“Azərbaycan nağıllarının süjet göstəricisi”

 

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri İlkin Rüstəmzadənin “Azərbaycan nağıllarının süjet göstəricisi” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitabda folklorşünaslıq tarixində ilk dəfə olaraq Azərbaycan nağıl süjetlərinin sistemli göstəricisi verilib. Göstərici beynəlxalq aləmdə geniş tətbiq olunan Aarne-Tompson sistemi əsasında hazırlanıb. Burada nağılların mənbələri, variantları, hansı süjetlərlə kontaminasiya olmaları, hansı bölgələrdə yayılmaları və s. öz əksini tapıb.

Göstərici Azərbaycan nağıl süjetlərinin dünyada tanınmasında mühüm rol oynayır. Belə göstəriciyə sahib olan hər bir xalq həm də göstəricidəki nağıl nümunələrinin müəllifi sayılır.

Monoqrafiya Azərbaycan folklor coğrafiyasını tam şəkildə - Gürcüstan, Dağıstan, Cənubi Azərbaycan, Türkiyə (Qars) və İraqda (Kərkük) yaşayan soydaşlarımızdan toplanmış nağılları da əhatə edib. Araşdırma zamanı məlum olub ki, Azərbaycan nağıllarında müəyyən edilən 692 süjetin 302-sini milli süjetlər təşkil edir.

 

Mədəniyyət.- 2013.- 30 oktyabr.- S. 14.