Hərbi vətənpərvərlik mövzusunda yeni layihə

 

Oktyabrın 18-də Zərdabi Mətbuat Mərkəzi “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC və “Atilla” jurnalı ilə birgə yeni layihənin təqdimatını keçirib. Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə “Hərbi vətənpərvərlik tərbiyəsindən qəhrəmanlıq zirvəsinədək” adlı layihənin gündəmə gəlmə zərurətindən, mövzunun aktuallığından danışıb. Sonra o, layihənin gerçəkləşməsinə dəstək göstərən “Vətən” MMC-nin sədri, Qarabağ döyüşlərinin iştirakçısı, “Azərbaycan bayrağı” ordenli İbad Hüseynova mərkəzin diplomunu və hədiyyəsini təqdim edib.

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin sədri Şahvələd Əliyev layihə çərçivəsində monitorinqlərin aparılacağını, Bakıda və bölgələrdə dəyirmi masaların, görüşlərin təşkil ediləcəyini bildirib.

Milli Məclisin deputatları Cavanşir Feyziyev, Etibar Hüseynov, Aqil Abbas, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və başqaları hərbi vətənpərvərlik mövzusunun daim gündəmdə saxlanılmasının vacibliyini bildiriblər. Qeyd olunub ki, bu istiqamətdə təbliğat yeni dəyərlərlə zənginləşməlidir.

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 13.