Sərgi-yarmarka əcnəbi
qonaqların gözü ilə
Təəssürat
və rəylər
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında yerli nəşr evi və poliqrafiya müəssisələri ilə yanaşı, 20-dək xarici ölkə nəşriyyatı da təmsil olunur. Kitab bayramına qatılanlar arasında ölkəmizdə yaşayan əcnəbilər, diplomatlar da vardı. Biz də yarmarkanın əcnəbi qonaqlarının təəssüratlarını öyrənmək istədik.
“Nizami müdriklik zirvəsidir”
İlk müsahibim
norveçli xanım Ragnhild Thoridir. O, Azərbaycan və dünya ədəbiyyatının
böyük ustadı Nizami Gəncəvinin vurğunudur. Sərgi-yarmarkada Nizami haqqında yazdığı
kitabını təqdim edir. Dahi şairin
yaradıcılığının öz ölkəsində
orta məktəblər üçün tədris proqramına
daxil edilməsini istədiyini deyir və buna mütləq nail
olacağına da əmindir:
- Mən Avropanın
şimalından, uzaq Norveçdənəm. Doqquz ilə yaxındır ki, Azərbaycanda
yaşayıram. İlk üç ili
Gəncədə yaşamışam, orta məktəbdə
müəllimə işləmişəm. Hazırda
Bakıda qeyri-hökumət təşkilatında
çalışıram. Sərgiyə
dahi Nizaminin həyatı və əsərlərindəki dəyərli
fikirlərin yer aldığı, Azərbaycan, ingilis və rus
dillərində nəşr etdirdiyim nəfis tərtibatlı
kitabla qatılmışam. Sağ olsunlar, Mədəniyyət
və Turizm Nazirliyi, sərgidə mənim üçün
ayrıca bir stend ayırdı. Burada dahi
şairin yaradıcılığını nümayiş
etdirirəm. Kitabın satışından
əldə olunacaq vəsaitlə yeni nəşrlərin
hazırlanmasına çalışacağam.
- Nizami
yaradıcılığı ilə
tanışlığınız nə vaxt başladı?
- Gəncədə müəllimə
işləyərkən dahi şairin
yaradıcılığı ilə tanış
oldum. Mənə böyük eşqdən bəhs
edən “Leyli və Məcnun” əsəri haqqında məlumat
verdilər. İlk ağlıma gələn
fikir o oldu ki, Nizami yəqin ki, bu əsəri yazarkən
Şekspirdən təsirlənib. Heç
bu fikri səsləndirməkdən də çəkinmədim.
Ancaq mənə bildirdilər ki, Nizami
Şekspirdən dörd əsr əvvəl yaşayıb.
Nizami yaradıcılığını, həyatını,
əsərlərini oxumağa başladım, belə
böyük şəxsiyyəti bu yaşıma qədər
tanımadığıma təəssüf etdim. Onun “Leyli və Məcnun” poeması həqiqətən
heyrətamizdir. Orada insanlıq
üçün mesajlar, səmimi və ülvi eşq, onun təkrarsız
ifadəsi insanı valeh edir. Bu gün əminliklə deyə
bilərəm ki, Şekspir “Romeo və Cüliyetta”nı yazarkən dahi Nizamidən təsirlənib.
Bəzi Avropa klassiklərinin də Nizami
yaradıcılığından bəhrələndiyi qənaətindəyəm.
Çünki bu gün Avropanın səsləndirdiyi humanizm,
insanpərvərlik, sevgiyə ali
münasibət, qəddarlığa,
istilaçılığa, yoxsulluğa incə və ustad
dili ilə etiraz Nizami Gəncəvi
yaradıcılığında hələ 12-ci əsrdə
olub. Məsələn, “İskəndərnamə”də
Bərdə hökmdarı Nüşabə ilə İsgəndər
arasında baş tutan söhbətdə böyük şair
istilaçıya etdiyi zülmləri, qəsbkarlığı,
insanların yoxsul duruma düşdüyünü necə
gözəl və incə bir dillə anladır. Burada həqiqətlərin qadın dili ilə
çatdırılması xüsusilə maraqlıdır.
Məncə, bu dahi şairin həm də qadına
olan münasibətindən, hörmətindən irəli gəlirdi.
Mən sizə bir məsələni deyim ki,
Nizami yaradıcılığındakı dərinliyi dərk
etdiyim kimi çatdıra bilsəydim, özümü
çox xoşbəxt hiss edərdim. Elə
məsələlər var ki, insan onu dərk edir, ancaq
çatdıra bilmir. Bir sözlə,
Nizami müdriklik zirvəsidir, Azərbaycan və eyni zamanda
dünya mədəniyyətinin irsidir.
- Çap etdirdiyiniz bu kitaba Avropada
maraq necədir?
- Kitaba maraq çox yüksəkdir.
Onun nəşri üçün Norveç səfirliyi
kiçik məbləğdə qrant ayırmışdı.
“Qanun” nəşriyyatı ilə birlikdə bu nəfis
nəşri ərsəyə gətirdik. Çox
böyük məmnunluqla deyə bilərəm ki, kitab
satışından əldə olunan vəsait bütün xərclərimizi
ödədi və biz indi 4-cü nəşrin tərtibatına
hazırlaşırıq. Norveç səfirliyi
də bu kitabın təbliğində böyük rol
oynadı. Səfirlik öz qonaqlarına hədiyyə
kimi bu kitabı təqdim edir. Mən
özüm də dünyanın bir çox ölkələrində
tədbirlərdə oluram. Bu kitabı
mütləq özümlə aparıram, dahi Nizamidən bəhs
edirəm. Bundan əlavə, öz ölkəmizin
Təhsil Nazirliyi ilə də Nizami Gəncəvi
yaradıcılığının, əsərlərinin orta
məktəb dərsliklərinə salınması ilə
bağlı danışıqlar aparıram. Ümid edirəm ki, bu danışıqlar müsbət
nəticəsini verəcək. Norveçdə
bir nəşr evi ilə bu kitabın Norveç dilində
çap olunmasıyla bağlı
danışıqlarımız davam edir. Yəqin
ki, bu məsələ də müsbət həll olunacaq.
Bu qənaətdəyəm ki, Nizami dalğası dünyaya
yayılmalıdır, bütün dünya böyük
dühanın yaradıcılığı ilə tanış olmalıdır.
“Ölkənizdə bizim nəşrlərə
böyük tələbat var”
Növbəti həmsöhbətimiz
“Oksford Universiteti nəşriyyat evi”nin Mərkəzi
Asiya və Yaxın Şərq üzrə regional direktoru Kenan
Barut oldu.
- Bakı sərgi-yarmarkasında
ilk dəfə iştirak edirik və burada olmaqdan çox məmnunam.
Sərgidə əsasən ingilis dilinin tədrisi
ilə bağlı kitablarımızı nümayiş
etdiririk. Qeyd edim ki, bizim nəşriyyat evi
Oksford Universitetinə bağlıdır və artıq 535
ildir ki, kitab nəşri ilə məşğuldur. Nəşriyyat 1478-ci ildə ilk kitabını
çap edib. Bundan əlavə, ingilis dili
müəllimlərinin təkmilləşdirilməsi və
eyni zamanda beynəlxalq imtahanların keçirilməsi ilə
də məşğuluq.
- Stendinizə maraq necə, sizi qane
edirmi?
- Maraq olduqca yüksəkdir. Əsasən gənclər stendimizə yaxınlaşırlar.
Orijinal Oksford nəşrlərini almaq istəyirlər,
bizim universitetdə təhsillə maraqlanırlar. Çox təəssüf ki, buraya gətirdiyimiz
kitablar satmaq üçün deyil, ancaq tələbin çox
böyük olduğunu müşahidə etdik, orijinal
kitabları almaq istəyənlər olduqca çoxdur. Bilirsiniz ki, ingilis dilinin tədrisi ilə
bağlı ən yaxşı kitablar “Oksford” nəşriyyatına
məxsusdur. Məsələn, “Headway”
bütün dünyada tanınır. Ancaq
çox təəssüf ki, Azərbaycana bu kitablar İrandan
gətirilir və daha aşağı keyfiyyətdədir.
Biz əslində çoxdan istəyirik ki, Azərbaycanda
kitab satışı, tədris və nəşr işi ilə
məşğul olaq. Bu sərgi də bir
daha göstərdi ki, ölkənizdə bizim nəşrlərə
böyük tələbat var. 150 ölkədə aktiv fəaliyyət
göstərməyimizə baxmayaraq, hələ ki, Azərbaycanda
təmsil olunmuruq. Təhsil Nazirliyi və
digər dövlət qurumları ilə danışıqlar
aparılır. Ümid edirik ki, bu sərgi
bizim üçün düşərli olacaq.
- Sərginin təşkili ilə
bağlı qənaətiniz necədir?
- Sərgi yüksək səviyyədə
təşkil olunub. Azərbaycanda ilk dəfə
olduğum üçün deyə bilərəm ki, ölkəniz
inkişaf edir, insanların təhsil səviyyəsi yüksəkdir.
Bu baxımdan sərginin də yüksək səviyyədə
təşkil olunması təbiidir. Ancaq sərgidə
yerli nəşriyyatların çoxluq təşkil etdiyini
müşahidə etdim. Məncə, Qərb ölkələrinin
- Almaniya, Fransa, Amerika nəşr evlərinin də sərgi-yarmarkaya
qatılması yeni əməkdaşlığın
qurulması baxımından uğurlu ola
bilər. Digər məqam isə, yarmarkanın
ilk gündən ictimaiyyətə açıq
olmasıdır. Bu yaxşıdır, ancaq
hesab edirəm ki, ilk gün yalnız professionallar
üçün açıq olsaydı, daha məqbul
olardı. Bu cür yarmarkaların təşkilində
əsas məqsədlərdən biri də nəşriyyatlar
arasında əməkdaşlıqlar qurmaq, kitab çap etdirmək
istəyən insanlarla əlaqə yaratmaqdır.
“Kitabların hamısını pulsuz paylayırıq”
Növbəti müsahibə
üçün ABŞ səfirliyinin stendinə
yaxınlaşırıq. Bizi səfirliyin
mədəniyyət məsələləri üzrə
nümayəndəsi xanım M.Kelli Kullum qarşılayır.
Ondan nümayiş etdirdikləri nəşrlər barədə
məlumat verməsini xahiş edirik:
- Öncə onu deyim ki,
özüm ilk dəfə Bakıda təşkil olunan sərgi-yarmarkaya
qatılmasam da, səfirliyimiz bundan öncəki sərgilərdə
iştirak edib. Sərgidə 25-dən çox
kitab və broşürü təqdim edirik. Onların əksəriyyəti səfirliyin xətti
ilə Azərbaycanda tərcümə olunub və çap
edilib. Amerikada çap olunmuş və
ingilis dilində olan nəşrlərimiz də var.
Kitabların hamısını sərgi
iştirakçılarına pulsuz paylayırıq. Kitablarımız əsasən media, kütləvi
informasiya vasitələri və qeyri-hökumət təşkilatları
ilə bağlı, broşürlər səfirliyin fəaliyyəti,
Amerika universitetlərində təhsil haqqındadır.
- Stendinizə maraq da
böyükdür...
- Bəli, ziyarətçimiz
çoxdur. Bunun bir səbəbi də, yəqin
ki, çap məhsullarımızın pulsuz paylanması, digər
səbəb isə kitabların media və qeyri-hökumət
təşkilatları ilə əlaqəli olmasıdır.
Əcnəbi müəlliflərin bu mövzuda
Azərbaycan dilinə tərcümə olunmuş kitabları
azdır. Bu sahəyə diqqət yetirməyimiz
də məhz bununla əlaqədardır. Gənclər
Amerikada təhsillə bağlı maraqlanırlar, suallar verirlər.
Hazırladığımız broşürlər
bu məsələdə köməyimizə çatır.
- Digər stendlərə baş
çəkmək imkanınız oldumu?
- Digər stendlərlə tanış olmağa, təəssüf ki,
vaxtımız qalmır. Gördüyünüz
kimi, müraciət edən, sual verən çoxdur. Ancaq buradan müşahidə etdiyim qədərilə
yerli nəşriyyatların kitablarına daha böyük maraq
var. Gənclər kitab almağa çalışırlar.
Bu əslində çox gözəldir. Sərgi yüksək səviyyədə təşkil
olunub, məkan da əladır. Bu
baxımdan hələ qarşıdakı günlərdə də
sərgiyə marağın olacağını
düşünürük.
Sadiq
Musa
Mədəniyyət.- 2013.- 25
sentyabr.- S. 11.