Litvalı rejissorunYeddi gözəl”i

 

   Yanvarın 12-də Rus Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olundu. Tamaşanın quruluşçu rejissoru Litva Rus Dram Teatrının rejissoru, Litva və SSRİ Dövlət mükafatı laureatı Yonas Vaytkusdur.

  

   Səhnə əsəri maraqlı quruluşu, Nizami fəlsəfəsinin özünəməxsus tərzdə təzahürü ilə yadda qaldı. Tamaşada canlandırılan Nizamı obrazı bir növ hadisəni nəql edir. Lakin bu, sadəcə nəql deyil. Nizaminin fəlsəfəsi, əsərdə qoyulan problemin mahiyyəti burada özünü göstərir. Bəhram Gurun özünüdərki, ali hisslərə çatmaq üçün daim axtarışda olması, hökmdar ədalətinin qorunması məsələləri önə çəkilir.

   Tamaşada müxtəlif ölkələrdən olan yeddi gözəl yeddi rəngin (qara, sarı, qırmızı, yaşıl, firuzəyi, narıncı və ) simvolu kimi təqdim edilir. Onların hər birinin danışdığı ibrətamiz hekayə bir növ Bəhram şahı qaradan ağa doğru aparır, o daxilən təmizlənir. Bununla da Nizami Gəncəvinin qəhrəmanı sonda ali ədalət, təmiz mənəviyyata sahib olur.

   Tamaşanın diqqətçəkən məqamı müxtəlif teatr üslublarının bir araya gətirilməsi ilə eklektik formanın alınması idi. Kölgə, pantomima, kukla teatrı elementlərindən istifadə, səhnədə qurulan fon üzərində bəzən video kadrların, bəzən isə “Yeddi gözəl” kitabından parçaların orijinal mətndə (fars dilində) canlandırılması tamaşanın dinamikasını artırır. Yeddi gözəlin nəql etdiyi ibrətamiz hekayətlər də səhnədə maraqlı təsvirlə yadda qalır.

   Nizami rolunu Əməkdar artist Fuad Osmanov, Bəhram şah rolunu Murad Məmmədov ifa edir. Yeddi gözəli Əməkdar artist Naina İbrahimova, aktrisalar Olqa Arsentyeva, Yeganə Hüseynli, Mariya Duboviskaya, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Milana Mardaxanova canlandırırlar.

   Səhnə əsərinin quruluşçu rəssamı Arturas Şimonis (Litva), geyim üzrə rəssamı Sandra Straukayte (Litva), musiqi tərtibatı Alqirdas Martinaytis (Litva), xoreoqrafiya Tahir Eynullayevdir.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.- 2013.- 16 yanvar.- S. 5.