Qubada "İlin kitabxanaçısı müsabiqəsi üzrə tədbir

 

Oktyabrın 14-də Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxu zalında Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "İlin kitabxanaçısı 2013" müsabiqəsinin II turu çərçivəsində 2011-2012-ci illərin yubilyar yazıçıları rubrikasında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri MKS-nin direktoru Saməddin Nəsirov açaraq İlin kitabxanaçısı 2013 müsabiqəsi haqqında məlumat verib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Pirəli Rüklü çıxış edərək bu kimi tədbirlərin əhəmiyyətindən danışıb.

MKS-nin informasiya-resurs şöbəsinin müdiri Vahid Əliyev, yazıçı-publisist, ədəbi tənqidçi Kərim Dünyamalı görkəmli dramaturqun həyat və yaradıcılığı haqqında çıxış ediblər. Bildirilib ki, Mirzə Fətəli Axundzadə Azərbaycan mədəniyyətinin, ictimai-siyasi, fəlsəfi, etik və ədəbi fikrinin ən görkəmli nümayəndələrindən biridir. Milli dramaturgiyamızın banisi, realist bədii nəsrin yaradıcısı, əlifba islahatının təşəbbüskarı olan mütəfəkkir ədibin zəngin və çoxcəhətli yaradıcılığı ümumşərq və ümumbəşəri miqyasda əhəmiyyət kəsb edir.

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 15.