Bakıda Qara Qarayevin heykəli

 

XX əsr görkəmli Azərbaycan bəstəkarı və musiqi xadimi Qara Qarayevin yaradıcılığı öz kökləri ilə xalq musiqisinə söykənir və Avropadünya simvolizminin yeni axtarışları ilə çalarlanır. Q.Qarayev mürəkkəb, birmənalı olmayan musiqiçidir. Onun musiqisi ötən əsrin 60-80-ci illərində xüsusilə çətin qavranılırdı, çünki əhalinin musiqi duyumu Qarayevin mürəkkəb, forma və səslənməsinə görə qeyri-adi musiqisini qavramağa hazır deyildi.

Lakin zaman Qarayevin seçdiyi yolun düzgün olduğunu göstərdi, indi onun musiqisi bütün dünyada sevilir. Bununla da o, Azərbaycan musiqisini dünya səviyyəsinə yüksəldərək, D.Şostakoviç, S.Prokofyev, A.Şnitke və başqalarının musiqisi ilə bir sıraya qaldırdı.

Qara Qarayevin heykəli Nizami kino mərkəzinin arxasında, Bakı Musiqi Akademiyasının və bəstəkarın yaşadığı evin yaxınlığındadır. Bəstəkar buradan keçib işə gedər və evə qayıdardı, odur ki, həmin yer heykəl üçün hər cəhətdən uyarlıdır. İş Azərbaycanın Xalq rəssamı heykəltəraş Fazil Nəcəfova və respublikanın Əməkdar memarı Rəhim Seyfullayevə tapşırılmışdı. Beləliklə, iki olduqca istedadlı, müasir düşüncəli, bir-birini işarədən başa düşən yaradıcı şəxsin ittifaqı yarandı.

Fazil Nəcəfov sözün həqiqi mənasında rəssamdır, o, həm gözəl heykəltəraş, həm də rəngkardır, bir çox sənətsevərlər onun kiçik əsərinin belə evlərində olması ilə fəxr edərdilər. Çoxsaylı Azərbaycan heykəltəraşları içərisindən heykəl üzərində işləmək üçün sənətkarın oğlu, istedadlı bəstəkar, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev məhz yaradıcılığı Qara Qarayev musiqisinə daha çox müvafiq gələn Fazil Nəcəfovu seçdi. Qara Qarayev kimi, Fazil Nəcəfov da öz yaradıcılığında novatordur, o da milli cizgiləri dərinliklərdən götürür, onları nəzərə bariz çarpdırmadan avanqard əsərlər yaradır. Onun 20 ildaha əvvəl yaratdığı novatorçu əsərlər bu gün də aktuallıqlarını itirməmişlər. Təsadüfi deyil ki, Bakıdakı Müasir İncəsənət Muzeyinin ekspozisiyalarının xeyli hissəsini məhz F.Nəcəfovun heykəlləri təşkil edir.

Fazil Nəcəfov işə başlamazdan öncə Qara Qarayevin həyat və yaradıcılığını çox diqqətlə öyrəndi. Heykəltəraşın sözlərinə görə, Qarayev musiqisi onun canına hopmuşdur. Bəstəkarın stolüstü kitabı bütün dövrlərin və xalqların böyük əsəri - Servantesin Don Kixotu olmuşdu. O yenidən Q.Kozintsevin Don Kixot filminə baxdı. Filmdə baş rolu gözəl rus aktyoru Çerkasov oynamışdı, filmin musiqisi isə Q.Qarayevindir. Servantesin qəhrəmanı ruhən güclü, fiziki cəhətdən isə zəif olan Don Kixot bütün insanlara sevinc və xoşbəxtlik bəxş etmək istəyir, lakin başa düşür ki, bunu etmək iqtidarında deyil. Əsl rəssam da belədir: insanlara bütöv bir dünya bağışlamaq istəyir, amma yalnız qəlbinin bir hissəsini bağışlayır. Q.Qarayev yaradıcılığına xas olan bu xüsusiyyəti F.Nəcəfov gördü və heykəldə əks etdirdi. O başa düşürdü ki, heykəl mürəkkəb, birmənalı qavranılmayan olmalı, özündə nəsə yeni, qeyri-ənənəvi cizgilər daşımalıdır.

O, çoxsaylı rəsmlər çəkdi, gips modellər düzəltdi, nəhayət, sonuncu variant tapılıb, memarla razılaşdırıldı. Heykəlin miqyası (hündürlüyü 3,5 m) və ətraf mühitdə yerləşmə yeri dəqiq müəyyənləşdirildi. Gözlənilirdi ki, heykəl bir neçə aya hazır olacaq, ehtimal ki, onun oturanya ayaq üstə dayanan fiqur olacağını gözləyirdilər. Lakin həm heykəltəraş, həm də memar öz işlərinə çox məsuliyyətlə və qeyri-standart yanaşan sənətkarlardır. Buna görə də üç il çəkdi. Heykəltəraş qranitdə yalnız bəstəkarın şəxsiyyətini deyil, həm də onun sənətinin mahiyyətini, musiqisini əks etdirməyə çalışdı; musiqi daşdan qoparaq havaya yayılır, meydanın plitələri üzərinə düşərək, Yeddi gözəl baletindən valsın notları şəklini alır - heykəlin ətrafı məhz bunlarla xalça kimi bəzədilmişdir.

Açıq məkanda yerləşən heykəlin öz xüsusiyyətləri var. O, kifayət qədər böyük olmalıdır ki, uzaqdan görünsüneyni zamanda detalları dəqiq işlənilməlidir ki, tamaşaçı onun ətrafına dolanıb hər tərəfdən nəzərdən keçirə bilsin.

Qara Qarayevin heykəli heykəltəraşın oxumağa təqdim etdiyi kitab kimidir. Ona dəfələrlə baxmaq və hər dəfə də yeni şeylər görmək mümkündür. Müəllif heykəli fonlu düzəldib və həmin fona bəstəkarın fiquru yerləşdirilib. Qranitin bütün xüsusiyyətlərindən istifadə etmək, oymanın dərinliyini elə dəqiq müəyyənləşdirmək lazım idi ki, relyeflərin hamısı işıq və kölgənin müxtəlif yönlənməsində oxunsun. Qara Qarayevin fiquru ümumi kompozisiyanın əsasıdır, müəllif bəstəkarın bütün iradə və gücünü məhz onda cəmləmişdir, o, içəridən zahirə çıxmağa cəhd edən ulduz kimi partlayaraq ətrafda hər şeyi işıqlandırır. Yan tərəfdə, bəstəkarın ayaqları yanında köhnə şəhər, çox güman İçərişəhər yerləşir, arxa səth başqa üslubda həll olunmuşdur. Bu, çoxsaylı süjetlərlə işlənmiş böyük səthdir və burada bəstəkarın sevimli qəhrəmanları təsvir olunmuşdur: sağ yuxarı küncdə dəyirmanla vuruşan Don Kixot, aşağıdakı çökəkdə məhəbbət əsiri Məcnun, mərkəzdə aşiq-məşuqu ayıran hər şeyə qadir zamanbir sıra başqa fiqurlar təsvir olunmuşdur. Ən aşağıda, gözə çarpmayan yerdə heykəltəraş öz əllərini və onların arasında imzasını təsvir etmişdi. Bu divar tədricən bir tərəfdən köhnə şəhər mövzusuna, digər tərəfdən isə bəstəkarın fiquruna keçir. Heykəlin fonunun rəngarəng plastik həlli çevrəsi belə tamamlanır...

Memar da çox böyük görmüşdür. Rəhim Seyfullayev Azərbaycanın məşhur memarlarındandır, o, Bakıda Fontanlar meydanının rekonstruksiyasını həyata keçirmiş, şəhərdə xeyli sayda ictimai və yaşayış binalarının, o cümlədən Gənc Tamaşaçılar Teatrı, Samsungun inzibati binası, Nərimanov prospekti və Seyidbəyli küçəsinin kəsişməsində böyük yaşayış binası və bir çox başqalarının memarıdır. Bu onun böyük marağına səbəb olmuşdur. O da Qara Qarayev yaradıcılığının pərəstişkarlarındandır və həmişə şəhər mühiti ilə işə böyük maraq göstərmişdir. Heykəlin qoyulacağı məkan ilkin olaraq çox amorf idi: müxtəlif mərtəbəli tikililər əhatəsində olan keçid sahəsi, Nizami kino mərkəzinin arxa tərəfi... Bu məkanı təşkil etmək, heykəlin ətrafında elə cəmləmək lazım idi ki, heykəl bu məkanın dominantı olsun. R.Seyfullayev heykəli əhatə edən ərazinin səviyyəsini 45 sm. qaldıraraq stilobat yaratdı, onu məhdudlaşdırmaq və ətrafdakı tikililərdən ayırmaq üçün ərazinin perimetri boyunca heykəlin çəhrayı qranitinə uyğun qırmızı çiçəklər açan gözəl ekzotik iynəyarpaqlı ağaclar əkdi. Heykəlin ətrafındakı bütün meydan çəhrayı daşlarla döşənmişdir, özü də daşların bir qismi sürüşkən olmamaq üçün xüsusi işlənmiş, bir qismi isə cilalanmış və onların üzərində notlar həkk olunmuşduronlar heykəlin ətrafında özünəməxsus xalça yaratmışdır. Heykəlin meydançasını ətraf küçələrdən ayırmaq məqsədilə memar perimetr üzrə klaviaturanı andıran formada oturacaqlar düzmüşdür ki, burda formaca gözəl üç iki qara oturacaq növbələşir. Oturacaqlardan artıq insanlar istirahət edireyni zamanda dahi Azərbaycan bəstəkarının heykəlini seyr edirlər.

Deyə bilərik ki, heykəltəraş F.Nəcəfov və memar R.Seyfullayev Bakının yaraşığı olan heykəl yaratmışlar.

 

Rəna Əfəndizadə,

 

Azərbaycanın Əməkdar memarı

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 9.