Teatr-konsert müəssisələrinin fəaliyyəti müzakirə olundu

 

Azərbaycanda teatr sənəti, mədəniyyətimizin digər sahələri kimi, daim dövlətin diqqət mərkəzindədir. Ölkə başçısının milli teatr sənətinin inkişaf etdirilməsi, bu sahədə çalışan insanların əməyinin qiymətləndirilməsi, teatr binalarının müasir tələblər səviyyəsində yenidən qurulması, kollektivlərin zəruri yaradıcılıq şəraiti ilə təmin edilməsini nəzərdə tutan rəhbər göstərişləri, imzaladığı fərman və sərəncamlar, qəbul edilən dövlət proqramı bunun bariz nümunəsidir. Təbii ki, bu işlərin, görülən tədbirlərin müqabilində mədəniyyət və incəsənət strukturları da daim öz üzərində çalışmalı, göstərilən qayğıya öz yaradıcı fəaliyyəti ilə adekvat cavab verməlidir.

Oktyabrın 29-da Milli Kitabxanada ölkənin teatrkonsert müəssisələrinin rəhbərləri və baş mühasibləri ilə cari ilin 9 ayının yekunlarına həsr olunmuş görüşdə bu barədə geniş söhbət açıldı. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, nazirliyin müvafiq şöbələrinin əməkdaşlarının qatıldığı toplantıda əldə olunan nailiyyətlər, teatrların cari işləri və qeydə alınan nöqsanlar barədə ətraflı danışıldı, onların həlli yolları ilə bağlı müəyyən tapşırıqlar verildi.

Teatr sahəsinin inkişafı ilə bağlı görülən fundamental işlərdən söz açan nazir müavini gələcəyə hesablanmış bu layihələrin artıq öz müsbət nəticəsini verdiyini vurğuladı: Son illərdə Azərbaycan teatrında baş vermiş mühüm dəyişikliklərlə bağlı həyata keçirilmiş işlərin yalnız bir qisminə diqqət çəkməklə nəticənin miqyasını nəzərə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, 2006-cı ildə Milli Məclisdə Azərbaycanda ilk dəfə olaraq teatr haqqında qanun qəbul olunduqanun möhtərəm Prezidentimiz tərəfindən təsdiqləndi. 2007-ci ildə Azərbaycan teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ölkə başçısı yeni bir sərəncam imzaladı. Bu, milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çox əhəmiyyətli bir sənəd idi. Ardınca 2009-cu ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycan teatrlarının inkişafı ilə bağlı 10 illik Dövlət Proqramı təsdiqləndi. 2019-cu ilədək davam edəcək proqram çərçivəsində görülən böyük işlər proses olaraq hər birimizin gözləri qarşısında baş verir. Bu proqram ümumilikdə Azərbaycan teatrının onilliklərlə yığılıb qalmış problemlərinin çözüm nöqtəsi oldu. İllərdir təmir olunmayan teatr binaları təmirə dayandırıldı. Bu sırada Akademik Milli Dram, Rus Dram, Gənc Tamaşaçılar, Kukla teatrlarını qeyd etmək istərdim. Yüksək səviyyədə təmir-bərpa olunan teatrlar sırasında Dövlət Musiqili Teatrının da ayrıca yeri var. Proses respublikanın regionlarını da əhatə etməkdədir. Mingəçevir, Şəki teatrları əsaslı şəkildə təmir olunub. Ağdamda teatr yenidən qurulub və əsaslı şəkildə təmir olunaraq sənətsevərlərin ixtiyarına verilib. Uzun illər binasızlıq şəraitində fəaliyyət göstərən Sumqayıt teatrı 40 illik fasilədən sonra ölkə başçısının göstərişi ilə bina ilə təmin olunub.

Qeyd edildi ki, onillik proqram binalar, təmir və tikinti işləri ilə yekunlaşmır. Bu təminatın ardınca sıra islahatlara keçildi: Ötən müddət ərzində teatr üçün ciddi sayılan islahatlar reallaşdı. İlk növbədə Dövlət Gənc Tamaşaçılar Teatrının bazasında bir neçə teatrın birləşməsi prosesi getdi. Həmçinin Gəncədəki Poeziya teatrının Gəncə Dövlət Dram Teatrına birləşdirilməsi də reallaşdı. Və son olaraq hökumətin müvafiq qərarı ilə Muğam Teatrı yanvar ayının 1-dən fəaliyyətinə xitam verib, onun kollektivi Beynəlxalq Muğam Mərkəzi və Dövlət Mahnı Teatrına verilib. Bu islahat prosesi təbii ki, yaradıcılıq istiqamətində də özünü göstərir. Belə ki, biz kadr siyasətində ciddi dəyişikliklərə imza atdıq. Bakıda Kukla və Gənc Tamaşaçılar, o cümlədən Gəncə, Mingəçevir, Lənkəran teatrlarına yeni baş rejissorlar təyin edildi, yaşı ötmüş hörmətli sənətkarlarımız gənc, istedadlı rejissorlarla əvəz olundu. Bundan başqa, bu müəssislərin bəzilərinin direktor korpuslarında da ciddi dəyişikliklər baş verdi.

Bütün bu proseslərin fonunda hazırlanan tamaşaların sayının da artdığını xatırladan Ədalət Vəliyev son 10 ildə bu rəqəmin 917-yə çatdığını vurğuladı: Tamaşalardan 198-i dövlət sifarişi ilə hazırlanıb. Bununla yanaşı, sayı 700-ü ötən əsaslı bərpa olunmuşyeni tamaşaları da qeyd etmək istəyirəm.

Mədəniyyət və Turizm Nazirliyi sistemindəki teatr-konsert müəssisələrində çalışan 4400 nəfərdən artıq insanın təxminən 2100-nün yaradıcı işçi olduğunu qeyd edən nazir müavini onların rifah halının yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən görülən işlər barədə də məlumat verdi: Nəzərinizə çatdırım ki, son 6-7 il ərzində o insanların təxminən yarısı, konkret 1023 nəfəri fəxri adlara, ordenmedallara, Prezident təqaüdü və mükafatlarına layiq görülüblər. Hər 4 nəfərdən biri bu mükafatların laureatlarıdır. Təbii ki, bu, dövlətin mədəniyyətə, incəsənətə qayğısının təzahürüdür.

Bu gün Azərbaycan teatrlarının sorağının dünyanın ən müxtəlif ölkələrindən gəldiyini vurğulayan Ədalət Vəliyev bildirdi ki, yaxın keçmişdə, 90-cı illərdə bu barədə danışmaq bir xəyal kimi görünürdü: Amma bu gün Azərbaycan teatrının qastrol coğrafiyası Amerika, Almaniya, Çins. ölkələr olmaqla dünyanı dolaşır. Son 6 ildə ayrı-ayrı teatrlarımız 100-ə yaxın ölkədə olub. Bundan başqa, 50 ölkədən Azərbaycana teatr-konsert kollektivləri səfərə gəlib. Xarici ölkələrdən quruluşçu rejissor və rəssamlar Azərbaycanda tamaşalar hazırlayıblar. Bununla yanaşı, azərbaycanlı rejissorlar da dünyanın müxtəlif ölkələrində tamaşalara quruluş verirlər. Göründüyü kimi, son illər Azərbaycan teatrı əhatə dairəsini xeyli genişləndirib. Təbii ki, bütün bunlar dövlətin büdcədən ayrılan vəsaitinin hesabına əldə olunan ciddi uğurlardır. Azərbaycanlı gənc rejissorlar xarici ölkələrdə təcrübə kurslarına göndəriliblər. Onların da istedad və qabiliyyətinin uğurlu nəticələri göz qabağındadır. 13 teatrda dövlət vəsaiti hesabına teatr studiyaları fəaliyyət göstərir. Dövlət həmin teatrlarda çalışan aktyorların rifahının daha da yaxşılaşdırılması məqsədilə öz büdcəsindən vəsait ayıraraq yerli teatr həvəskarları, gənc istedadları sənət ocaqlarına cəlb etməyə çalışır. Bunlar hamısı qısa zaman kəsiyində həyata keçirilmiş çox böyük islahatların, aparılmış həyati əhəmiyyətli işlərin sadəcə bir neçə məqamıdır.

 

* * *

Nazir müavini çıxışında bu istiqamətdə əldə olunan uğurlarla yanaşı, teatr-konsert müəssisələrinin repertuar planlarında müəyyən nöqsanların mövcudluğunu da diqqətə çatdırdı: Teatr rəhbərləri hazırladıqları aylıq repertuar planını əsas etibarilə həftənin cümə, şənbə və bazar günlərində nümayiş etdirməyə çalışırlar. Təbii ki, bu cür yanaşma yanlışdır. Teatrlarda tamaşalar müvafiq qrafikinə uyğun olaraq hər gün oynanmalı, konsert müəssisələri yeni konsert proqramları ilə hər ay bir neçə dəfə çıxış etməlidirlər. Müvafiq normaya uyğun olaraq 6 günlük rejimində 8 tamaşa, üstəgəl 3 də səyyar tamaşa nümayiş etdirməlidir. Teatr kollektivləri bölgələrə qastrollara xüsusilə maraq göstərməlidir. Qastrol ənənəsi yeni tamaşaçı auditoriyası, paytaxta gəlib tamaşalara baxmaq imkanı olmayan teatrsevərlərin sənət mühitinə inteqrasiyası baxımından da çox vacibdir.

Bildirildi ki, 2014-cü ildən teatr-konsert müəssisələrinin, qalereyaların vahid repertuar planı hazırlanması tətbiq olunacaq. Mədəniyyət müəssisələri repertuar planlarını nazirliyin müvafiq şöbəsinə təqdim etməlidir.

Görüşdə teatrlarda bədii və texniki şuraların formalaşması üçün tələblər səsləndirildi, bu şuraların məhz teatrların özlərinin yaradıcı fəaliyyətində müsbət təsirə malik olduğu nəzərə çatdırıldı.

Azərbaycan teatrlarının beynəlxalq aləmə çıxışı və bunun davamlılığını təmin etmək üçün yüksək səviyyəli tamaşaların hazırlanmasının vacibliyi qeyd olundu. Teatrların beynəlxalq təşkilatlara üzvlüyünün milli teatrımızın dünyaya inteqrasiyası baxımından böyük əhəmiyyət daşıdığı vurğulandı. Teatrlar ciddi, dövrün tələbləri, ən əsası isə öz profili və yaradıcı potensiala müvafiq səhnə əsərləri ilə tamaşaçı qarşısına çıxmalıdır. Yalnız bu zaman uğurlu nəticə əldə etmək mümkündür.

Sonda qeydə alınan nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

 

Həmidə Rüstəmova

 

Mədəniyyət.- 2013.- 30 oktyabr.- S. 5.