“Parisdən məktublar”

 

Aprelin 29-da Nizami Kino Mərkəzində görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş “Parisdən məktublar” adlı sənədli filmin təqdimatı keçirildi.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında ekranlaşdırılıb.

Təqdimatda filmin ssenari müəllifi İntiqam Qasımzadə çıxış edərək görkəmli ictimai-siyasi xadimin Azərbaycan tarixi və dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərinin ekran təcəssümünün məsuliyyətli, eyni zamanda şərəfli olduğunu bildirdi. Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətini işıqlandırmağın, gənc nəslə çatdırmağın vacibliyini vurğuladı.

Filmdə Əlimərdan bəy Topçubaşovun həyatının bütün dövrləri, böyüdüyü və təhsil aldığı mühitdə vətəninin azadlığı, müstəqilliyi uğrunda mübarizəsi, “Kaspi” qəzetində və digər mətbu orqanlarda fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və onun müstəqilliyinin dünyada tanıdılmasında tarixi rolu, kəşməkəşli həyat yolu öz əksini tapıb. Nümayəndə heyətinin rəhbəri kimi Paris sülh konfransında Azərbaycanın müstəqilliyinin de-fakto tanıdılmasına çox çətinlik və səbirlə nail olunduğu vurğulanır. Ömrünü vətənin istiqlaliyyəti yolunda fəda etmiş Əlimərdan bəy Topçubaşov 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı ilə barışmamış, bütün mühacirlərlə, o cümlədən Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə əlaqələrini davam etdirərək azadlıq uğrunda mübarizə aparıb. Əlimərdan bəy Topşubaşov 1934-cü ildə Parisdə vəfat edib.

35 dəqiqəlik xronometrajı olan “Parisdən məktublar” sənədli filminin rejissoru Tahir Əliyev, operator Elşən Əliyev, musiqi tərtibatçısı Azər Əsgərov, montajçı Rauf Əliyevdir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 3.