III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq görülür

 

İndiyədək 16 xarici ölkənin tədbirdə iştirakı dəqiqləşib

  

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 23-25 sentyabr tarixində keçiriləcək III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri davam edir. Builki sərgi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.  

   İndiyədək tədbirdə iştirak üçün 16 xarici ölkədən 20-dən çox nümayəndə qeydə alınıb. Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Elbəy Əli bildirdi ki, sənədlərin qəbulu sentyabrın 15-ə qədər aparılacaq: “Sərgiyə qatılacaq ölkələrin sayının artacağını gözləyirik. Azərbaycanda isə sərgidə iştirak üçün 88 nəşriyyat və kitab işi ilə məşğul olan qurumun qeydiyyatı aparılıb. Proses davam edir”.

   III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı var: “İştirakçı ölkələrin, nəşriyyatların sayının artacağını nəzərə alaraq biz bu il sərgi-yarmarkaya ciddi hazırlaşmışıq. Mədəniyyət və Turizm Nazirliyində təşkilat komitəsi yaradılıb, tədbirin proqramı hazırlanıb. Sərgi-yarmarka çərçivəsində ulu öndərin 90 illiyinə həsr olunmuş ekspozisiyanın, həmçinin yubileylə bağlı hazırlanmış albomun təqdimatı keçiriləcək. Bundan əlavə, “Çağdaş ədəbiyyat və nəşriyyat” mövzusunda dəyirmi masanın, “Uşaqlara kitab oxu” adlı tədbirdə uşaq yazarları ilə görüşün təşkili nəzərdə tutulur. Bu il 900 illiyi qeyd olunan görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəviyə həsr olunmuşnazirliyin dəstəyi ilə işıq üzü görən kitabların təqdimatı, müasir dövrdə ədəbi əlaqələr və tərcümə məsələlərinə həsr olunmuş tədbir, “Qızıl kəlmə-2013” müsabiqəsinin qalibləri ilə görüşlərin təşkili planlaşdırılır. Müraciətlər olarsa, nəşriyyatlar tərəfindən müxtəlif tədbirlər - yazarlarla görüşlər, imza günləri də keçirilə bilər. Sərgidə zəngin kitabxanalarımız da təmsil olunacaq. Bütövlükdə tədbir Azərbaycanda kitab sənətinin inkişafına, bu sahədə əldə olunan nailiyyətlərin təbliğinə töhfə olacaq”.

   Nazirlik rəsmisinin sözlərinə görə, sərginin yekununda maraqlı nəşr layihələrinin qiymətləndirilməsi də nəzərdə tutulur. Münsiflər heyəti poliqrafiya qurumları arasından ən yaxşı nəşriyyat evini müəyyənləşdirəcək, ən yaxşı kitab seçiləcək. Sərginin son günündə bu iki nominasiya üzrə mükafatlar təqdim olunacaq.

   Sərgi ilə eyni vaxtda Bakıda keçiriləcək Avropa Milli Kitabxanaları Konfransı Beynəlxalq Təşkilatının 27-ci sessiyası və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirləri də tədbirlər planı ilə əlaqələndiriləcək.

   III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyi məkana gəlincə isə, budəfəki sərgi ilk dəfə açıq havada keçiriləcək. Tədbirin pavilyon və stendləri Gənc Tamaşaçılar Teatrı ilə OperaBalet Teatrının arasındakı məkanda (Rəşid Behbudov küçəsindən Bülbül prospektinə qədər) qurulacaq.

   Xatırladaq ki, Bakıda beynəlxalq kitab sərgi-yarmarkaları 2009 və 2011-ci illərdə gerçəkləşib.

  

   Ceyhun

 

Mədəniyyət.- 2013.- 6 sentyabr.- S. 2.