Reallıq və təxəyyülün ekran həyatı

 

   Kino nəzəriyyəsi tarixindən

  

   Kino yarandığı zamandan daim diqqət mərkəzində olan sənət növü olub. Problemindən uzaqlaşıb başqalarının həyatını ekrandan izləmək imkanını da ilk dəfə kino bəxş edib bəşəriyyətə.

   

   Zaman keçdikdə əyləncə üçün yaranan hərəkətli kadrlar əsl sənətə çevrilib. Maraqlı həyat hadisələri, toqquşmalar, kompozisiya, bədii elementlər, texniki məqamlar, digər sənət növləri - ədəbiyyat, musiqi, rəssamlıq və s. bir araya gətirərək yeni sənət hasil olub. Beləliklə, bəşəriyyətə KİNO gəlir. Elə yarandığı vaxtdan az sonra bu sənət növü öz nəzəriyyəsini yazmağa başlayır.

   Kino nəzəriyyəsi - elmi topludur. Bu toplu tənqid nəzəriyyəsi ilə sıx bağlıdır ki, kinonun mahiyyətini, konseptual əsasını öyrənməyə xidmət edir, digər sənət növləri ilə əlaqəsini, bəhs etdiyi həyat hadisələrini, insanlara təsirini aydınlaşdırır. Nəzəriyyə tənqid deyil. Lakin nəzəri baxımdan oxşarlıqları çoxdur.

   Fransız filosofu Anri Berqson 1900-cü ildən etibarən kinokinematoqrafik nəzəriyyənin inkişafına təkan verib. O, daim yeni düşüncənin - hərəkətli obrazın, “zamanobraz” anlayışlarının yaranması fikrini irəli sürürdü.

   I Dünya müharibəsi illərinin səssiz kinosu kommersiya xarakteri daşıyırdısa, XX əsrin 20-ci illərində Fransa avanqardizmi özü ilə “təmiz kino” anlayışını diktə etməyə başladı. Avanqardistlər Jermena Dülak, Abel Hans, Marsel Erbye, Jan Epşteyn və digərləri “kino impressionizm” cərəyanı ilə kommersiya kinosuna qarşı çıxdılar. İmpressionistlər hesab edirdilər ki, kinematoqraf tamaşaçı ilə öz dilində danışmalıdır, bu ünsiyyət kinonun yalnız özünəməxsus vasitələri ilə həyata keçirilməlidir. Onlar kino nəzəriyyə və estetikasına yeniliklər gətirdilər. O dövrdə kino sənəti, kino obraz, kino ritm haqqında məqalə və kitablar dərc olunmağa başlandı. Bela Balaş, Ziqfrid Krakauer kimi məşhur nəzəriyyəçilər də qeyd edirdilər ki, kino reallıqdan fərqlənir və o yalnız çəkiliş zamanı lentə köçürülən reallıqdan ibarətdir.

   Lakin II Dünya müharibəsi illərində fransız tənqidçi və nəzəriyyəçi Andre Bazen bu nəzəriyyəyə qarşı çıxdı. Kino reallığı olduğu kimi əks etdirən, onu təhrifsiz tamaşaçıya təqdim etməyi bacaran vasitədir, deyərək öncəki nəzəriyyəni inkar etdi. Artıq həmin illərdə kino səsli mərhələsinə qədəm qoymuşduAvropa kinosu inkişafının yeni mərhələsində idi. İtaliya neorealizmi II Dünya müharibəsindən sonrakı illərdə real həyat hadisələrinə, sadə insan taleyinə biganə qala bilmədi. Roberto Rosselini, Vittorio De Sika, Lukino Viskonti kimi rejissorlar bu konsepsiyaya söykənən filmləri ilə dünya kinosuna yeni nəfəs gətirdilər.

   1960-1970-ci illərdə isə kino nəzəriyyəsi akademik mərhələyə çatdı. Artıq 50-ci illərin ikinci yarısında fransız “yeni dalğa”sı, “yeni alman kinosu”, “Doqma 95” mərhələsi başlandı. Psixoanaliz, gender analizi, antropologiya, ədəbiyyatdan gələn nəzəriyyə və s. kinonun yeni mərhələsini yetişdirdi.

   90-cı illərdə rəqəmsal inqilab, texnologiyanın inkişafı kino nəzəriyyəsinə də təsirsiz ötüşmədi. Reallıq konsepsiyası psixoanalitik nöqteyi-nəzərdən təhlil olunmağa başlandı.

   Günümüzdə dünya kinosunda kifayət qədər tanınmış rejissorlar var ki, hər filmi ilə insan psixikasını fərqli tərəfdən açıb göstərməyi bacarır. Lars fon Trier, Roman Polanski, Brayn de Palma, Terrans Malik, Fransua Ozon, İnyarritu Qonzales, Mixael Haneke, Kim Ki Duk, Fateh Akın, Nuri Bilge Ceylan, Möhsün Məxməlbaf və digər dünya şöhrətli rejissorlar reallığımızın psixoloji portretini açırlar.

  

 

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2013.- 9 yanvar.- S. 10.