Mübariz publisistin ömür yolu

 

Azərbaycan maarifçilik hərəkatının və mətbu fikrinin inkişafında görkəmli publisistictimai xadim Ömər Faiq Nemanzadənin mühüm xidmətləri var. O, XX əsrin əvvəllərində «Molla Nəsrəddin», «Açıq söz», «Tərəqqi», «İrşad», «Həyat» kimi jurnal və qəzetlərdə aktual yazılarla çıxış edərək türk-müsəlman aləminin problemlərinə işıq salıb.

Ömər Faiq Nemanzadə 1872-ci ildə Ahıska qəzasının Azqur kəndində mütərəqqi görüşlü bir ailədə dünyaya göz açıb. İlk təhsilini kənddəki mollaxanada alır. 10 yaşında İstanbula gedərək Fateh mədrəsəsində təhsilini davam etdirir. Bir gün Darüş-şəfəq liseyinin yanından keçərkən yaşıdlarının şən gülüşləri diqqətini çəkir. Xeyirxah insanların yardımı ilə o da həmin liseyə qəbul olunur. 1892-ci ildə liseyi əla qiymətlərlə başa vurur. Qalata poçtteleqraf idarəsində işə düzəlir. Burada dövri mətbuatı izləyir, Avropanın qəzet və jurnallarını oxumaq imkanı əldə edir. Mütərəqqi fikirli tələbələrlə dostlaşır. Amma İstanbulda qala bilmir, yenilikçi ruhlu gənclərə qarşı təqiblər üzündən şəhəri tərk edir.

Rusiyaya qayıdır, 1894-cü ildə Azqura gəlir. Ancaq o, doğma yurdunda da çox qala bilmir. Özünə münasib tapmaq, güzəranını yaxşılaşdırmaq məqsədilə Tiflisə gedir. O zaman burada xeyli ahıskalı yaşayırdı. Ömər Faiq soydaşlarının balalarına Avropa təhsili vermək məqsədilə məktəb açmaq istəyir. Ancaq çar hökumətinin orqanları buna imkan vermir.

O, maarifçi ideyalarını həyata keçirmək məqsədilə Azərbaycana üz tutur. İlk olaraq əyalət şəhəri olan Şəkidə müəllim kimi işə düzəlir. Burada dini xurafatın hökm sürdüyünü görür. Geriliyin səbəbini dini-xurafatda, öz əhəmiyyətini itirmiş bir sıra adət-ənənələrdə axtarır. Onlara qarşı müxtəlif vasitələrlə mübarizə aparır. Bu zaman görkəmli mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundzadənin əsərləri onun köməyinə çatır. Əvvəlcə dramaturqunHekayəti-müsyö Jordan dərviş Məstəli şahpyesini səhnəyə qoyur. Özü tamaşada Müsyö Jordan rolunu oynayır. Bu müddətdə qəflətən xəstələnir. Müalicə olunmaq üçün 1896-cı ildə Gəncəyə gedir. Hacıkənddə olarkən istanbullu Məhəmməd Əfəndi ilə tanış olur. Bu görüş onun həyata baxışlarına güclü təsir edir...

Məktəbdə dini dərslərin tədrisini azaltdığına görə xurafatçıların qəzəbinə tuş gəlir, onukafir Öməradlandırırlar. Şəkini tərk edərək 1900-cü ildə Bakıya gəlir. Ancaq burada münasib bir tapa bilmədiyindən Şamaxıya gedir, xalq məktəbində işə düzəlir. Tarix, coğrafiya, hesab türk dilindən dərs deyir. 1902-ci il yanvarın 31-də Şamaxıda güclü zəlzələ olur. O, yaralansa da, dağıntının altından sağ çıxır. Tiflisə gedərək görkəmli publisist, ictimai xadim Məhəmməd ağa Şahtaxtlının 1903-cü ildə nəşr etdirdiyiŞərqi-rusqəzetində fəaliyyət başlayır. Burada böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadə ilə yaxından tanış olur.

1905-ci ildəŞərqi-rusqəzeti fəaliyyətini dayandırmalı olur. Ö.F.Nemanzadə C.Məmmədquluzadənin təşəbbüsü ilə naxçıvanlı tacir Məşədi Ələsgər Bağırov qəzetin mətbəəsini alır o, “Qeyrətmətbəəsi adı ilə fəaliyyətə başlayırlar. 1906-cı ilin aprelində məşhurMolla Nəsrəddinsatirik jurnalı burada nəşr olunur. Bununla da Ömər Faiq mətbuatda Mirzə Cəlilin ən yaxın silahdaşına çevrilir, demokratik mətbu fikrin inkişafı yolunda böyük səylə çalışırlar. 1906-cı ildə yazdığıMillətpərəstlik zamanıdırməqaləsində müəllif göstərirdi ki, türk milləti arasında oyanışa nail olmaq üçün onun aparıcı ziyalıları vahid cəbhədə birləşməli, millətə təmənnasız yardım etməli, irəli aparmalıdırlar. Bu baxımdan Qafqaz müsəlmanlarının etnik kimliyinin milli dilinin türk olduğunu bəyan edən Ömər Faiq yazırdı ki, min illərdən bəri təqlid etdiyimiz ərəb fars imlasından da imtina edib, türk sözlərimizi türk adlarımızı bərpa etməliyik.

Artıq Ömər Faiq hökumətin nəzərində üsyankar, inqilabi əhval-ruhiyyəli bir ziyalı kimi tanınır. Jurnalda gedən bəzi siyasi məzmunlu yazılara görə sorğu-suala tutulur.

1912-ci ildəİqbalqəzetində dərc olunan bir məqaləsindən sonra Ömər Faiqin 1915-ci ilədək imzası mətbuatda görünmür. Birinci Dünya müharibəsində rus ordusunun törətdiyi vəhşiliklər, türk ordusunun Sarıqamış faciəsi onu mətbuatda həyəcan təbili çalmağa məcbur edir. Onun təşəbbüsü ilə savaşda zərər çəkənlərə Azqur kəndindən yardım toplanır yaralıların müalicəsi üçün kiçik bir xəstəxana açılır.

Qarşıdakı təhlükənin törədəcəyi fəsadları öncədən görən Ömər Faiq ciddi ictimai-siyasi fəaliyyətə başlayır. Xalqı təşkilatlandırmaq üçün çox ciddi səylər göstərir. Bu zaman çar II Nikolayın devrilməsi Qafqazda vəziyyəti ağırlaşdırır. Rus hərbçiləri ermənilərə silah-sursat verir. Lazım gəldikdə özləri onlara qoşularaq müsəlman kəndlərini dağıdır dinc əhalini qəddarcasına qırırlar.

Ömər Faiq məsləkdaşları xalqı qorumaq üçün təşkilatlanır 1918-ci il oktyabrın 29-da “Ahıska hökuməti müvəqqətiadlı bir dövlət qururlar. Hökumət rəhbəri isə Ö.F.Nemanzadə seçilir. Çox keçmir bu müvəqqəti hökumət süqut edir. Nemanzadə həbs edilərək Metex qalasına, Qarsdakı hökumət üzvləri isə Malta adasına sürgün olunur.

Xalqın tələbi təzyiqi ilə yenidən azadlığa çıxan Ö.F.Nemanzadə 1919-cu ilin yayında Bakıya gəlir. Çox böyük həvəslə yeni dövlət quruculuğunda yaxından iştirak edir. 1920-ci ildə Gəncə Ziraət (kənd təsərrüfatı) Texnikumunun direktoru təyin olunur. 1920-1921-ci illərdəZəhmətkeşlərin gözüjurnalının redaktoru, bir müddət sonraYeni fikirqəzetinin redaksiya heyətinin üzvü seçilir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilir.

O, 1923-cü ildə yenidən Azərbaycana qayıdır. 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlir, dərsliklərin hazırlanmasında yaxından iştirak edir.

Hər an təqib ediləcəyini görən istedadlı jurnalist 1927-ci ildə təqaüdə çıxsa da, mübarizəsindən geri çəkilmir. Sovet xüsusi xidmət orqanları onu bir an da olsun nəzarətsiz qoymurlar. 1937-ci ilin iyununda 66 yaşındaSovet hakimiyyəti əleyhinə qurulmuş əks inqilabi millətçi təşkilatın sədrikimi həbs olunur güllələnir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 13.