Soyqırımı qurbanlarının xatirəsi anıldı

 

Martın 31-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda zərbaycanlıların Soyqırımı Günü münasibətilə anım mərasimi keçirildi.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinə havadarlıq edən Rusiya imperializmindən və erməni şovinistlərinin qanlı əməllərindən danışdı: Leninin göstərişi ilə Bakıya gələn Stepan Şaumyan neft mərkəzi kimi Bakının ələ keçirilməsinin vacib olduğu tapşırığını almışdı. Onun başçılığı ilə erməni daşnakları Bakıda, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər yerlərdə misli görünməmiş vəhşilik etdilər. Soyqırımının həyata keçirilməsində başlıca məqsəd Bakıda azərbaycanlıların sayını azaltmaq, ümumən ölkəmizdə türk əsilli insanların məhv edilməsi, buradan qovulması və bu torpaqlarda möhkəmlənmək niyyəti dururdu”.

Tədqiqatçı-jurnalist Şöhrət Səlimbəyli Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilmiş soyqırımı siyasətini bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş cinayət kimi xarakterizə etdi: “Ermənilər öz hərəkətləri ilə bütün dünyaya sübut edirlər ki, onlar təkcə insanlığın düşməni deyillər, eyni zamanda mədəniyyətin, tarixi abidələrin də böyük düşmənləridirlər. Onlar bunu hələ o vaxt istifadəyə verilmiş İsmailiyyə binasını, Təzəpir məscidini, “Açıq söz” qəzetinin binasını yandırmaqla sübut etdilər”.

Digər çıxış edənlər də ermənilərin zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışdılar. Vurğulandı ki, mənfur düşmən doğma torpaqlarımızdan çıxarılacaq, qətlə yetirilmiş vətən övladlarının qanı yerdə qalmayacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 2.