Zərif hisslər,
duyğular şairi
“Yenə düşür yadıma
ömrün ötən günləri...”
Əhməd Cəmil təbiət etibarı ilə çox sakit, təmkinli, həm də son dərəcə mədəni bir insan olub. Hətta dövrün ədəbi mübahisələrinə qoşulmayıb. Vaxtının çox hissəsini yaradıcılığa həsr edib. Rəsmi dairələr tərəfindən onun bu insani keyfiyyətləri çox bəyənilib, yaradıcılığı yüksək qiymətləndirilib, ona etimad göstərilib. Bir müddət Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1944-1948) vəzifəsində çalışıb. Sonra “Azərbaycan” və “Ulduz” jurnallarının baş redaktoru olub...
Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü il oktyabrın 20-də İrəvan şəhərində sənətkar ailəsində anadan olub. Dörd yaşında ikən atasını itirir və anasının himayəsində böyüyür. Sonra Gəncəyə köçürlər, Əhmədin uşaqlıq və gənclik illəri bu şəhərdə keçir.
Hələ orta məktəb illərində “Gözəl Qafqaz” adlı ilk şeiri “Qızıl Gəncə” jurnalında dərc olunur. Daha sonra “Dünyanın gözəlliyi”, “Şübhə”, “Xatirə”, “Yadigar”, “Qoca aşıq”, “Xoşbəxt uşaqlar” adlı şeirləri mətbuatda dərc olunur. Zamanın nəbzini tutmağı bacarır, yeni quruluşu vəsf edən şeirlər yazır. Çox keçmir, gənc proletar şairlərin cərgəsinə qoşulur, Gəncədə və Bakıda nəşr olunan qəzet və jurnallarda mütəmadi çıxış edir.
Bakıda Pedaqoji İnstitutda təhsilini başa vurduqdan sonra yeddi il Şəmkir və Gəncədə müəllim işləyir. Fəal yaradıcılıq axtarışları onu ədəbi prosesin fəal iştirakçısı edir. 1940-cı ildə Bakıya köçür. Taleyini əbədi olaraq bu şəhərlə bağlayır. Müharibə illərində Əhməd Cəmil şair kimi daha da məşhurlaşır. Səməd Vurğun onun müharibə dövrü yaradıcılığını yüksək dəyərləndirir: “Mən şair Əhməd Cəmilin çaldığı şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir. Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır və ilk baharın gülləri kimi ətir saçır. Bu nəğmələrdə bir qəlbin, həm də həqiqi bir şair qəlbinin çırpıntıları səslənir! Mən həqiqi şair dedim. Bu, həqiqi ilham deməkdir. Əsl ilham könüllər yolçusu, könüllər aşiqi olan bir şairin hünəridir”.
Bu dövrdə Əhməd Cəmilin yaradıcılığında daha çox diqqətçəkən “Can nənə, bir nağıl de!” şeiri olub. Əsər XX əsr Azərbaycan poeziyasında süjetli lirikanın ən gözəl nümunələrindən biridir.
- Ay nənə, bir nağıl de!
- Ömrüm-günüm,
yat daha,
Hamısını indi desəm,
nağıl qalmaz sabaha.
- Can nənə,
de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay,
gör,
heç varmı bir oyaq?
Bu şeir
haqqında vaxtilə çox fikirlər söylənib. Görkəmli
yazıçı, tənqidçi
Mehdi Hüseynin fikirləri isə çox maraqlıdır:
“Bu əsərin gözəlliyini
duymaq üçün
onu başdan-ayağa diqqətlə oxumaq lazımdır. Bu şeirdə
hər şey yenidir: məzmun da, ideya da,
forma da, sözlər də. “Can nənə,
bir nağıl de!” hər şeydən əvvəl həyatımızın
ən tipik bir hadisəsindən bəhs edir. Şair bu hadisəni bəzəmir, “romantikləşdirmir”,
amma əsər gözəl rayihəli bir romantika ilə
nəfəs alır.
Burada lirika da vardır,
xəfif bir kədər də, bahar ətri verən bir sevinc də”.
Əhməd Cəmil sözün
həqiqi mənasında
lirik şair olub. Müharibə illərində yazdığı
şeirlərində əsgər
qəlbinin döyüntülərini
qələmə alır.
Bu ülvi yaradıcılıq
bir daha Səməd Vurğunun diqqətindən yayınmır:
“O öz incə rübabında çaldığı
nəğmələrlə həyat və səadət ordumuzun qəlbinə ilham və qüvvət verir. Qəhrəman əsgərlərimizin mərd
əllərini alqışlayır...”.
O, həqiqətən
hisslər, duyğular
şairi olub. Bəzən tənqidçilər sovet
dövrünün poeziyasını
zərif hisslərdən,
duyğulardan uzaq düşdüyünü bildirirlər.
Ancaq Əhməd Cəmil yaradıcılığı belə
deyil.
Ocaq sönür, yel
əsir, yağış
döyür səngəri.
Yenə düşür yadıma
ömrün ötən
günləri.
Hanı, hanı deyirəm, o dilimin əzbəri,
İlk görüş, son ayrılıq
xatirində qalırmı,
Görəsən, o gözəl qız
məni yada salırmı?
Onun “Kənd xatirələri”
silsiləsindən olan
“Əmrahın anası”
şeirindəki Hicran
xala müharibədə
həlak olan bir igidin anasıdır.
Nəvəsi ilə bir yerdə yaşayır.
Əsərdə göstərilir ki,
yolçular su üçün onun evinə dönürlər.
Qadın
yolçularla söhbətində
çox mehribanlıq
göstərir. Əri
haqda bir kiçik hekayət danışır:
- Hər gün çöldən gələr yorulmuş, xəstə,
Ləklərə su açar,
fikrə gedərdi.
Oturub həyətdə bu taxtın üstdə
Gecə çubuğunu tüstülədərdi.
Kiçik nəvəsindən də
söz salır:
- Əmrahdan nişanə odur, bilirsən,
Adı Nüşabədir, noğul
deyirəm.
Oğul əvəzidir! Hərdən
görürsən,
Huşum dağılanda oğul deyirəm...
Əhməd Cəmil yaradıcılığı
ilə tanış
olarkən hiss edirsən
ki, şair dövrünün “ənənəvi”
mövzularından da yan keçə bilməyib. Onun yaradıcılığında
çeşidli mövzulara
rast gəlinir.
“Bu gecə Nəsimi gəlmişdi bizə”, “Təbrizdə”, “Səməd
Behrəngi”, “Ancela Devisə”, “Zəncilər
məhəlləsi”, “Kuba
vətənpərvərləri”, “Konqo” və s. şeirlər buna misal ola bilər.
O, ədəbi
yaradıcılıqla bərabər
tərcüməyə də
vaxt ayırıb. Müxtəlif illərdə Viktor Hüqo, Nikolay Nekrasov, İvan Franko və Konstantin Simonovdan tərcümələr
edib. Ən maraqlı tərcümələrindən
biri dahi alman şairi Hötenin “Faust” əsəridir.
Belə deyirlər ki, bu tərcüməyə səbəb, Hötenin Şərq xalqlarının
ədəbiyyatına vurğunluğu
olub. Məlumdur ki, Höte Şərq ədəbiyyatını
yüksək qiymətləndirib,
“Qərb-Şərq divanı”
adlı şeirlər
məcmuəsini yaradıb.
Əhməd Cəmil ona
ehtiram əlaməti olaraq “Faust”dan tərcümələr edib.
Görkəmli sənətkar bütün
ömrü boyu xalqının mənəvi
həyatı ilə sıx bağlı olub. Zamanın, dövrünün mütərəqqi ideyalarını
tərənnüm edib.
Yaradıcılığının coşqun çağında,
ömrünün müdrik
vaxtında - 1977-ci ildə
Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 13.