Yeni dəfinə tapılıb

 

Çəkisi 2,7 kiloqram ağırlığında mis sikkələr XII-XIII əsrlərə aiddir

  

   2009-cu ildən başlayaraq Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası tərəfindən Mil-Qarabağ bölgəsində arxeoloji tədqiqatlar aparılır.

   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutunun sektor müdiri, arxeoloji ekspedisiyanın rəhbəri Təvəkkül Əliyev bildirib ki, neolit dövrünə aid məşhur Kamiltəpə yaşayış məskənində geniş qazıntı işləri ilə yanaşı, bölgənin arxeoloji xəritəsini tərtib etmək məqsədilə Füzuli, Beyləqan, Xocavənd və Ağcabədi rayonlarının ərazisində, xüsusilə Şpartı, QarasuQarqarçay hövzələrində, Xonaşen dərəsi ətrafında kəşfiyyat-axtarış işləri də davam etdirilir. Artıq bölgədə son neolit dövründən (eramızdan əvvəl VII minilliyin axırları) son orta əsrlərə qədər böyük bir tarixi mərhələni əhatə edən 120-yə yaxın abidə qeydə alınıb. Bu abidələr Azərbaycanın qədim və orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

   Almaniya Arxeologiya İnstitutunun əməkdaşı Andrea Riccinin başçılıq etdiyi kəşfiyyat qrupu Kamiltəpədən 8 kilometr cənub-şərqdə, Şpartı (Şivarxı) çayı hövzəsində - Ağcabədi, Xocavənd və Füzuli rayonlarının kəsişdiyi ərazilərdə kəşfiyyat apararkən mis sikkələrdən ibarət dəfinə aşkar edilib. Dəfinə ümumi çəkisi 2,7 kiloqram olan 586 ədəd sikkədən ibarətdir.

   AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Aygün Məmmədovanın verdiyi məlumata görə, bu metal pullar Azərbaycan Atabəylər (Eldənizlər) dövlətinin hökmdarları Əbu Bəkr və Özbəyin adından XII əsrin sonları - XIII əsrin əvvəllərində zərb edilib. Həmin ərazidən 13 kiloqrama yaxın vulkanik şüşə olan iri obsidian parçasının - dəvəgözü daşı və XI yüzilliyin 70-ci illərində rum səlcuqlarının hökmdarları adından kəsilmiş metal pullar da tapılıb. Onların arasında üzərində atlı təsviri olan sikkələr diqqəti daha çox cəlb edir. Yaxın gələcəkdə bu nümunələrin təmizlənərək kompleks halda tədqiq olunması nəzərdə tutulur.

 

Mədəniyyət.- 2013.- 11 sentyabr.- S. 14.