Odlar Yurdunun baharı”

 

Aprelin 25-də ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar Yurdunun baharı” adlı sərgi keçirilib.

Mədəniyyət mərkəzinin, Özbəkistandakı səfirliyimizin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Özbəkistan Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə gerçəkləşən sərgi ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilib. Ekspozisiyada Azərbaycan rəssamlarının akvarel janrında çəkilmiş tabloları nümayiş olunub.

Açılış mərasimində Özbəkistanın tanınmış rəssamları, sənətşünaslar, Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək ölkələrimiz arasında mədəni sahədə əlaqələrdən danışıb, sərgidə əsərləri nümayiş etdirilən rəssamlar haqqında məlumat verib, müasir dövr fırça ustalarının əl işlərinin maraqla qarşılanacağına əmin olduğunu bildirib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov belə tədbirlərin həm Daşkənddə, həm də Bakıda tez-tez keçirilməsinin, bu sahədə əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, sərgidə Nazim Məmmədov, Azad Şıxəliyev, Hafiz Kərimov, İlahə Əliyeva, Humay Axundova, Məmmədhüseyn Hüseynov, Asif Cəfərov, Elşad Hüseynovbaşqa rəssamların 50-yə yaxın tablosu nümayiş etdirilir.

Mərasimdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 8.