Turan Cavidin xatirəsi anılıb

 

   Sentyabrın 12-də Hüseyn Cavidin ev-muzeyində dəyərli muzeyşünas, pedaqoq, mətnşünas və gözəl teatr bilicisi Turan Cavidin anım günü keçirilib.

   Bu münasibətlə muzeydə təşkil edilmiş sərgidə Turan Cavidin ömrünün müxtəlif anlarını əks etdirən fotolar, ona məxsus sənədlər, Hüseyn Cavidin ev-muzeyinin və ədibin Naxçıvandakı məqbərəsinin rəsmi açılışı zamanı çəkilən şəkillər, ailə fotoları nümayiş etdirilib. Tədbir iştirakçıları sərgi ilə yaxından tanış olub, sonra Turan Cavidin fotolarından ibarət slayd-filmə baxıblar.

   Xatirə mərasimində çıxış edən muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Turan Cavidin həyat və yaradıcılığından, atası ilə bağlı xatirələrindən danışıb.

   Tədbirdə muzeyin əməkdaşları Turan Cavidin xidmətlərindən söz açıblar. Muzeyin elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva muzeyin elmi fondunda T.Cavidə məxsus dəyərli eksponatların qorunub saxlanıldığını qeyd edib.

   Böyük ədibin yadigarı Turan Cavid 2004-cü il sentyabrın 12-də vəfat edib, Naxçıvandakı Cavid məqbərəsində dəfn edilib.

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 13.