Öz qəhrəmanlarına bənzəyən yazıçı

 

Yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi Sədaqət Kərimovanın 60 illik yubileyinə

 

Eşitdim ki, 60 illik yubileyini qeyd etmək üçün yaxınları, əzizləri, həmkarları, ilahi sözə, poetik duyğulara ehtiyac duyan, onları dəyərləndirməyi bacaran insanları bir araya toplamısan. Gün o gün olsun ki, o gözəl qələminin işığına bundan da çox pərəstişkarın yığışsın, neçə-neçə belə yubileylərin təşkil olunsun. Onda düşünən və düşündürən, gah azacıq sərtləşib, tezcə mülayimləşən, şən, həyatsevər gözlərindən öpüb öz sözlərinlə deyərdim:

 

Sevincdən şeirlər doğulmaz, gülüm,

Şadlıqdan, fərəhdən şeir göyərməz.

Var-dövlət içində, firavanlıqda

Kimsə söz toxumaz, sətir əyirməz.

 

Sən öz əsərlərinin qəhrəmanlarına çox bənzəyirsən. Bəzən mənə elə gəlir ki, sən özündən çox başqalarının ömrünü yaşamısan. Ömrün-günün başqalarının qayğı yükünü azaltmaqla, onların dərdlərini yüngülləşdirməklə, özgələrin sevinc və kədərləri ilə ömrünü naxışlamaqda ilmələnir, toxunur. Ürək rahatlığını, qəlb sakitliyini insanlara göstərdiyin mərhəmətdə tapan duyğulu qələm sahibisən.

Ölkəmizin dağlarına, gül-çiçəkli yaylaqlarına, zümrüd meşələrinə, coşqun çaylarına bu qədər vurğunluğuna heyrət edirəm. Gözəl şeirlərin, düşündürən povest və romanların öz mayasını şehli çəmənlərdən, çobanların tütək səsindən alıb. Özümü xoşbəxt sayıram ki, ömür yolumun səninlə 32 illik tanışlıq tarixi var. 1981-ci ildə mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin I kurs tələbəsi idim. Sən isə respublikamızın qocaman mətbu orqanlarından olanSovet kəndi” qəzetində işləyirdin. Bir-birindən maraqlı məqalələrin dərc olunurdu. Kəsərli qələm sahibi kimi Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatlarına layiq görülmüşdün.

Əslində sən heç vaxt fəxri ad sorağında olmamısan, adlar səni tapıb. Qələmə aldığın “Səssiz haray” (povest və hekayələr), “Bir yaz gecəsi” (povestlər), “Qərib quşun nəğməsi” (şeirlər), “Hal” (roman və povestlər), “Köklənsin dünyamız” (şeirlər və poemalar) və s. kitabların, çoxsaylı məqalə, oçerk, esse və felyetonların sənin yazıçı-jurnalist kimi istedadından xəbər verir. 13 il üzərində çalışdığın, Azərbaycan və rus dillərində qələmə aldığın “Qusar, qusarlılar” adlı ensiklopedik toplu iki il öncə işıq üzü görəndə qələm dostların, oxucuların sənin zəhmətsevərliyinə heyran oldular. 100-dən çox mahnının müğənnilər tərəfindən ifa olunması isə sənin şair-bəstəkar kimi tanındığını göstərir. Ssenari müəllifi və rejissoru olduğun iki musiqili sənədli film tamaşaçıların rəğbətini qazanıb.

“Həyat”, “Azərbaycan”, “Günay” qəzetlərində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 17 ildir, üç dildə - ləzgi, Azərbaycan və rus dillərində çıxan “Samur” qəzetinin baş redaktoru kimi jurnalistik fəaliyyətini davam etdirirsən.

Sədaqət xanım, səni ilhamınla baş-başa buraxır, yeni əsərlərlə oxucularına sevinc dolu anlar bəxş etməyini arzulayıram.

 

Zəminə Həmidova

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 12.