Sənətə həsr edilən ömür

 

Xalq artisti Hacağa Abbasovun 125 illik yubileyinə həsr edilmiş xatirə gecəsi

 

Oktyabrın 23-də Akademik Milli Dram Teatrında görkəmli teatr xadimi, Azərbaycanın ilk Xalq artisti Hacağa Abbasovun (1888-1975) anadan olmasının 125 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirildi. Tədbirdən öncə iştirakçılar sənətkarın yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Sonra gecənin aparıcıları - Əməkdar artist Sabir Məmmədov və Vəfa Zeynalova səhnəyə çıxaraq Hacağa Abbasovun keçdiyi sənət yoluna tamaşaçılarla birlikdə səyahət etdilər. Aktyor Əli Nur bir zamanlar aktyorun Tənqid-Təbliğ Teatrında oynadığı rollardan parçalar səsləndirdi. Mədəniyyət və İncəsənət Universitetinin professoru Fikrət Sultanov və Əməkdar mədəniyyət işçisi Atababa İsmayılov sənətkarın Azərbaycan teatr tarixindəki rolu, sənətə bəxş etdiyi misilsiz xidmətləri haqqında söz açdılar.

Tədbirdə Azərbaycan Televiziyası tərəfindən 70-ci illərin ortalarında lentə alınmış, aktyora həsr edilən sənədli televiziya filmindən kadrlar nümayiş olundu. Bu kadrlar sənətkarın sağlığında onun öz evində lentə alınıb və sənətkar teatrımızın unudulmaz korifeyləri ilə birlikdə teatrla bağlı xatirələrini yada salır.

Xatirə gecəsində həmçinin Hacağa Abbasovun oynadığı tamaşalardan parçalar nümayiş olundu, aktyorun yaradıcılığına dərindən bələd olan teatr xadimləri xatirələrini bölüşdülər. Bildirildi ki, sənətkar ötən əsrin əvvəlində Müsəlman artistləri cəmiyyətinin, Nicat, Həmiyyət teatr truppalarının fəal üzvü olub. Sonralar Səfa cəmiyyətinin teatr truppasında, Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyətində aktyorluq edib. 1920-ci ildə Akademik Dram Teatrında fəaliyyətə başlayıb. 1921-ci il noyabrın 13-də Hacağa Abbasov sənət dostu Mirzağa Əliyevlə birgə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıb, özübu teatrın direktoru olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında "Hacımirzə" teatrı kimi də tanınıb-sevilirdi. 1925-ci ildə Hacağa Abbasov Akademik Dram Teatrına direktor təyin olunub. Mustafa Mərdanov, Möhsün Sənani, İsmayıl Osmanlı kimi istedadlı aktyorları Gürcüstandan Bakıya dəvət edib. 1925-1929-cu illərdə teatrda uğurlu tamaşalar hazırlayıb. 1932-ci ildə respublikanın ilk Xalq artisti adına layiq görülüb. Sənətkar həmçinin Bakı Teatr Texnikumunda direktor (1929-1937), Azərbaycan İncəsənət İşləri İdarəsi teatr şöbəsinin rəisi və s. vəzifələrdə çalışıb.

Hacağa Abbasov özükiçik həcmli pyeslər yazıb, Xatirələrim kitabının müəllifidir. Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb. Hacağa Abbasov 7 may 1975-ci ildə Bakıda vəfat edib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 5.