Azərbaycan nümayəndə heyəti Kabildə Novruz sammitində iştirak edib

 

Martın 27-də Əfqanıstan İslam Respublikasının paytaxtı Kabildə İslam ölkələrinin ənənəvi Novruz sammiti keçirilib. Tədbirdə Əfqanıstan, İran, Pakistan və Tacikistanın prezidentləri, BMT-nin baş katibinin müavini, eləcə də digər ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.

Sammitdə Azərbaycanı Baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Elçin Əfəndiyev tədbir çərçivəsində Əfqanıstan Prezidenti Həmid Kərzai, İran Prezidenti Həsən Ruhani, Pakistan Prezidenti Məmnun Hüseyn və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Novruz təbriklərini onlara çatdırıb. Azərbaycan nümayəndə heyətinin başçısı həmçinin tədbirdə iştirak edən Qazaxıstan, Türkmənistan və Qırğızıstan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Tədbirdən sonra Elçin Əfəndiyev Əfqanıstandakı Azərbaycan sülhməramlı qüvvələrinin heyəti ilə səmimi görüş keçirib, onları Novruz münasibətilə təbrik edib.

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 3.