Mədəni inkişaf: 10 ilin uğurlu mənzərəsi

 

Əbülfəs Qarayev,

 

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 

   Azərbaycanın siyasi və sosial-iqtisadi həyatının bütün sferaları kimi mədəniyyət sahəsi də davamlı və sürətli inkişaf dövrünü yaşayır. Uğurla həyata keçirilən mədəniyyət siyasəti nəticəsində vətənimiz bəşəriyyətin dinamik mədəni inkişafının ayrılmaz parçasına çevrilmişdir. Azərbaycan Respublikası dünya birliyi ölkələri arasında özünə layiq yer tutmuş, inkişaf tempinə görə bir çox ölkələri geridə qoymuş, milli mədəniyyətimiz dünya mədəniyyətinə inteqrasiya olunmuşdur.  

   Son on ildə ölkədə 1500-dən çox beynəlxalq və respublika əhəmiyyətli mədəniyyət tədbirləri keçirilmiş, Azərbaycan bir çox beynəlxalq festival və müsabiqələrə ev sahibliyi etmişdir. Bu sırada Mədəniyyətlərarası Dialoq Forumu, “Eurovision” mahnı müsabiqəsi, Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər, Şostakoviç Festivalı, Rostropoviç Festivalı, Bakı Caz Festivalı, Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Teatr Konfransı, “Muğam aləmi” Muğam Festivalı, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası kimi beynəlxalq səviyyəli tədbirləri xüsusi qeyd etmək olar. Bu dövrdə 30-dan çox ölkədə Azərbaycan mədəniyyət günləri keçirilmişdir. Bütün bu olduqca maraqlı və məzmunlu kulturoloji layihələr, sözsüz ki, mədəniyyət və incəsənət incilərimizin qorunması, artırılması, təbliği və dünyada tanıdılmasında mühüm rol oynamışdır.

   Demək olar ki, Azərbaycan musiqisi dünyanı fəth edir, tamaşalar, filmlər, kitablar və digər təsviri sənət nümunələrimiz nüfuzlu beynəlxalq festival və müsabiqələrdə uğurla nümayiş etdirilir, mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir, müasir standartlara uyğun yeni-yeni mədəniyyət ocaqları tikilib istifadəyə verilir, köhnələri əsaslı şəkildə yenidən qurulur.

   Bu nailiyyətlərin əldə edilməsində Azərbaycan dövlətinin mədəniyyət və turizm sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının mühüm rolu olmuşdur. Son on ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən teatr, kino, muzey, kitabxana və turizmin inkişafını təmin edən 5 dövlət proqramı və ümumiyyətlə mədəniyyət və turizm sahələri ilə bağlı 500-dən çox sərəncam və fərman imzalanmışdır.

   Mədəniyyət və incəsənət xadimlərinə diqqət həmişəki kimi yüksək səviyyədə olmuş, onların mədəni fəaliyyəti və zəhməti qiymətləndirilmiş, yüzlərlə sənətçimiz Xalq şairi, Xalq yazıçısı, Xalq artisti, Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi kimi fəxri adlar, həyatını milli mədəniyyət və elmimizin inkişafına, istedadını və ömrünü xalqına həsr edən görkəmli sənətçi və elm adamları xüsusi təqaüd və mükafatlar almışdır. 2002-ci ildən 2012-ci ilədək hər il mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 100 nəfər, 2013-cü ilin may ayından etibarən isə 130 nəfər Prezident mükafatına layiq görülmüşdür.

   Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən N.Gəncəvinin, M.Gəncəvinin, M.Füzulinin, M.F.Axundzadənin, M.Ə.Sabirin, H.Cavidin, Ə.Cavadın, M.Müşfiqin, S.Vurğunun, Mir Cəlal Paşayevin, M.İbrahimovun, N.İmanquliyevin, M.Hüseynin, Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, M.Maqomayevin, Niyazinin, V.Mustafazadənin, S.Rüstəmovun, A.Məlikovun, Bülbülün, R.Behbudovun, X.Şuşinskinin, S.Bəhlulzadənin, B.Kəngərlinin, H.Əliyevin, T.Nərimanbəyovun, T.Salahovun, A.M.Şərifzadənin, A.İsgəndərovun, Ə.Ələkbərovun və müxtəlif sahələr üzrə adı burada çəkilməyən onlarla sənətkarın, türk xalqlarının ana kitabı olan “Kitab Dədə Qorqud” dastanının, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin yubileyləri həm ölkə daxilində, həm də ölkədən kənarda yüksək səviyyədə qeyd olunmuşdur.

   Vyanada Ü.Hacıbəylinin büstü, Romanın məşhur “Villa Borghese” parkında N.Gəncəvinin monumental abidəsi, Bakıda F.Əmirovun və Bülbülün abidəsi, Göyçayda R.Rzanın büstü ucaldılmışdır. Əvəzolunmaz sənətçilər R.Behbudovun, Niyazinin, T.Quliyevin, S.Ələsgərovun, S.Qədimovanın, N.Zeynalovanın, Z.Həmzəyevanın, Q.Hüseynlinin, görkəmli alim M.Əfəndiyevin və digərlərinin xatirə lövhələri vaxtilə yaşadıqları, fəaliyyət göstərdikləri binaların üzərinə vurulmuşdur.

   Hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin və dahi Azərbaycan bəstəkarı Q.Qarayevin abidələrinin ucaldılması istiqamətində işlər davam etdirilir.

   Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci ildə verdiyi sərəncam xalqımızın, milli mədəniyyətimizin inkişafında xüsusi yeri olan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, bu sahədə təhsil sisteminin yaxşılaşdırılması sahəsində böyük rol oynamışdır. Sərəncamın icrasına uyğun olaraq 2009-cu ildə «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı təsdiq edilmişdir. Proqram milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, teatr sahəsində ümumbəşəri və milli dəyərlərin təbliğinə, milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə olunmasına xidmət edir. Proqramın icrası nəticəsində ölkədə fəaliyyət göstərən dövlət teatrlarının maddi-texniki bazaları möhkəmləndirilmiş, əsaslı təmir olunmuş, binaları müasir standartlara cavab verən səs və işıq avadanlıqları ilə zəngin əsrarəngiz sənət ocaqlarına çevrilmişlər.

   Azərbaycanda rəssamların yaradıcılığının dəstəklənməsi, onların iş şəraitinin yaxşılaşdırılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində önəmli işlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin xüsusi fərman və sərəncamları əsasında əvvəllər dövlətə məxsus olan yaradıcılıq emalatxanaları özəlləşdirilərək, əvəzsiz olaraq rəssamların istifadəsinə verilmişdir. Azərbaycanın görkəmli fırça ustalarının yubiley sərgiləri keçirilmiş, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət vəsaiti hesabına Azərbaycan Rəssamlar İttifaqının binasının əsaslı şəkildə təmir edilməsi mədəniyyət xadimlərinə verilən xüsusi qayğı və diqqətin göstəricisi olmuşdur.

   Son beş il ərzində Azərbaycan Respublikası Prezidenti tərəfindən muzey işi ilə bağlı verilən sərəncamlar ölkədə bu sahənin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni-xidmət işinin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar açmışdır. 2009-cu ildə təsdiq edilən “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” isə regionlarda fəaliyyət göstərən muzeylərin yenidən qurulmasına yönəldilmişdir.

   Azərbaycanda muzeylərin sayı 2003-cü illə müqayisədə 50%-dən çox artaraq 2013-cü ildə 213-ə çatmışdır. Onlardan 13-ü incəsənət, 7-si ədəbiyyat, 13-ü tarix profilli, 68-i tarix-diyarşünaslıq, 6-sı döyüş şöhrəti muzeylərdir. Heydər Əliyev mərkəzlərinin sayı 60-ı keçmiş, ev-muzeylərinin sayı 46-ya çatmışdır.

   Xalqımızın qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu onun milli şüurunu formalaşdıran əsas amillərdən biridir. Azərbaycan dövləti qeyri-maddi mədəni irsin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması, dəstəklənməsi, təbliği və təşviqi istiqamətində mühüm islahatlar həyata keçirmişdir.

   2003-cü ildə Azərbaycan muğamı UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na, 2009-cu ildə aşıq sənətimiz və Novruz bayramı, 2010-cu ildə xalçaçılıq sənətimiz, 2012-ci ildə tar ifaçılıq sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilmişdir. Bu nailiyyətlər Azərbaycan mədəniyyətinin dünyadakı üstün mövqeyinin göstəricisi, milli mədəni dəyərlərimizə göstərilən hörmətin bariz nümunəsidir.

   Nazirlik tərəfindən xalqın dəyərli ənənələrini qoruyub inkişaf etdirmək məqsədilə “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilmişdir. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilmiş, Gəncə (2010), Şabran (2011), Gədəbəy (2012), Xaçmaz (2013) “Azərbaycanın Əfsanələr Paytaxtı”, Şəki (2010), İsmayıllı (2011), Quba (2012), Göygöl (2013) “Sənətkarlıq Paytaxtı”, Qazax (2010), Lənkəran (2011), Masallı (2012), Zaqatala (2013) “Folklor Paytaxtı” seçilmişdir. “Paytaxt” seçilmiş şəhərlərdə il ərzində nominasiyaya uyğun təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, festivallar, sərgilər təşkil edilmişdir.

   Hazırda “2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”, “Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası”, sahəyə həsr olunmuş veb-portalın yaradılması, digər konseptual proqram və layihələr üzərində işlər davam etdirilir.

   Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan aşıq sənəti Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edilmişdir. Bu ecazkar sənətin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında onun rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi məqsədilə 20-27 oktyabr 2010-cu il tarixində ölkəmizdə Beynəlxalq Aşıq Festivalı keçirilmişdir. Festivalda Azərbaycan aşıqları ilə birlikdə Türkiyə, İran, Gürcüstan, Dağıstan (Rusiya Federasiyası), Qazaxıstan, Özbəkistan və Qırğızıstan aşıq və ozanları iştirak etmişlər.

   Milli mənəviyyatın və mədəniyyətin inkişaf özəyini təşkil edən diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması nazirliyin əsas məqsədlərindən birini təşkil edir və bunun üçün “Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri”nin hazırlanması istiqamətində müvafiq işlər aparılır, yeni məlumatlar toplanır, elektron formada yığılır və sistemləşdirilir.

   Mədəni irsin qorunması - tarix və mədəniyyət abidələrinin aşkar edilməsi, bərpası, tədqiqi, istifadəsi və mühafizəsi hər zaman prioritet sahələrdən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu sahə üzrə bir çox sərəncamlara imza atılmış, yeni tarix-mədəniyyət və etnoqrafiya qoruqları (“Atəşgah məbədi” tarix-memarlıq, “Yanardağ” tarix-mədəniyyət və təbiət, “Keşikçidağ” tarix-mədəniyyət, “Xınalıq” tarix-memarlıq qoruqları) yaradılmış, 50-dən çox abidə bərpa edilmişdir.

   Qız qalası və Şirvanşahlar sarayı ilə birgə İçərişəhər kompleksi və Qobustan Dövlət Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Bu mühüm işin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük rolu vardır; xalqımızın tarixi və mədəni irsi daim onun diqqət mərkəzindədir.

   Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının ərazisində Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” siyahısının təsdiq edilməsi nəticəsində dünya, ölkə və yerli əhəmiyyətli 6308 ədəd memarlıq, arxeoloji, bağ-park, monumental və xatirə abidələri və dekorativ-tətbiqi sənət nümunələri həmin siyahıya daxil edilmişdir.

   Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması informasiya resurslarını qoruyan və cəmiyyətin informasiya təminatını həyata keçirən mühüm mədəniyyət müəssisəsi olan kitabxanaların fəaliyyətində əsaslı islahatların aparılması zərurətini meydana çıxarmışdır.

   2007-ci ildə ölkə Prezidenti tərəfindən “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə” sərəncam imzalanmış, 2008-ci ildə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

   Dövlət Proqramı təkcə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsini deyil, respublikanın bütün kitabxana şəbəkəsini əhatə etmişdir. Proqramda kitabxana xidmətinin təkmilləşdirilməsi, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsi, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsi, elektron məlumat banklarının yaradılması, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi mədəni sahədə dövlət siyasətinin prioritetləri kimi təsdiqlənmişdir. Proqrama uyğun olaraq respublikanın bütün şəhər, rayon kitabxanalarının veb saytları yaradılmış, 40-a yaxın şəhər, rayon mərkəzi kitabxanasında elektron kataloqun yaradılması məqsədilə avtomatlaşdırılmış kitabxana-informasiya sistemi quraşdırılmışdır.

   İnformasiya cəmiyyəti quruculuğu dövründə kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi günün ən vacib məsələlərindən biri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı ilə nəşr olunmuş kitablar kitabxana fondlarının günün tələbləri səviyyəsində komplektləşdirilməsinə geniş imkan yaratmışdır. 220 addan artıq olan bu ədəbiyyat kolleksiyasına Azərbaycan xalq ədəbiyyatı, klassik və müasir Azərbaycan ədəbiyyatı, ədəbiyyat antologiyaları, dünya ədəbiyyatı, dünya uşaq ədəbiyyatı, lüğət və ensiklopediyalar daxil olmuşdur. Prezidentin müvafiq sərəncamı ilə hazırda 150 cildlik dünya ədəbiyyatı inciləri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilməkdədir.

   Son dövrlərdə ölkənin dinamik inkişafı kino sahəsində baş verən proseslərin fəallaşmasına imkan yaratmışdır. 2008-ci ildə dövlət başçısı tərəfindən növbəti onillik üçün kinonun inkişafına dair dövlət proqramının təsdiq olunması, film istehsalına ayrılan büdcə vəsaitinin ildən-ilə artması kinoya göstərilən xüsusi diqqətin ifadəsidir. “Azərbaycanfilm” kinostudiyasının köklü modernləşdirilməsi - bütün texnoloji prosesləri əhatə edən avadanlığın tətbiqini nəzərdə tutan layihənin hazırlanması, “Nizami” kinoteatrının yenidən qurularaq Kino Mərkəzinə çevrilməsi bunu bir daha sübut edir. Ötən müddət ərzində 35 tammetrajlı, 27 qısametrajlı, 11 animasiya, 79 sənədli film çəkilmişdir.

   Hazırda «Azərbaycanfilm» (bədii), «Salnamə» və «Yaddaş» (sənədli), «Azanfilm» və «Debüt» (animasiya) studiyaları və digər özəl kino şirkətləri tərəfindən müsabiqə yolu ilə dövlət sifarişi əsasında müxtəlif filmlər çəkilir; gənc istedadları üzə çıxarmaq üçün hər il “Bu meydan, bu ekran” gənclər müsabiqəsi keçirilir.

   Mədəni yüksəlişin mühüm tərkib hissəsi olan nəşriyyat və poliqrafiya sahəsi Azərbaycan Respublikası müstəqillik əldə edərək bazar iqtisadiyyatına keçdikdən sonra bir çox ciddi çətinliklərlə üzləşmişdir. Sovet dövründən qalma nəşriyyat sistemi dağılmış, planlı dövlət nəşriyyatları tədricən sıradan çıxmışdı. Yeni yaranan özəl müəssisələr isə maddi sıxıntılar ucbatından istənilən səviyyədə fəaliyyət göstərə bilmirdi. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ölkə rəhbərliyinə qayıtdıqdan sonra dövlətin qayğısı sayəsində nəşriyyat və poliqrafiya sahəsi öz mövcudluğunu qoruya bilmişdir.

   2000-ci ildə Azərbaycanda sahənin inkişafını tənzimləyən olduqca dəyərli bir sənəd - “Nəşriyyat işi haqqında” qanun qəbul edilmişdir. Azərbaycanda kitab nəşri, çap məhsullarının istehsalı tam sərbəstləşdirilmiş, senzura və nəşriyyat-poliqrafiya fəaliyyətinə görə xüsusi razılıq (lisenziya) verilməsi ləğv olunmuşdur. Nəticədə qeyri-dövlət nəşriyyat-poliqrafiya şəbəkəsi tədricən güclənmiş, ümumi mədəniyyət industriyasında özünə layiq yer tuta bilmişdir.

   Fərəhli haldır ki, bu gün müstəqil Azərbaycan dövlətində nəşriyyat işində sürətli inkişaf prosesi başlanmışdır. Peşəkar nəşriyyat redaksiyaları, poliqrafiya müəssisələri müasir tələbata cavab verən nəşr layihələrini uğurla həyata keçirə bilirlər. Hazırda milli nəşr məhsulları beynəlxalq kitab sərgilərində nümayiş etdirilir, nüfuzlu müsabiqələrdə yüksək yerlər tutur. 2006-cı ildən başlayaraq Azərbaycan kitabı İsgəndəriyyə (MƏR), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (ÇXR), İstanbul (Türkiyə), Əbu-Dabi (BƏƏ), Saloniki (Yunanıstan), Moskva (Rusiya Federasiyası), Minsk (Belarus), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa) şəhərlərində keçirilən kitab sərgi-yarmarkalarında nümayiş etdirilmiş, ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

   Nazirlik tərəfindən iki ildən bir keçirilən “Qızıl Kəlmə” Ədəbi Mükafatı müsabiqəsi bütün ölkə nəşriyyatlarına yüksək ədəbi-bədii dəyərə malik kitablar nəşr etməyin üstünlüyü və dövlət tərəfindən müdafiə ediləcəyi haqqında mesaj olmuşdur.

   Azərbaycanın tarixində ilk dəfə olaraq 2009-cu ildə 60-dan çox milli, 20-dən çox xarici nəşriyyatın iştirak etdiyi, 40 min nəfərə yaxın ziyarətçinin qatıldığı I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ölkənin nəşriyyat-poliqrafiya potensialı barədə aydın təsəvvür yaranmış, nəşriyyatlar və müəlliflər hazırlayıb nəşr etdikləri məhsulları, nəinki nümayiş etdirmək, hətta satmaq imkanı əldə etmişlər. Bu əhəmiyyətli tədbirin hər iki ildən bir keçirilməsi nəzərdə tutulmuşdur. 2011-ci ildə keçirilən növbəti sərgidə iştirak edən yerli və xarici nəşriyyatların, kitabxanaların, kitab sənəti sahəsində fəaliyyət göstərən qurumların sayı əhəmiyyətli dərəcədə artmışdır. 23-25 sentyabr 2013-cü il tarixində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

   Ötən illər ərzində mədəniyyətin müxtəlif sahələrinə aid 15 dildə, 350-yə yaxın ada yaxın kitab nazirliyin təşkilatçılığı ilə nəşr olunmuş və ölkə kitabxanalarına paylanılmışdır.

   Mədəniyyət sahəsində strateji əhəmiyyət kəsb edən fəaliyyət istiqamətlərindən biri də respublikanın qabaqcıl elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması və bunun vasitəsilə sahənin inkişafında elmin iştirakının təmin edilməsidir. 2007-ci ildə milli mədəniyyətin təbliğini və elmi tədqiqatını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyinin tərkibində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz yaradılmışdır.

   Gənc və yeniyetmələr arasında estetik zövqün formalaşmasında uşaq musiqi və incəsənət məktəblərinin əvəzolunmaz rolu nəzərə alınaraq, dövlət tərəfindən bu təhsil müəssisələrinin inkişafına böyük diqqət ayrılır. Uşaq musiqi və incəsənət məktəblərinin, Bakı Xoreoqrafiya Məktəbinin 39 nəfər şagird və tələbəsi Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, onların adı Azərbaycanın gənc istedadlarının “Qızıl Kitabı”na yazılmışdır.

   2008-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı” təsdiq edilmişdir. Proqrama uyğun olaraq məktəblərin maddi-texniki bazası daim gücləndirilir, şagirdlərin istedadlarının yüksək səviyyədə inkişaf etdirilməsi üçün mütəmadi olaraq müxtəlif festivallar, müsabiqələr və digər tədbirlər təşkil olunur. Eyni zamanda istedadlı şagirdlərin beynəlxalq müsabiqələrdə iştirakına xüsusi diqqət yetirilir. Bu gün şagirdlərimiz Rusiya, Polşa, Estoniya, Böyük Britaniya, Türkiyə, Ukrayna, ABŞ, Belçika, Avstriya, Belarus, Türkmənistan, Niderland Krallığı, Suriya, Bolqarıstan, Litva, Mərakeş və s. kimi ölkələrdə keçirilən beynəlxalq müsabiqə və festivallarda fəal iştirak edir, yüksək nəticələr qazanırlar.

   Kulturologiya elminin populyarlaşdırılması, habelə mədəniyyət sahəsinin dövlətin və cəmiyyətin inkişafında əhəmiyyətinin artırılmasına xidmət edən elmi tədqiqatların dəstəklənməsi məqsədilə Bakı şəhərində Kulturoloqların Milli Forumu (2007, 2010), Kulturoloqların Beynəlxalq Bakı Forumu (2008, 2012), “Neft və mədəniyyət - xalqın sərvəti” (2010), “Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri” (2011), “Davamlı inkişaf mədəniyyəti: qlobal və regional aspektlər” (2012) adlı beynəlxalq konfranslar təşkil olunmuşdur.

   Azərbaycan Respublikasının mədəniyyət sahəsində xarici siyasət strategiyasının əsas məqsədlərindən biri dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli mədəni əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsidir.

   Dünyanın 70-dən çox ölkəsi, həmçinin Birləşmiş Millətlər Təşkilatı, UNESCO, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, İSESCO, MDB, TÜRKSOY, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlığın təşkili, ölkəmizin bu sahədə mövcud beynəlxalq proqram və layihələrə qoşulması, həmçinin Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Təsadüfi deyil ki, qısa müddət ərzində mədəniyyət diplomatiyamız beynəlxalq səviyyədə böyük uğurlar qazanmışdır.

   2006-cı ildə Azərbaycan Respublikası hökuməti ilə UNESCO arasında “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri olan Azərbaycan muğamının qorunması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi”nə dair saziş imzalanmışdır. 2007-ci ildə UNESCO-nun Baş qərargahında görkəmli xalçaçı-rəssam Lətif Kərimovun, 2008-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının və Azərbaycanın məşhur yazıçısı Mir Cəlal Paşayevin 100 illik yubileyləri keçirilmişdir.

   Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan mədəni irsinin İçərişəhər və Qobustan kimi tarixi abidələri UNESCO-nun Dünya İrsi Siyahısına, qeyri-maddi mədəni irsimizin muğam, xalçaçılıq və aşıq sənətlərinin, həmçinin Novruz bayramının təşkilatın “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilməsi beynəlxalq səviyyədə qazandığımız böyük uğurlardandır.

   Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ilin dekabr ayında Bakıda Avropa Şurası ilə birlikdə təşkilata üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransın keçirilməsi Avropanın mədəniyyət paytaxtları ilə əlaqələrin gücləndirilməsinə, əməkdaşlığın inkişafına mühüm töhfə olmuşdur. Konfransda Avropa Şurasının üzvü olan, Avropa Mədəniyyət Konvensiyasını imzalamış 49 dövlətin, habelə müşahidəçi ölkələrin, Avropa Komissiyası, UNESCO, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO), Ərəb Dövlətləri Liqası ölkələrinin Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALEKSO), GUAM, TÜRKSOY, İRSİCA, İCOMOS, İCCROM təşkilatlarının yüksək rütbəli rəsmiləri, müxtəlif fondların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq ekspertlər, məşhur mədəniyyət və incəsənət xadimləri iştirak etmişdir. Konfransda “Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi” qəbul olunmuş və əsas məqsədi istedadlı insanların, mədəniyyət sahəsində çalışan şəxslərin hüquqlarının qorunması, onların beynəlxalq səviyyədə mədəni proseslərdə iştiraka cəlb edilməsi vasitəsilə mədəniyyətlərarası dialoqun təşviqinə yönəldilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur.

   2007-ci ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin Liviyanın Tripoli şəhərində keçirilən V konfransında Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2009-cu il fevralın 18-də Heydər Əliyev Sarayında təntənəli açılışı olmuş bu möhtəşəm tədbirdə bir sıra Avropa və İslam dövlətlərinin mədəniyyət nazirləri, şəhərlərin merləri iştirak etmişdir. Bu münasibətlə il boyu 100-dən çox milli və beynəlxalq tədbir keçirilmişdir.

   Mədəniyyət ili çərçivəsində Bakıda “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı keçirilmişdir.

   Tədbirdə “Bakı prosesi: sivilizasiyalar arasında dialoqa yeni çağırış” mövzusunda dəyirmi masa təşkil edilmiş, İslam ölkələri mədəniyyət nazirləri konfransına sədrlik Liviyadan növbəti iki il müddətinə Azərbaycan Respublikasına keçmişdir. “İslam Mədəniyyəti Paytaxtları” proqramının həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı müzakirələrdə Naxçıvan 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmuşdur.

   Beynəlxalq miqyasda əldə edilən mühüm uğurlardan biri də 2010-cu il 22-24 iyun tarixində Paris şəhərində UNESCO-nun Baş qərargahında “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”ya üzv dövlətlərin üçüncü sessiyasında Azərbaycanın qurumun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilməsidir.

   Son dövrlərdə Azərbaycan mədəniyyətinin xaricdə təbliği, eləcə də ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə yönəldilmiş mədəni tədbirlərin həyata keçirilməsi mexanizminin gücləndirilməsi məqsədilə xarici ölkələrdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması işinə başlanılmışdır. Prezidentin müvafiq sərəncamı ilə Fransada və Özbəkistanda Azərbaycan Mədəniyyət mərkəzləri açılmışdır. Mərkəzlər bu ölkələrlə mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etməklə yanaşı, Azərbaycanın turizm potensialı və mədəni irsinin təşviqi vasitəsilə respublikaya turist axınının artması üçün şərait yaradacaqdır. Mədəniyyət mərkəzlərinin yaradılması istiqamətində işlər davam etdirilir.

   2011-ci ilin aprelində ölkəmiz daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etmiş, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Forum BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında (23 sentyabr 2010, Nyu-York) elan olunan qərara və BMT-nin Baş Assambleyası (2001 noyabr), İSESCO tərəfindən irəli sürülmüş “Mədəni müxtəliflik haqqında İslam bəyannaməsi” (2004), UNESCO-nun “Mədəni ifadələrin qorunması və təşviqi üzrə Konvensiyası” (2005), Avropa Şurasına üzv dövlətlərin dövlət və hökumət başçılarının 3-cü zirvə görüşünün Bəyannaməsi və tədbirlər planına, Avropa Şurası "Mədəniyyətlərarası dialoqa dair ağ kitab" (2008 may), Mədəniyyətlərarası dialoqun keçirilməsinə dair Bakı Bəyannaməsi tərəfindən qəbul edilən Mədəniyyətlərarası Dialoqun gündəliyinə əsaslanaraq reallaşmışdır.

   "Ümumi dəyərlərə qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək" şüarı altında keçirilən bu forumda planetin bütün qitələri əhatə edilməklə 102 ölkədən 500 nümayəndə - 20 ölkənin mədəniyyət naziri, bir çox ölkələrin nazir müavinləri, İSESCO-nun baş direktoru, UNESCO-nun baş direktorunun müavini, Avropa Şurası Parlament Assambleyasının sədri daxil olmaqla aparıcı beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif dünya şəhərlərinin merləri, diplomatlar, qeyri-hökumət təşkilatları nümayəndələri, jurnalistlər, mədəniyyət ekspertləri və xadimlər, tanınmış ziyalılar iştirak etmişlər.

  UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi, İSESCO kimi mötəbər beynəlxalq qurumların dəstəklədiyi və dünyada ilk dəfə bu formatda keçirilən Forumun əsas məqsədi mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın reallaşdırdığı təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq, ölkəmizdə daimi fəaliyyət göstərən Beynəlxalq Forum yaratmaqdır. Əldə olunan uğurlar nəzərə alınaraq forumun hər iki ildən bir Bakıda keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci ilin 27 may tarixli fərman imzalanmışdır.

   Nəticədə 2013-cü ildə növbəti - II Dünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla keçirilmiş, qarşıya qoyulan məqsədlər çərçivəsində mədəniyyətlərarası dialoqun daha da gücləndirilməsi istiqamətində böyük nailiyyətlər əldə edilmişdir.

   Beynəlxalq mədəni aləmdə əldə etdiyimiz daha bir nailiyyət 2013-cü ilin 2-8 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının Bakıda Azərbaycanın sədrliyi ilə keçirilməsinin qərarlaşdırılmasıdır.

   Qlobal miqyasda mədəniyyətimizin təbliği ilə yanaşı ölkənin regionlarında da mədəni mühitin inkişafına xüsusi diqqət yetirilir. Mədəniyyət evlərinin və klub sisteminin müasirləşdirilməsi məqsədilə nazirlik tərəfindən “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi təsdiq edilmiş və artıq bir sıra rayonlarda tətbiq olunmaqdadır. Diyarşünaslıq, folklor və sənətkarlıq profilləri üzrə, həmçinin əhalinin asudə vaxtının mədəni təşkili istiqamətində fəaliyyət göstərəcək şəhər (rayon) mədəniyyət mərkəzləri və onların filialları ziyalıları və mədəniyyət xadimlərini cəlb edərək yerlərdə mədəni həyatın daha da canlandırılması, bütün yaş qruplarının mədəni tədbirlərdə iştirakının təmin edilməsinə xidmət göstərəcəkdir.

   Son 10 il ərzində mədəniyyət infrastrukturlarının müasir standartlara uyğun yenidən qurulmasına yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsinə də xüsusi diqqət yetirilmişdir. Beynəlxalq Muğam Mərkəzinin, Azərbaycan Milli İncəsənət Muzeyinin keçid korpusunun, Qəbələ Mədəniyyət Mərkəzinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

   Heydər Əliyev Sarayı, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Musiqili Teatrı, Dövlət Rus Dram Teatrı, Akademik Milli Dram Teatrı, Dövlət Kukla Teatrı, Dövlət “Yuğ” Teatrı, Dövlət Mahnı Teatrı, Pantomima Teatrı, Mingəçevir Dram Teatrının binaları əsaslı təmir olunmuşdur.

   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikintisi, Bakı şəhərində və regionlarda uşaq musiqi, incəsənət məktəbi binalarının əsaslı təmiri və yeni binaların tikintisi, Gəncə şəhərində “Şah Abbas” karvansarayının bərpası, Tərtər şəhər Mədəniyyət evinin əsaslı təmiri, S.Rəhman adına Şəki Dram Teatrı binasının yenidən qurulması, Quba şəhərində tarix-diyarşünaslıq muzeyi binasının tikintisi və digər mədəniyyət müəssisələrinin təmiri, yenidən qurulması və tikintisi başa çatmaq üzrədir.

   2003-2012-ci illər ərzində 23 teatr, kino və konsert müəssisələri, 16 muzey, 10 mədəniyyət evi, 18 uşaq musiqi, incəsənət və digər tədris müəssisələri, 12 kitabxana, 21 tarix-mədəniyyət abidəsi üzərində müvafiq qaydada təmir-bərpa, yenidənqurma işləri aparılmış və ya tikilərək istifadəyə verilmişdir.

   Göründüyü kimi, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət və turizm sahəsində də mühüm nailiyyətlər əldə edilmişdir və bu nailiyyətlər gələcəkdə daha böyük uğurlar üçün münbit zəmin yaratmışdır. Bir daha qeyd etmək istəyirik ki, bütün bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının xüsusi diqqət və qayğısı, müəyyənləşdirdiyi uzaqgörən siyasi istiqamət dayanır. Ölkəmizin mədəniyyət ictimaiyyəti bundan sonra da Azərbaycan mədəniyyətinin inkişafı və tanıdılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə və səylə yerinə yetirəcəkdir.

 

Mədəniyyət.- 2013.- 20 sentyabr.- S. 4-5; 6.