Bütün bu uğurların əldə olunmasında UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı mədəni layihələrin müstəsna rolu vardır”.

Əbülfəs Qarayev layihənin reallaşmasına layiqli töhfə vermiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına, Azərbaycan Dövlət Teleqraf Agentliyinə, eləcə də kitabın işıq üzü görməsində əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirdi.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, AzərTAc-ın informasiya baş redaksiyasının (Azərbaycan dilində) baş redaktoru Yaşar Quluzadə çıxış edərək ölkənin mədəni həyatında mühüm hadisə olan yeni nəşrin əhəmiyyətindən danışdılar. Bildirdilər ki, poliqrafik baxımdan böyük zövqlə hazırlanan bu dəyərli kitabı vərəqləyən hər bir kəs Azərbaycan mədəniyyətinin son illərdə keçdiyi inkişaf yolu ilə bir daha tanış olacaq, zəngin mədəni irsimizin dünya miqyasında tanınması və təbliği istiqamətində görülən böyük işlərin, həyata keçirilən layihələrin mahiyyətini dərk edəcək.

Bildirildi ki, Azərbaycanda mədəniyyət siyasətini və əldə edilən uğurları əks etdirən, Prezident İlham Əliyevin beynəlxalq tədbir və görüşlərdəki tarixi çıxışlarını toplu halında oxucuya çatdıran, qazanılmış nailiyyətləri fotoşəkillərin “dili” ilə geniş auditoriya ilə bölüşən nəşr son beş ildə mədəniyyət tariximizin salnaməsidir. Prezident İlham Əliyevi yenidən dövlətimizin başçısı seçilməsi münasibətilə təbrik edən natiqlər ona ölkə həyatının bütün sahələrinin, o cümlədən milli mədəniyyətimizin daha böyük sürətlə inkişafı naminə məqsədyönlü fəaliyyətində uğurlar arzuladılar.

Qeyd edək ki, “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyinin I cildinə ölkə başçısının son beş ildə ədəbi-mədəni irsimizə, mənəvi dəyərlərimizə bağlılığını, hörmətini və sonsuz qayğısını ifadə edən nitqləri, çıxışları, müsahibələri və digər materiallar daxil edilib. Bu cilddə həmçinin Prezident İlham Əliyevin ölkənin müxtəlif guşələrində mədəniyyət obyektlərinin bünövrəsinin qoyulmasında və açılışında iştirakından bəhs edən geniş materiallar əksini tapıb.

Nəşrin II cildində isə dövlət başçısının son beş ildə mədəniyyət sahəsi ilə bağlı imzaladığı qanun, fərman və sərəncamlar yer alıb.

“Şərq-Qərb” nəşriyyat evində işıq üzü görən ikicildlik Azərbaycanın mədəniyyət tarixini, eləcə də respublikamızda mədəniyyət sahəsində mövcud qanunvericiliyi öyrənənlər üçün zəngin məlumat mənbəyidir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 3.