Arif Məlikov həqiqəti

 

Həmişə təzə, hər an real məhəbbəti əfsanələşdirmiş çağdaşımızın yubiley gecəsindən...

 

Təbiət hadisələri... Onları hamı bilir deyə, bir söz deməyə ehtiyac yox. Bəs cəmiyyət hadisələri? Yox, bunların hamısı müstəqim deyil deyə (məcaziləri də olduğuna görə), gərək bir neçəsinin adını çəkəsən; Nizami, Şekspir, Bethoven, Motsart, Üzeyir bəy Hacıbəyli, Qara Qarayev... və bu fikrimin səbəbkarı - Arif Məlikov!

Oktyabrın 12-si axşam saat 7 ərəfəsində Azərbaycan Dövlət Filarmoniyasına tələsənlər, vaxt yaxınlaşdıqca həmin məkan astanasına toplaşanlar, tək-tək və ya dəstə-dəstə içəriyə doğru addımlayanlar, ən nəhayət, 19.00-da məlum və məşhur salonda əyləşənlər başlanış anınadək keçən beş-üç dəqiqədə təbii ki, böyük Azərbaycan mədəniyyəti, zəngin Azərbaycan sənəti, ecazkar Azərbaycan musiqisi barədə də çox şeylər düşünüb-daşınırdılar. Bəs, görəsən, o düşüncələr arasında belə bir daşınca da vardımı ki, nədən “filosof-yazıçı” (şair, rəssam və s.) “təyin”atı bəstəkarlara da şamil edilmir? Axı mahiyyətində fəlsəfə olmayan heç bir nəsnə əsrlərlə yaşaya bilməz! Bu haqda çox misallar çəkmək, nümunələr gətirmək olardı, - əgər heç bir yazıya sığışmayası Arif Məlikov fenomeninin 80 illik yubiley gecəsini işıqlandıran bu yığcam reportajın reqlamentinə müdaxilə etməli olmasaydıq. Amma həmin “fəlsəfə-filosof” mülahizəsini qəhrəmanımızın öz şəxsində də paraflamaq olar. Ölməz simfoniyalarından ilkini 24 yaşında yazmış, 52 ildir Sankt-Peterburqun - münsiflərbaşı şəhərin səhnəsindən düşməyən “Məhəbbət əfsanəsi” şedevrini 28 yaşında yaratmış qəhrəmanımızın şəxsində-şəxsiyyətində!..

...Saat 19.00. Sonuncu boş yerlər də dolurbütün baxışlar səhnəyə - yüksək sənət nizamı ilə yerləşmiş orkestrə dikilir. Bir azdan başlanası sənət tufanı öncəsi əzəmətli bir sükut. Ardınca - bir azdan könülləri riqqətə gətirəsi gözəl musiqi əsərlərinə, səhnədə bərqərar olmuş orkestrə, dirijora sayğı alqışları... və bu da salona ilk səsləniş:

- Hörmətli xanımlar və cənablar! Görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, professor Arif Məlikovun 80 illik yubiley gecəsinə başlayırıq. Gecənin açılışı üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi səhnəyə dəvət edirik.

Alqışlar altında səhnəyə gələn nazir tədbir iştirakçılarını salamlayır, gözəl bir axşama toplaşdığımızdan hər kəs kimi məmnunluq hissləri yaşadığını bildirir. Qeyd edir ki, Arif Məlikov - elə dünyəvi əsərləri qədər böyük şəxsiyyət, ictimai xadim, ümummilli tədris-təlim imicli müəllimdir. “Onun təkrarsız əsərləri dünyanın 80-dən çox ölkəsində səslənib və zaman keçdikcə daha çox ölkələri fəth edəcək, sevilə-sevilə dinləniləcək. Son illər dünyanın bir neçə nəhəng konsert salonlarında Azərbaycan musiqisinə Arif Məlikovun əsərlərilə start verilib, açılış edilib. Dünya ölkələri, ayrı-ayrı millətlər, xalqlar bir-birinə əsasən mədəniyyət körpüləri ilə yaxınlaşıb qovuşurlar ki, bu gün 80 illik yubileyinə toplaşdığımız Arif Məlikov 60 ilə yaxındır bu mənəvi keçid-körpü obrazı kimi tanınır, fəaliyyət göstərir. Arif Məlikov bütün yüksək adların, mükafatların laureatıdır. Arif Məlikov ötən əsrin sonlarında xalqımızın milli azadlıq mübarizəsində səsini yüksəklərə ucaltmış, həqiqətləri söyləmiş mübariz ziyalı-sənətkarlarımızdandır. Mən böyük bəstəkarımızı və sizləri - onun 80 illiyinə toplaşmış qədirbilən tamaşaçıları ürəkdən təbrik edirbu gözəl gecəyə uğurlar arzulayıram”.

Mədəniyyət və turizm nazirinin bu qısa çıxışı böyük sənət adamının yubiley gecəsinə son dərəcə xəlqi bir səmimiyyət aşılayır, sürəkli alqışlar qopur. Görkəmli dirijor, Xalq artisti Rauf Abdullayevin səhnəyə gəlişi əlavə bir dinamik ovqat yaradır və bu andan etibarən cəmisi dörd dəfə eşidiləcək sözlər, kəlmələr (“bravo!”, “yaşa!” və sair şövqi-nidalar istisna edilməklə) sözü musiqiyə verir. Həmin dörd söz-müdaxilədən birincisi:

- Arif Məlikov. Simli orkestr üçün 4 saylı simfoniya.

Bəli, yuxarıda “söz, kəlmə sözü musiqiyə verirfikrini elə-belədən işlətmədim. Lap yuxarıdakı “filosof-bəstəkar” təyinim də sözgəlişi deyildi. Nədən ki, bu əsər tək elə not məsələsi deyil, həm də bir nitq misalıdır. Bəstəkarın partituraya danışdıqlarının dirijor çubuq-“qələm”i və orkestr dili ilə salona nəqlidir. Bu simfoniya öncə bizə (və əlbəttə, indiyədək yüz minlərə, bundan sonra neçə-neçə nəsillərə, milyonlara) ümumovqati bir gərginlik təlqin edir, poetik-polifonik tufan qoparır. Hamını oyanış həddinə, tam qavram kondisiyasına çatdırandan sonra sanki hər kəsi, hər şeyi görüb, hər səsi eşidən sənət yuxusuna qərq edir. Bir qəlbin həzin bəyanatı kimi səslənir bu taktlar. Hərdən monoloq, hərdən dialoq kimi havalanır. Gah aşiq, gah məşuqsayağı sözlər deyir, səslər çıxarır bu çalğılar. Bunların hamısının vəhdəti isə polifonik bir gülüstan, bitməz bir dastan...

Bu simfoniyanı dinlərkən məndə yaranan bir qənaət sonra səsləndirilən 6 saylı (“Təzadlar”), habelə 2 və 7 saylı simfoniyalara da aiddir. Həmin qənaətimsə bu ki; bəzən eyni ladda dayanmaqdan yorulmayan müəllif bizi özündən də çox, özündən də ləzzətli bir tərzi-təcəllada yormur. Təkrarları füsunkaranə, dahiyanə dərəcədə təkrirlər kimi təqdim edir. Yeri gəlmişkən, mən bu qənaətimlə (və bundan sonrakılarda) peşəkarlıq, musiqişünaslıq iddialarından çox uzağam; bunlar, sadəcə, həmin əsərləri dinlədiyim anlarda bloknotuma düşən notlardır. Bloknotumdakı tamamilə şəxsi bir qeydi də diqqətinizə çatdırmaqdan çəkinmirəm; “Görəsən bax-bax bu an Sankt-Peterburqda bax bu taktlar üçün darıxan, bu musiqiləri məşq və zümzümə edən nə qədər adam var?..”

Bloknotumdakı daha bir neçə qeydin üstündən sükutla keçərək deyim ki, 6 saylı simfoniya çox əzəmətli, hədsiz dinamik-dramatik səslərlə özson sözünü deyib, son akkordunu vurur. Alqışlar, alqışlar, alqışlar... İşi belə görən müəllif salonun orta sıralarındakı yerindən qalxıb, arasıkəsilməz alqışlardan, “bravolardan, “neynim-necə eləyim” vəziyyətdə qalmış dirijora yaxınlaşır, onunla əl tutub təşəkküranəlik görkü alır və az qala həmin əsərin xronometrajı qədər vaxt keçdikdən sonra “məcbur” qalıb yerinə qayıdır. “Nagahan” aparıcısının ikinci səslənişi:

- Arif Məlikov. 6 saylı simfoniya - “Təzadlar”.

Bu simfoniya bir şimşək çaxışı, ildırım düşümü kimi başlanır. İnsana məxsus emosiya və hiss-həyəcanların demək olar hamısı oyanır. Yaxşı ki, “təzadlar” sözü də işlədilir bu simfoniyanın təqdimatında, yoxsa hisslərimiz təlaş-“təhlükədən” yaxa qurtara bilməz - bu simfoniyanın başlanğıcında! Bəli, bir az sonra idillik bir incəlik, həzinlik, həlimlik notları... Ancaq bu da uzun çəkmir və yenidən dramatizm! Bir neçə an davam edən səs-sədalar üsyanı! Bu səslərə alternativ söz işlətməli olsaq - atəşsiz, qan-qadasız bir müharibə! Müəllifin bütün digər əsərlərinə nisbətdə zaman-zaman daha çox səsləndirilən “Məhəbbət əfsanəsi” baletindəki sevgi ”davaları” 6 saylı bu simfoniyadakı “müharibə” ilə də ovsuni bir təzadlılıqla seçilir. Bu əsər səslər əfsanəsi kimi hopur yaddaşlara. Gah lal, gah qıjov axan çaylar timsallı bu simfoniya! Qulaqlarda böyük Fikrət Əmirovun “Azərbaycan kapriççiosukimi şaqqıldayan bu əzəmətli əsər! Bütün ülvilik, həzinlik, sərtlik, amiranəlik səslərinin vahid çəkicini eyni zindana vuran bəstə! Burada Şah İsmayılın qələbə notları da var, Xocalımızın qətliam, Şuşamızın işğal takt-faktları da...

Müəllifin 2 saylı simfoniyasında isə qəribə bir təbiət-cəmiyyət paralelliyi, real obyekt-subyekt dualizmi hiss olunur. Eyni və müxtəlif səslərin harmoniyası vəhdət duyğular, şirin uyğular yaradır. Onlar gah Vətən seyrəngahlarını xatırladır, gah vətəndaş-əsgər düzlənişini. Bu əsərdəki səslərin çoxu pıçıltılar təsiri də buraxır həssas qulaqlarda, qəlbi qəlblərdə. Qınayan olmasa, mən bu əsəri “Pıçıltılar simfoniyası” adlandırardım...

Və nəhayət, 7-ci simfoniya!! Bu nidalardan biri məndə başqa bir dahinin elə həmin saylı simfoniyasını xatırlamağımdan yana yaranaraq qoyuldu. D.Şostakoviçin 7-ci simfoniyasını deyirəm. Şostakoviçinkində müharibə, qan-qadalı mühasirə, Məlikovunkunda isə bəşəri sülh. Sonda isə əzəmətli, döyüşkən, müharibələrə qarşı müharibə notları!

Yenə (və daha çox) alqışlar və bu səslər içərisindən sezilən nidalı çağrılar: “Müəllif! Müəllif!” Və böyük sənətkarımızın ağır, asta, usta, Ustad addımlarla səhnəyə qalxışı, qolu qüvvətli gəncliyin yorulmaz, susmaz alqışları, ağzıdualı ağbirçək və ağsaqqalların alxışları...

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 6.