Əhməd Bakıxanov xatirələr işığında

 

“Onun mahir tarzən, böyük muğam ustadı olduğunu bilirdim. Əhməd Bakıxanovun musiqi ilə yanaşı, klassik poeziya yaradıcılığını belə gözəl bilməsinə heyran oldumona hörmətim daha da artdı”

  

   Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz iz qoyan elə sənətkarlar var ki, onların fəaliyyəti nəticəsində xalqımızın böyük musiqiçilər nəsli yetişmişdir. Milli musiqimizin inkişafı yolunda cəfakeşlik göstərmiş belə görkəmli simalardan biri də məşhur pedaqoq, tarzən, Xalq artisti Əhməd Bakıxanovdur. O, zəngin yaradıcılığı, uğurlu pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə mədəniyyət tariximizdə özünəməxsus yer tutub.  

   Əhməd Bakıxanov 1892-ci il sentyabrın 5-də Bakı şəhərində dünyaya göz açıb. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Tələbələrinə sadəcə bir müəllim kim deyil, həm də bir dost kimi yanaşıb, qayğısını əsirgəməyib. Müxtəlif ansamblların, musiqi qruplarının yaradılması üçün fədakarlıq göstərib.

   Bəllidir ki, ötən əsrin birinci yarısında musiqi ansamblı yaratmaq, ona rəhbərlik etmək o qədər də asan deyildi. Amma uzaqgörən sənət fədaisi bu ağır yükün altına girərək Azərbaycan mədəniyyətinə bütün varlığı ilə xidmət göstərib. Əhməd Bakıxanov 1941-ci ildə Azərbaycan xalq çalğı alətləri ansamblını yaradır, kollektivin tərkibinə tar, saz, ud, kanon, qoşanağara, qaboyfortepianonu daxil edir. Özüömrünün sonuna kimi - 1973-cü ilədək həmin ansambla rəhbərlik edib. Ölümündən sonra sənətkarın xatirəsini əbədiləşdirmək məqsədilə ansambla Əhməd Bakıxanovun adı verilir.

   Ansambl bu günə kimi respublikanın görkəmli xanəndələrini məharətlə müşayiət edib. Fatma Mehrəliyeva, Rübabə Muradova, Qulu Əsgərov, Əbülfət Əliyev, Hacıbaba Hüseynov, Sara Qədimova, Zeynəb Xanlarova, Arif Babayevs. görkəmli sənətkarlar bu ansamblın solistləri olublar.

   Əhməd Bakıxanov Azərbaycan xalq musiqisinin, xüsusilə də muğamların tədrisinə və təbliğinə böyük töhfələr verib. Musiqi məktəbləri üçün muğamata dair proqramlar tərtib edib. Onun “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” adlı kitabları bu günmusiqi məktəblərində əsas tədris materialları kimi istifadə olunur. Korifey sənətkar 1929-cu ildən ömrünün sonuna kimi indiki Bakı Musiqi Akademiyasında dərs deyib. O, daim axtarışlarda olub, yenilik hissi ilə yaşayıb. Rəhbərlik etdiyi kollektivin uğurlu çıxışları üçün istedadları axtarıb üzə çıxarıb.

   Müasirləri onun ensiklopedik biliyə malik olduğunu, klassik poeziyanı, divan ədəbiyyatını çox sevdiyini qeyd edirlər. Akademik Vasim Məmmədəliyev görkəmli tarzəni belə xatırlayır: “1972-ci ilin bir isti iyun günü idi. O zamanlar Bakıda çox məşhur olan “Beşmərtəbə”nin qarşısındakı bağda böyük alim, klassik ədəbiyyatımızın gözəl bilicisi Əli Fəhmi Ələkbərovla görüşdük. Bir məsələ ilə bağlı ustad sənətkarımız Əhməd Bakıxanovla məsləhətləşməli idik. Ona görə də birlikdə onun yaxınlıqdakı evinə yollandıq. Onunla şəxsən tanış deyildim. Xoşbəxtlikdən Əhməd müəllim evdə idi. Əli Fəhmi ilə görüşüb öpüşdü, sonra mənimlə də əl tutub görüşdü. Əli Fəhmi ona mənim kim olduğumu nişan verdi. O, gülümsəyib atam Məmmədəli doktoru yaxşı tanıdığını dedi. Söhbət əsnasında Əli Fəhmi ilə Əhməd müəllim Baba Tahirdən, Xəyyamdan, Sədidən, Hafizdən, Rumidən farsca şeirlər deyib təhlil etdilər. Diqqətlə onlara qulaq asır və söhbətlərindən ləzzət alırdım. Mən o vaxta qədər Əhməd müəllimin mahir tarzən, böyük muğam ustadı olduğunu bilirdim. Lakin onun klassik Azərbaycan və fars poeziyasını belə gözəl bilməsindən xəbərim yox idi. Əhməd Bakıxanovun musiqi ilə yanaşı, klassik poeziya yaradıcılığını belə gözəl bilməsinə heyran oldumona hörmətim daha da artdı...”

   Məşhur tarzənin ifasında lentə alınan muğamlarımız, bəstələdiyi rənglər və dəramədlər ən gözəl sənət nümunələri kimi musiqi tariximizdə əbədilik qazanıb.

   Xalq artisti, tanınmış qaboy ifaçısı Kamil Cəlilov müsahibələrinin birində sənətkarın onun taleyində oynadığı rolu belə xarakterizə edir: “Mənim bu zirvəyə qalxmağımda Əhməd Bakıxanovun çox böyük zəhməti olub. Tələbəlik illərində mən qaboyda ancaq klassik musiqi ifa edirdim. Azərbaycan musiqisi çalmağa icazə vermirdilər... Evdə başladım özüm üçün milli musiqimizi ifa etməyə. Günlərin birində Dövlət Konservatoriyasında “Bayatı-Kürd”ü çalırdım. Qəfildən otağın qapısı açıldı, Əhməd Bakıxanov içəri girdi. Məni qucaqlayıb fərəhlə dedi: “Əla, əla!”. Elə həmin gün məni evlərinə dəvət etdi. Xeyli söhbətdən sonra fikrini açıqladı ki, bizim ansamblda qaboy çalmağını arzulayıram. “Bayatı-Kürd” rənginin solo hissəsini ifa edəcəksən”. O, bu rəngi bircə dəfə tarda ifa etdi. Bu da mənə bəs elədi. Onun məharətli ifasını qaboyda yaratdım. Amma ansamblda ifaya cürət etmirdim. O isə əl çəkmirdi, sonda istəyinə nail oldu...”

   Azərbaycan muğamlarının nota yazılmasında da Əhməd Bakıxanovun böyük əməyi olub. Onun ifasında qramplastinkaya yazılmış “Bayatı-Şiraz”, “Şur” muğamları Moskvada, “Rast”, “Çahargah”, “Humayun”, “Segah-zabul”, “Şahnaz” və “Rahab” muğamları isə Bakıda işıq üzü görüb.

   Əhməd Bakıxanov Azərbaycan musiqisinin işıqlı gələcəyi naminə yorulmadan çalışıb. İstedadlı gənclərin sorağı ilə usanmadan Azərbaycanın ən ucqar yaşayış məntəqələrinə gedib, onları musiqi təhsilinə cəlb edib. Müasirlərinin sözlərinə görə, sənətkar xətrini istədiyi tələbələrini evinə də dəvət edərmiş. Evdə, süfrə başında həmkarları ilə söhbət etməkdən, onlara məsləhət verməkdən yorulmazmış. Elə bu məziyyətlərinə görə sənətkar bütün musiqisevərlərin könlündə əbədi taxt qurub.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 6 sentyabr.- S. 11.