Milli Kitabxana Teymur Elçinin biblioqrafiyasını hazırlayır

 

M.F.Axundzadə adına Milli KitabxanaAzərbaycanın tanınmış şəxsiyyətləriseriyasından növbəti layihəni - şair, tərcüməçi Teymur Elçinin biblioqrafiyasını hazırlayır. Bu barədə məlumat verən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, Teymur Elçin görkəmli şair olmaqla yanaşı, böyük ürəyə malik Azərbaycan ziyalısı, ictimai xadim idi: “Uzun müddət onunla birlikdə çalışmışam. Teymur Elçinin 90 illiyi münasibətilə Milli Kitabxana olaraq özümüzə borc bildik ki, onun əsərlərinin biblioqrafiyasını hazırlayaq. Onun əsərləri kitabları, dövri mətbuatda çap olunan bütün yazıları, tərcümələri, redaktoru olduğu əsərlər, müsahibələri burada yerləşdiriləcək. Teymur Elçinin şeirlərinə çoxlu sayda musiqilər bəstələnib. Biblioqrafiyada bu mahnılar da öz əksini tapacaq”.

Bundan əlavə Teymur Elçin haqqında yazılan materiallar, kitablar, dissertasiyalar, referatlar da biblioqrafiyaya daxil edilib: “Dünyanın müxtəlif dillərinə tərcümə edilən əsərləri daxil olmaqla şairin ədəbi irsini əhatə etməyə çalışmışıq. Biblioqrafiyanın təqdimatı yaxın günlərdə baş tutacaq”.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 11.