Dünya mədəniyyətinin əfsanəsi

 

Bakıda Nizami Gəncəvi əlyazmalarının sərgisi və dahi şair haqqında kitabın təqdimatı keçirilib

  

   Sentyabrın 5-də Bakıda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı ilə gələn il keçiriləcək “Birgə Cəmiyyətlər-2014” Forumuna hazırlıq məqsədilə “Ali səviyyəli görüş” işə başlayıb.  

   İkigünlük tədbirdə “Minillik İnkişaf Proqramı-2015”, “Dinlərarası anlaşma”, “Qadınların cəmiyyətdə rolu və Cənubi Qafqaz regionunda münaqişələr” mövzuları müzakirə olunur.

   Görüş çərçivəsində sentyabrın 4-də “Four Seasons” hotelində dahi Azərbaycan şairi Nizami Gəncəvinin orijinal əlyazmalarından ibarət sərgisi, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin “Böyük mütəfəkkirin poeziyası” kitabının və DVD mühazirənin təqdimatı olub.

   Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin üzvü Nazim İbrahimov son illər ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bu tədbirlərin dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində reallaşdığını bildirib. Nizami Gəncəvi irisinə dünyanın bir sıra ölkələrində maraq göstərildiyini deyən komitə sədri İsmayıl Seragəldinin “Böyük mütəfəkkirin poeziyası” kitabı və onun mühazirələri əsasında hazırlanan DVD-nin dahi şairin irsinin daha geniş şəkildə öyrənilməsinə qiymətli töhfə olduğunu vurğulayıb.

   Latviya Respublikasının sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vaira Vike-Freiberga Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirib. O, yaranmasından keçən qısa müddətdə bir sıra uğurlara imza atan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işini yüksək qiymətləndirib.

   Vurğulayıb ki, Prezident İlham Əliyevin dəstəyi ilə fəaliyyətini genişləndirən qurum Nizami irsinin dünyada təbliğinə öz töhfəsini verməkdədir. Ötən il şairin 870 illik yubileyi münasibətilə qədim Gəncədə olduğunuNizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməlqoyma mərasimində iştirakını xatırlayan qonaq deyib ki, yaxın illərdə bu qurum öz missiyasını daha yüksək səviyyədə yerinə yetirəcək.

   Nizami irsinin yüksək səviyyədə təbliğinə göstərdiyi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin dünya mədəniyyətinin əfsanəsi, ən dəyərli əsərlərin yaradıcısı olan Nizami Gəncəvinin təkcə Azərbaycan ədəbiyyatının deyil, eyni zamanda, dünya ədəbiyyatının inkişafında böyük rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, XII əsr intibah dövründə Gəncədə yaşayıb-yaradan böyük Azərbaycan şairinin yaradıcılığı bütün parametrlərinə görə - istər ideya-tematik, istər bədii-estetik, istərsə də bir çox Şərq xalqları, o cümlədən fars, türk, urdu, hind, kürd, özbək xalqlarının ədəbiyyatlarına təsiri baxımından bəşər tarixində qlobal hadisədir. Təsadüfi deyil ki, Nizaminin əsərlərinə 500-dək nəzirə yazılıb. Humanist ideyalar carçısı Nizami Gəncəvinin yaradıcılığında Şərq və antik ədəbi, fəlsəfi və mədəni dəyərləri üzvi şəkildə sintez olunub. İnsan xoşbəxt yaşamaq üçün yaradılıb və bu ilahi qədəri heç bir şər qüvvə dəyişdirə bilməz. Budur Nizami yaradıcılığının əsas ideya məğzi.

   Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

 

Mədəniyyət.- 2013.- 6 sentyabr.- S. 5.