Gənc alimlərin ideya yarmarkası

 

   Sentyabrın 16-da Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və Gənclər və İdman Nazirliyinin dəstəyi, Milli Elmlər Akademiyası Gənclərin İntellektual İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası”nın açılışı olub.

   Mərasimdə çıxış edən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov tədbirin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq keçirildiyini bildirib. Qeyd edib ki, builki ideya yarmarkasında müxtəlif elmali təhsil müəssisələrindən 203 gənc alim və tədqiqatçı iştirak edir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə elmin inkişafı üzrə dövlət siyasətindən, bu sahədə əldə olunmuş nailiyyətlərdən, gənc alimlərə göstərilən diqqət və qayğıdan danışıb.

   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, layihənin reallaşdırılmasını ölkəmizdə gənclərin innovativ təfəkkür tərzinin formalaşmasına, onların elmi biliklərinin stimullaşdırılmasına yönəlmiş fərqli təşəbbüs kimi qiymətləndirib.

   Sentyabrın 20-dək davam edəcək tədbirə gənc alimlərin 200-dən artıq tezisi təqdim olunub.

 

   Lalə Turan

 

Mədəniyyət.- 2013.- 18 sentyabr.- S. 4.