Turan Cavid xatirələrdə”

 

Oktyabrın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində böyük şair-dramaturq Hüseyn Cavidin qızı, görkəmli mədəniyyət xadimi Turan Cavidin anadan olmasının 90 illiyinə həsr edilən “Turan Cavid xatirələrdə” adlı tədbir keçirildi.

Dövlət Teatr MuzeyiTuran Cavid Qadın Mərkəzi İctimai Birliyinin təşkil etdiyi tədbirdə vaxtilə Turan xanlımla birlikdə çalışmış insanlar, teatr xadimləri, muzey işçiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi. Mərasimi mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq Turan Cavidin həyat və fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Turan Cavid əmək fəaliyyətinə 1953-cü ildə Teatr Muzeyində başlayıb. 1968-ci ildən 1990-cı ilə qədər muzeyin direktoru olub. Sonralar o, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə açılan Hüseyn Cavidin ev-muzeyinin direktoru təyin edilib: “Bu fədakar insan ömrünün sonunadək muzeyə rəhbərlik etdi. Böyük mütəfəkkir şairin ailəsində böyüyən Turan xanım Cavidlər ailəsinin irsini ləyaqətlə qorudu. Azərbaycan xalqının mədəni və mənəvi sərvətinə çevrilən bu irsi gələcək nəsillərə əmanət etdi”.

Cavidlər ailəsinin ağrılı anlarının çox olduğunu, ancaq onların həmişə mübarizə əzmi ilə yaşadığını deyən nazir müavini Turan xanımı Azərbaycan qadınının ləyaqət zirvəsi kimi xarakterizə etdi: “Hüseyn Cavid repressiya edildikdən sonra Turan xanım bütün yaradıcı əməyini Cavidlər irsinin toplanmasına və qorunmasına həsr edib. Məhz onun sayəsində bəstəkar Ərtoğrul Cavidin yaradıcılığı tam şəkildə bizlərə gəlib çatıb”.

Qeyd olundu ki, Turan Cavidin fədakar əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, “Əmək rəşadətinə görə” medalı və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilib. Turan Cavid 2004-cü il sentyabrın 12-də, 81 yaşında vəfat edib və Naxçıvanda Hüseyn Cavidin məqbərəsində dəfn olunub.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, Xalq artisti Afaq Bəşirqızı, Heydər Əliyev Fondunun əməkdaşı Məhəbbət Mehdiyev, yazıçı-dramaturq Əmir Pəhləvan və başqaları çıxış edərək Turan Cavidin nəcibliyindən, yüksək insani keyfiyyətlərindən söhbət açdılar.

Sonda Xalq artisti Niyaməddin Musayev, əməkdar artistlər Nuriyyə Hüseynova, Tünzalə Ağayeva, Eyyub Yaqubov Hüseyn Cavidin sözlərinə bəstələnmiş mahnıları ifa etdilər. Cavidlər ocağına həsr edilən film nümayiş olundu.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 5.