Bizim mahnıların nəğməkarı

 

Ötən illərin mahnıları

 

O həqiqətən də ömrü boyu bu prinsipə sadiq qaldı. Musiqi aləmində baş alıb gedən şou-biznes çatlamalarından, sənət-sənətkar çəkişmələrindən uzaq oldu, nə səs-avazını dəyişdi, nə də tələb-təklif uçurumuna yuvarlandı. Necə var idisə, elə də qaldı - təbii, canlı, fərqli, hər kəsin özünə yaxın bildiyi, bizimkiləşdirdiyi kimi.

Bu günün prizmasından baxdıqda elə əslində onun bu sadə, adi ifaçı keyfiyyətlərinin müğənninin xalq-sənətkar göstəricilərində əsas olduğunu düşünürük. Yəni xalqa yaxınlıq, sadəlik, ətraf aləmlə görünməz tellərlə bağlılıq, səhnədən, efirdən birbaşa hər bir tamaşaçının ürəyinə nüfuz etmək bacarığı da bir istedaddır. O sevgi tərənnümçüsü olduğu qədər də aşiq sənətkar idi. Buna görə də asanlıqla hamının bizim deyib özünə yaxın bildiyi tək-tüklərdən idi. Şad-xürrəm günümüzə, aşıb-daşan ünümüzə, Allah-bəndə ünsiyyətimizə bir melodiklik gətirmişdi. Yəni bizi həyatımızın ən müxtəlif anlarında, ən fərqli məqam və mərtəbələrində tək buraxmamış, səsi, avazı, düzüb-qoşduğu sözləri və isti səsi ilə müşayiət etmişdi. Bu böyük sənətkar məqamı üçün ən vacib, bəlkə də yeganə şərt idi ki, onu da Xalq artisti Məmmədbağır Bağırzadəyə Allah yaranışdan ərməğan etmişdi.

 

Öz dünyasından...

 

O, 1950-ci il iyulun 21-də Bakının Nardaran kəndində dünyaya gəlmişdi. Elə sənət yoluna, ifaçılığa da bu kənd camaatının qarşısında çıxışlarla başlayaraq, belə demək mümkünsə, ilk muğam təhsilini də bu kənddə qurulan toy məclislərində almışdı. Seyid Şuşinski, Zülfi Adıgözəlov, Xan Şuşinski, Yaqub Məmmədov, Hacıbaba Hüseynov kimi görkəmli sənətkarlarsız toy məclisləri keçirməyən Nardaran camaatı musiqisevərliyi, muğamı gözəl bilməsi, şeir-sənətdən haliliyi ilə ümumilikdə Abşeronda məşhurdur.

Məmmədbağır Bağırzadənin ailəsində də musiqiyə böyük həvəs olub. Dayısı Lətifin gözəl səsi varmış. Muğamı Seyid Şuşinski kimi nəhəng xanəndədən öyrənən Lətifin bu xüsusiyyətinin Məmmədbağırın səsində hiss olunduğunu deyirlər. Sonralar muğamın sirlərini Asəf Zeynallı adına Musiqi Kollecində Xalq artisti Əlibaba Məmmədovdan, Əməkdar müəllim Nəriman Əliyevdən öyrənərək, bununla da yeni dövrdə Azərbaycan muğam ifaçılarının Seyid Şuşinski ənənələrini layiqincə əxz edib. Həm bəstəkar mahnılarını, təsnifləri, həm də özünün yazdığı nəğmələri, elə xarici melodiyaları da xoş, fərqli bir ləhcə ilə oxuyaraq dinləyicilərin könlünü oxşayıb.

Onu müğənni kimi fərqləndirən cəhətlər arasında məlahətli səslə yanaşı, aydın diksiya, oxuduğu hər mahnıya vurduğu xal, xırdalıqlarla bəzəmək kimi bir məziyyət vardı. Taleyin bəxş etdiyi bu istedad ona vətənindən kənarda da şöhrət, sevgi gətirmişdi. Rusiya, Hindistan, İsveç, Finlandiya, Norveç, Fransa və digər ölkələrdə çıxışları və aldığı alqışlar bunu deməyə əsas verir.

 

Onu belə tanıdıq

 

Şirin, bənzərsiz səsi ilə uzun illər xalqımızın ürəyini riqqətə gətirən Məmmədbağır Bağırzadənin Azərbaycan musiqisində özünəməxsus yeri var. Müasirləri olan Arif Babayev, İslam Rzayev, Süleyman Abdullayev, Sabir Mirzəyev, Qədir Rüstəmov kimi sənət korifeyləri ilə bir dövrdə oxumaq, yaratmaq, eyni zamanda öz səsi-avazı ilə şöhrət və xalq məhəbbəti qazanmaq hər sənətkara nəsib olan xoşbəxtlik deyil.

Erkən yaşlarından xalq qarşısına çıxan, el məclisləri, tədbir və yığıncaqlara məlahətli səsi ilə bəzək verən sənətkarın ifaçılıq tərcümeyi-halı da çox zəngin və maraqlıdır. Hələ 12 yaşında ikən Nardaran kəndindəki bir toy məclisində sənətkarlar qarşısında Bayatı-Şiraz" muğamını oxuyan Məmmədbağır sonralar musiqimizə bəxş etdiyi və bizlərin hələ eşitmədiyi "təzə", "naməlum" və ən əsası axtarılan səsi ilə qısa bir müddətdə o qədər sevildi və məşhurlaşdı ki, tezliklə el şənliklərinin, dövlət konsertlərinin ən çox alqışlanan müğənnilərindən birinə çevrildi. Evlərdə, məclislərdə, hətta avtomobillərdə belə daha çox onun lent yazılarını dinləyirdilər. Bu böyük məhəbbət və istəyin, tələbin qarşısında nə bədii şuralar, nə dövrün efir qaydaları, nə də müəyyən zümrənin fikri tab gətirə bilərdi.

 

Həm də muğam

 

Müğənninin milli radiomuzun fonotekasında saxlanılan Rast, Segah Zabul dəstgahları, mavi ekranda böyük sənətkarımız Zülfü Adıgözəlovun yolu ilə oxuduğu Şikəsteyi-fars şöbəsi onuncür mahir muğam ustası olduğuna sübutdur. Bu məqamda bir faktı da vurğulayım ki, ifaçı Segah Zabul muğamına üç təsnif yazaraq əlavə edib. Bəstələdiyi digər mahnıları isə, özününetiraf etdiyi kimi, çox sevdiyi Şur və Dilkəş ladlarından bəhrələnərək ərsəyə gətirib. Yəni Azərbaycan musiqilərini yad, gəlmə, bəsit boğazlardan qorumaq üçün əzəmətli muğamlarımızla rövnəqləndirib.

 

Söylə, yadındamı?..

 

Onun bir müğənni kimi yetişməsində gözəl bəstəkar Ələkbər Tağıyevin danılmaz əməyi olub. 1976-cı ildən başlanan müğənni-bəstəkar tanışlığı sonradan möhkəm yaradıcılıq əlaqəsinə çevrilir. Bəstəkarın Söylə, yadındamı?, Sənsən həyatım, Mənəm, Sən gəlməz oldun, Kəndimizin gözəlləri, Təzə gəlin, Yadıma düşdü, Xızı dağları kimi mahnıları müğənninin yaradıcılığından ayrıca bir xətlə keçdi. Onun efir-ekrana yol tapmasına, geniş tamaşaçı auditoriyası qazanmasına səbəb oldu. Düzdür, qeyd etdiyim kimi, o buna qədər də çox tanınırdı, amma təbii ki, dövrün efir maneələri müəyyən mənada yolunu kəsirdi. O, açılan geniş sənət üfüqlərindən dolayı Ələkbər müəllimə olan sevgi və ehtiramını da özünəməxsus formada bildirib. Belə ki, bütün konsertlərini Ələkbər Tağıyevin Azərbaycan oğluyam mahnısı ilə açıb. Ona görə də bu mahnı onun konsert proqramlarının rəmzinə çevrilib.

 

Bələdçilik

 

Bu da onun sənət taleyi idi. Qəribə səslənsə , bəlkə özü belə istəmədən o, bu yolun əsasını qoydu, ifaçılığa sövq-təbii bir cəsarət gətirdi. təbii ki, ötən əsrin 70-80-ci illərində musiqi aləminə təzə qədəm qoyan gənc müğənnilərin əksəriyyəti Məmmədbağır kimi oxumağa, onun ifa incəliklərini təkrar etməyə, hətta həyatda da ona oxşamağa can atdılar. O, səhnə mədəniyyəti, geyim-kecimi, zahiri görünüşü ilə fərqlənməyi bacardı. Bu mənada Məmmədbağır Bağırzadə musiqi aləmində yüksək professionallığından çoxlarının qibtə edəcəyi səhnə mədəniyyətindən əlavə, həm Allahın ona bəxş etdiyi xeyirxahlığı, ədəb-ərkanı, mehribançılığı ilə seçilirdi.

Musiqi dünyasında yalnız Məmmədbağır səsinə, ifaçılığına xas olan zəngulələr, musiqiçilərin dili ilə desək, bu zəngulələrin içində etdiyi onu hamıdan fərqləndirən əlavə boğaz xırdalıqları" onun muğam ifasına, nəğmələrinə xüsusi bir məlahət, şirinlik gətirirdi. O, oxuduğu mahnılara həyat verirdi onları sənət əsərinə çevirərək xalqa yaxınlaşdırırdı. İfa etdiyi muğam mahnılardakı sözləri elə bir aydınlıqla, ustalıqla dinləyiciyə çatdırırdı ki, dodaqlarından qopan hər bir söz, hər bir kəlmə sanki ürəyimizin, qəlbimizin ən incə yerlərinə toxunurdu.

 

"Musiqisi Məmmədbağır Bağırzadənindir"

 

Bu sözləri eşidən hər kəs istər-istəməz xoş bir əhval içində olar, yeni bir zəngulə, boğaz, avaz üçün diqqət kəsilərdi. Sonralar Məmmədbağırın bəstələdiyi mahnılar insanların ruhunu oxşadı, zövqünə təzəlik gətirdi. 30-dan çox mahnının yer aldığı bu sıralamada Darıxıram, Dözə bilmirəm, Güman yeri var, Qaldı dağlarda, Olmaz, Axtarır gözüm səni, Qəhrəmanlıq nəğməsi, Dindir məni, "Ana dünyası", Xoşum gəlir", "Axtarır gözüm səni" kimi nümunələri qeyd etmək istərdim.

Müğənninin repertuarında tanınmış bəstəkarlar Oqtay Kazımov, Nəriman Məmmədov, Tahir Əkbər digərlərinin mahnıları da xüsusi yer alırdı.

 

Xatırlayarsan...

 

Məmmədbağır Bağırzadənin yazdığı mahnı qəzəllər fəlsəfi məna, tərbiyəvi xarakterli ibrətamiz yükü ilə seçilirdi. Fani dünya, müvəqqəti həyat, kəsirli ömür, vəfasız ömürdən ata-anaya məhəbbət, bacı-qardaşa sevgi, övlada bağlılıq, dostluq, dürüstlük, sədaqət, mehribanlıq saymaqla bitməyən insani dəyərləri musiqili dillə elə gözəl, sadə, şaqraq formada təqdim edirdi ki, onun bu məsləhət-məşvərətindən bezmək, ya vaz keçmək olmurdu. Bizi bizə elə gözəl izah edib, özümüzdən sapmamağı da notlaşdırıb melodiya qanadlandırırdı. O mahnılar elə bəlkə buna görə dillər əzbəri idi.

 

Kimlərə qaldı dünya

 

Təbii ki, hamı kimi o da bu həqiqətin fərqinə varır, onu da gözləyən sonluğa melodik dildə cavab verirdi. Sanki meydan oxuyurmuş kimi.

Məmmədbağır Bağırzadə bu fani dünyanı ömrünün 55-ci payızında (2005-ci ilin 30 oktyabrında) tərk etdi. Gözəllik aşiqi olan, onu layiqincə qiymətləndirməyi bacaran sənətkar sanki bu dünyadan doyub başqa bir dünyanın gözəlliklərinə valeh olmağa tələsirdi. Onun gedişi təbii ki, hər kəsi sarsıtdı. Bunu Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində iştirak edən insan selinin iştirakçısı kimi bir daha gördüm. İzdihamın içində hər kəs ona ehtiramını bildirir, xalqın həqiqi sənətkarı olmasını sanki hüznləri, göz yaşları ilə bir daha isbatlamaq istəyirdi. Bu, sənət adamı kimi onun bəlkə ən böyük qazancı idi.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 13.