Milli Kitabxananın beynəlxalq əlaqələri genişlənir

 

   90 yaşı tamam olan M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası 1965-ci ildən indiyədək dünyanın 60-dan artıq kitabxanası ilə beynəlxalq kitab mübadiləsi həyata keçirir. 30-dan artıq ölkənin milli kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Növbəti memorandum Almaniyanın Humboldt Universiteti ilə imzalanıb. Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Almaniyanın Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Aux imzalayıblar. Eva-Maria Aux bu memorandum əsasında kitab və təcrübə mübadiləsinin çox yaxşı nəticələr verəcəyini deyib. O, Humboldt Universiteti kitabxanasının Qafqaz kataloqunda erməni ədəbiyyatının üstünlük təşkil etdiyini diqqətə çatdıraraq kitabxanaya Azərbaycanın tarixi, mədəniyyəti haqqında ədəbiyyat göndərilməsini xahiş edib.

   Öz növbəsində Kərim Tahirov hər il Frankfurtda keçirilən sərgi-yarmarkada nümayiş olunan Azərbaycan ədəbiyyatı nümunələrinin alman universitetlərinə hədiyyə edildiyini, növbəti sərgi-yarmarkada kitabların Humboldt Universitetinə təqdim ediləcəyini deyib. O, həmçinin Milli Kitabxanaya daxil olan yeni ədəbiyyat siyahısının ayda bir dəfə Humboldt Universiteti kitabxanasına göndəriləcəyini bildirib.

   Sonda qonağa “Azərbaycan musiqi alətləri”, “Azərbaycan etnik musiqisi”, “Qərbi Azərbaycan abidələri” və başqa kitablar hədiyyə edilib.

 

Mədəniyyət.- 2013.- 11 sentyabr.- S. 4.