Azərbaycanın arxeoloji qızıl və gümüş əşyaları

 

Ölkəmizin ərazisində aparılan arxeoloji qazıntılar zamanı tikinti qalıqları, məişət əşyaları, əmək alətləri və s. ilə yanaşı, qədim dövrün zinət və bəzək əşyaları da üzə çıxır. Arxeoloji qazıntılar nəticəsində aşkar edilərək Milli Azərbaycan Tarixi Muzeyinə verilmiş bu dəyərli tapıntılar yeni çapdan çıxan kitab-kataloqda əks olunub.

Azərbaycanın arxeoloji qızıl və gümüş əşyaları adlı kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifi muzeyin xüsusi fondunun müdiri Afət Rüstəmbəyovadır.

Kataloqda 130 ədəd qiymətli metaldan ibarət arxeoloji tapıntı barədə məlumat yer alıb. Bu əşyalar eramızdan əvvəl II minillikdən eramızın XVII əsrinədək olan dövrü əhatə edir. İlk dəfə olaraq təqdim olunan bütün arxeoloji əşyalar rentgen-fluoressensiya analizləri ilə öyrənilib, nəticədə məmulatların tərkibi düzəldilmə texnologiyası və dövrü xırdalıqlarına qədər araşdırılıb. Azərbaycan və ingilis dillərində nəşr olunmuş kataloq hər əşyanın fotosu, ölçüsü, düzəldilmə texnikası, tərkibi, tapıntı yeri barədə müfəssəl məlumatı əhatə edir.

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 12.