İtaliyanın regionlarında Azərbaycanın təqdimatı

 

Heydər Əliyev Fondu Azərbaycanı İtaliyanın regionlarında daha yaxından tanıtmaq üçün yeni layihənin həyata keçirilməsinə başlayıb. Layihə çərçivəsində ilk tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Avropanın mədəniyyət mərkəzlərindən sayılan Florensiya şəhərində gerçəkləşib. Leonardo da Vinçi, Mikelancelo, DanteQaliley kimi dünyaca məşhur şəxsiyyətlərin şəhərində Azərbaycanın incəsənət ustaları ölkəmizin zəngin mədəniyyətini tamaşaçılara nümayiş etdiriblər.

Florensiya Bələdiyyə Teatrında keçirilən mərasimdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək iki ölkə rəhbərlərinin səyləri nəticəsində dinamik inkişaf edən Azərbaycan-İtaliya əlaqələrindən, xüsusilə də mədəniyyət sahəsində münasibətlərimizin inkişafından danışıb. Diplomat Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində ölkəmizin dünyada daha da geniş tanıdılması istiqamətində böyük işlər həyata keçirdiyini diqqətə çatdırıb.

Sonra Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri maraqlı konsert proqramı ilə çıxış edib.

Orkestr Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev və başqalarının ölməz əsərlərini ifa edib. Solistlərimizin də ifaları maraqla qarşılanıb.

Tədbirdə Florensiya şəhərinin rəhbərləri, regionun tanınmış şəxsləri, eləcə də Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov da iştirak edib.

Florensiya Şəhər Şurasının sədri Eugenio Giani tədbirin təşkilatçılarına onlara bəxş etdikləri bu maraqlı konsert üçün minnətdarlığını bildirib. O deyib ki, gələcəkdə həyata keçiriləcək belə layihələr Azərbaycan-İtaliya əlaqələrini daha da möhkəmləndirmək üçün imkanlar yaradacaq.

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 3.