Görkəmli bəstəkarın yubileyi qeyd olundu

 

Aprelin 5-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində görkəmli bəstəkar Asəf Zeynallının (1909-1932) 105 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə Mədəniyyət və Turizm İdarəsinin sektor müdiri Bəturə Məmmədəliyeva, musiqi məktəblərinin direktorları iştirak edirdilər.

Əvvəlcə iştirakçılara bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verildi. Bildirildi ki, 1909-cu ildə Dərbənddə dünyaya gələn Asəf Zeynallı kiçik yaşlarından musiqiyə böyük maraq göstərib. Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçüb. O, Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində oxuyub, sonra Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) professional bəstəkarlıq təhsili alıb. Onun musiqiçi kimi yetişməsində dahi Üzeyir Hacıbəylinin böyük rolu olub.

Azərbaycan musiqi tarixində romans janrının yaranması Asəf Zeynallının adı ilə bağlıdır. Bəstəkarın “Fraqmentlər” süitası isə Azərbaycan musiqisində ilk simfonik əsərdir. Asəf Zeynallı ölkəmizdə peşəkar uşaq musiqisinin əsasını qoyub. Bir çox xalq mahnılarını nota köçürüb. Azərbaycan musiqisinə dəyərli töhfələr bəxş edən Asəf Zeynallı yaradıcılığının çiçəklənən dövründə, 1932-ci ildə ağır xəstəlikdən vəfat edib.

Uşaq incəsənət məktəbinin direktoru Elxan Məmmədov ədəbi-bədii gecənin ərsəyə gəlməsində A.Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımovun əməyini xüsusi vurğuladı. Tədbirin təşkilində onun bəstəkara həsr etdiyi kitabdan istifadə olunduğu diqqətə çatdırıldı.

Sonra incəsənət məktəbinin II sinif şagirdləri Maya İsmayıllı (müəllim bəstəkar Nüşabə Muradova) və Əsmər Kərimli (müəllim Məlahət Səmədova) bəstəkarın “Uşaq süitası”nı, skripkaçılar ansamblının ifasında isə “Lay-laypyesi (rəhbər Tatyana Mişel, konsertmeyster Nigar Hacıyeva) səsləndirdilər. Bakı Musiqi Kollecinin tələbəsi Vüqar Məmmədzadə tarda Asəf Zeynalının “Muğamsayağı”, Bakı Musiqi Akademiyasının tələbəsi Fəxri Kazım-Nicat isə “Ölkəm” romansını ifa etdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 9 aprel.- S. 14.