Şəkidə “Şəhər Günü” təntənə ilə qeyd edilib

 

Oktyabrın 11-də Şəkidə “Şəhər Günü”nə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Tədbirdə Milli Məclisin deputatları, respublikamızın tanınmış elm və incəsənət xadimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət kollektivləri iştirak edib.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra şəhərin mərkəzində - Azadlıq meydanında bayramın açılış mərasimi olub. Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov mərasimə toplaşanları əlamətdar tarix - Şəkinin 2701 illiyi münasibətilə təbrik ediblər. Vurğulanıb ki, artıq ikinci ildir qeyd olunan bu tədbir Şəkinin tarixini, mədəniyyətini, folklorunu, sənətkarlıq nümunələrini, etnoqrafiyasını, mətbəxini daha geniş təbliğ və nümayiş etdirmək məqsədi daşıyır. Qeyd olunub ki, zəngin tarixə, qədim mədəniyyətə malik olan Şəkidə bu bayramın keçirilməsinin böyük əhəmiyyəti var. Prezident İlham Əliyev Şəkinin Azərbaycan tarixində xüsusi yerini qeyd edərək deyib: “Elə tarixi şəhərlər var ki, onların tariximizdə, Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda dövlətçilik ənənələrinin yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir”.

Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan nadir bir məkandır. Şəhərdə Azərbaycan memarlığının ən gözəl abidələri yerləşir. Zəngin tarixi-mədəni irsin qorunub saxlanılması nəticəsində Şəki həm də Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib. Son illər Şəki özünün yeni inkişaf mərhələsini yaşayır, şəhərin mədəni həyatında böyük canlanma hiss olunur. Görülən bütün bu işlər, yeniliklər dövlətimizin başçısının Şəkiyə xüsusi diqqəti və qayğısı nəticəsində mümkün olub.

Tədbir iştirakçıları meydanda təşkil olunmuş kitab sərgisinə, “Qədim və müasir Şəki” mövzusunda fotosərgiyə baxıb, Şəki Musiqi Kollecinin xororkestrinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəfəsli alətlər orkestrinin çıxışlarını, Bakıdan gəlmiş “Təbəssüm” mahnı və rəqs qrupunun şux musiqi nömrələrini izləyiblər. Şəki gənclərinin hazırladıqları “Şəhər ritmləri” adlı fləşmob da maraqla qarşılanıb.

Sonra tədbir şəhərin “Yuxarıbaş” Tarix-Memarlıq Qoruğunun ərazisində davam etdirilib. Burada Respublika Atçılıq Turizm Mərkəzinin təşkilatçılığı ilə xalqımızın qədim atüstü milli oyunlarından olan çövkən oyunu nümayiş olunub. Sonra iştirakçılar Azərbaycan memarlığının nadir incilərindən olan XVIII əsrə aid tarix-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsi ətrafında maraqlı konsert proqramını izləyiblər. Gəncə Musiqi KollecininOzan” qədim çalğı alətləri ansamblının, “Təbəssüm” mahnı və rəqs qrupu üzvlərinin çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

İştirakçılar qoruğun ərazisində Şəki sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıb, kəndirbaz və pəhləvanların çıxışlarını izləyiblər. “Şəhər Günü”nə həsr olunmuş bayram tədbiri rəngarəng konsert proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 8.