Unudulmaz sənətkarın yubiley gecəsi

 

Lütfəli Abdullayevin 100 illiyi sənət ömrünü bağladığı Dövlət Musiqili Teatrında qeyd olundu

 

Aprelin 8-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli teatrkino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirildi. Gecəyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin tanınmış teatr, kino xadimləri, sənətsevərlər qatılmışdılar.

Tədbiri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq sənətkarın yaradıcılıq yolundan, teatrkino tarixinə bəxş etdiyi əvəzsiz obrazlardan danışdı: “Azərbaycan aktyorluq sənətinin korifeylərindən olan Lütfəli Abdullayev mənalı ömrü ilə mədəniyyətimizə böyük töhfələr verdi. Onun sənət ömrü 1938-ci ildən taleyini bağladığı Azərbaycan Dövlət Musiqili Teatrında keçdi. Eyni zamanda, kino sənətinin möhtəşəm obrazlarını yaratmağa nail oldu. Lütfəli Abdullayev Nəsibə Zeynalova və Bəşir Səfəroğlu kimi sənətkarlarla əbədi bir üçlük yaratdılar. Onların oynadığı rollar kino tariximizə qızıl hərflərlə yazılmışdır”.

Qeyd olundu ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Lütfəli Abdullayevin 100 illiyi ilə bağlı tədbirlər ilin sonuna qədər davam edəcək. Sentyabrın 19-da Şəkidə ilk dəfə Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuşGülüş günü” keçiriləcək.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Əməkdar incəsənət xadimi Cahangir Novruzov sənətkarın həyat yolundan, yaratdığı obrazlardan, onunla bağlı xatirələrindən söz açdılar.

Musiqili Teatrın səhnəsində sənətkarın adına layiq yubiley gecəsi təşkil olunmuşdu. Lütfəli Abdullayevin oynadığı rollar, yaratdığı obrazlar videoçarxla nümayiş olunurdu.

Səhnədə quraşdırılmış böyük ekran vasitəsilə aktyorlar sanki Lütfəli Abdullayev ilə dialoqa girir, oynadığı rolları bir daha yada salırdılar. Teatrın aktyorları “O olmasın, bu olsun” filmindən parçalar nümayiş etdirdilər. Azərbaycan Dövlət Kukla Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının və digər teatrların kollektivləri də yubiley gecəsi üçün hazırladıqları səhnəcikləri təqdim etdilər.

Teatrın foyesində Lütfəli Abdullayevin həyat və yaradıcılığını əks etdirən fotosərgi də təşkil olunmuşdu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 9 aprel.- S. 3.